Olimpiya Oyunları və atletlərin cinsi barədə müzakirə

Bu məqalədə
Ötən illərdə Caster Semenya və Dutee Chand adlı 2 qadın atlet medianın güclü maraq mərkəzinə çevrildi və yəqin ki, bu günlərdə keçiriləcək Braziliya 2016 Yay Olimpiadasında da diqqət çəkəcəklər. Hər iki qadın idmançı fərqində olmadan Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) “Hiperandrogenizm” (testosteron) siyasətinin dayandırılmasında mühüm rol oynadı. Yarışçıların “kişiyəbənzər” görünüşü barədə narahatlıqlar vardı və müdaxiləçi media və sosial media bunları daha da artırdı. Mövzu haqqında nüfuzlu JAMA tibb jurnalında yayımlanan yazını sizinlə paylaşmaq istədik.
Semenya ilk dəfə 2009-cu ildə Berlində keçirilən Dünya Oyunlarında 800 metr yarışını asan qazanmaqla diqqət çəkmişdi. Xarici görünüşü rəqiblərini narahat etdiyinə görə cinsi barədə əhatəli tibbi qiymətləndirmə istənildi. Bir neçə ay sonra yarışlara qayıdanda görünüşü dəyişməmişdi və artıq son dərəcə rəqabətcil, seçilən yarışçı olmuşdu. Nəticədə bu hadisə qadın atletlər üçün yuxarı həddi 10 nmol/L (288 ng(dl) müəyyən edilən və qan testosteronuna əsaslanan hiperandrogenizm siyasətinin hazırlanmasına töhfə verdi; əlbəttə, idmançının testosterona həssas olmadığı əvvəlcədən göstərilməyibsə.

Testosterona həssas olmamaq, androgenə həssas olmamaq və ya testikulyar feminizasiya kimi də tanınır. X xromosomuna bağlı resessiv ötürülən genetik sindromdur (Androgen Insensitivity Syndrome). Burada insan kişi, yəni XY genotipli olsa da, hüceyrə səviyyəsində androgen reseptor mexanizminin pozuntusundan testosterona müqavimət vardır və həm tibbi, həm psixososial, həm də hüquqi baxımdan qadın kimi yetişir. Semenyanın vəziyyətinin nə olduğu şəxsi məlumatların məxfiliyi prinsipinə görə açıqlanmamış, lakin qadın kimi yarışlara qatılmasına icazə verilmişdir. Sonra 2011 Dünya Oyunları və 2012 London Olimpiadasında gümüş medal almışdır.
Ümidverici hindistanlı qaçışçı Chand 100 metrdə müxtəlif milli və regional yarışlar qazandı. Onun da rəqibləri oxşar narahatlıq bildirdikdə Hindistan Atletika Federasiyası araşdırmaya başladı. Bundan sonra bioetiklərin dəstəklədiyi Chand Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət etdi. İyul 2015-də 160 səhifəlik geniş iş protokolu ilə hiperandrogenizm siyasəti dayandırıldı və məhkəmə onun xeyrinə qərar verdi. Bu qərar digər idman federasiyalarına da təsir etmişdir. Hiperandrogenizmtestosteron kimi kişi cinsiyyət hormonlarının artıqlığı ilə gedən tibbi vəziyyətdir və reproduktiv yaşdakı qadınlarda, xüsusilə polikistik yumurtalıq sindromu olanlarda tez-tez görülən endokrin pozuntudur.

Daha sonra 25 iyun 2016-cı ildə Chand 100 metr yarışında 11.32 saniyə nəticə ilə 36 ildən sonra Olimpiadaya getmək hüququ qazanan ilk hindistanlı qadın olmuşdur. Lakin bu nəticənin medal qazanmağa kifayət etməyəcəyi görünür.
Digər tərəfdə Semenya ilin ən yaxşı 400 və 800 metr qaçışlarını edərək çox yaxşı Olimpiya hazırlıq ili keçirdi. Rioda əvvəlki performansına çatması gözlənilir və yəqin ki, medianın yaxın izləməsi və başqa idmançıların şikayətləri də davam edəcəkdir. Bəziləri mütləq testosteron hədlərinin yenidən tənzimlənməsinə çağıracaqdır.
Erkən soyuq müharibə dövründə (1945-1966) beynəlxalq idman yarışları Şərq və Qərb Bloku ölkələri arasındakı gərginliyin sanki təmsilçisi oldu. Bu dövrdə sovet bloku idmançılarının qadınsılığı barədə fərziyyələr “çılpaq keçid” adlandırılan və istehza mövzusuna çevrilən anatomik yoxlamaların başlanmasına təkan verdi. Bu iddia və şübhələr nəticəsində 1968 Olimpiya Oyunlarında idmançıların genetik cinsini müəyyən etmək üçün bukkal yaxma (yanağın içindən yaxma nümunəsi) tətbiqinə başlandı. Məhkəmə təbabətində də geniş istifadə olunan bu üsulda hüceyrələrin DNA-sını toplamaq üçün yanağın içindən pambıq uclu çubuqla yaxma götürülür. Məlum olduğu kimi, qadınlar 46-XX, kişilər 46-XY xromosomlarına malikdir. 2 X xromosomunu aşkarlamağa yönələn daha zərərsiz, lakin az etibarlı bukkal yaxma androgenə həssas olmamaq kimi cinsi inkişafa təsir edən genetik pozuntulu gənc qadınları müəyyən etmək üçün tətbiq edilirdi.
İndi cinsi inkişaf pozuntuları adlandırılan vəziyyətin daha yaxşı başa düşülməsi 20 il çəkəcəkdi. 1990-cı ildə Monakoda Beynəlxalq Həvəskar Atletika Federasiyasının təşkil etdiyi seminarda təqdim olunan təklifə görə laboratoriya əsaslı cins müəyyənləşdirmə testləri artıq dayandırılmalı, dopinq testləri isə birbaşa vizual müşahidə altında alınan sidik nümunəsi ilə aparılmalı idi. İştirakçıların başqa təklifi cinsi inkişaf pozuntusu ilə doğulub qadın kimi yetişdirilən insanların xromosomlarından asılı olmayaraq qadın yarışlarına qatılmasına icazə verilməsi idi. Lakin 2000 Avstraliya Yay Olimpiadasına qədər cins müəyyənləşdirən genə yönəlmiş daha spesifik testlər Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən davam etdirilmişdir.
Dəfələrlə yenilənmiş bu siyasətlər qadın yarışlarında potensial olaraq uyğun olmayan insanların açıq araşdırılmasına hələ icazə verir; 2009-cu ildə Semenyanın qəfil ortaya çıxmasından sonra da belə olmuşdur. Hadisə sonradan mediada sensasiya yaratmış, IOC 1990 Monako seminarına bənzər, mövzunun mütəxəssisləri ilə görüş keçirmiş, bundan sonra arbitraj məhkəməsi hiperandrogenizm siyasətini dayandırmışdır.
İdmanda uğur bir çox amildən asılıdır
Ən mühüm amillərdən biri genetik meyillilikdir. Genetika elmi baxımından danışsaq, boy uzunluğu, aşağı bədən çəkisi və idmanda üstünlük verən digər amillər Y xromosomundakı genlərlə idarə olunur. Bu səbəblər cinsi inkişaf pozuntusu olan atletlərin cəmiyyətdə oxşar pozuntulu digər insanlardan daha çox araşdırılmasına gətirib çıxarır.
İdmanda performansı artıran genetik pozuntulardan biri də eritropoetin reseptoru geninin mutasiyasıdır. Nəticədə qanda oksigen daşıyan vahid olan hemoqlobin yüksəlir. Hemoqlobin artdıqca qanın oksigen daşıma qabiliyyəti artır və toxumalara daha çox oksigen gedir. Beləliklə, əzələlər daha gec yorulur və idmançıya əlavə dözümlülük verir. Testosteronu artıran konjenital (anadangəlmə) xəstəliklər də oxşar təsir göstərir. Yarışlara qatılan transgender (gender kimliyi ilə təyin olunmuş cinsin uyğun olmaması = trans insan) atletlərin sayının artması bioloji fərqlərlə performansartırıcı maddə istifadəsini ayırmağı çətinləşdirir. Lakin bu vəziyyət performansartırıcı maddə istifadəsi ilə müqayisədə yüksək paya malik deyil.
İdmanda cinslərarası performans fərqi yüzdə 10 ilə 12 arasındadır. Buna görə bir çox Olimpiya oyununda yarışlar cinsə görə ayrılmışdır. Lakin az inkişaf etmiş ölkələrdən gələn qadın atletlərin bioloji quruluşunun fərq qoyulmadan mediada araşdırılması hiperandrogenizm siyasətinin cins fərqlərini müəyyən etməkdə çox da etibarlı olmadığını göstərmişdir. Buna görə idmanda olan bütün insanlar uğura səbəb olan amillər barədə məlumatlandırılmalıdır. Bu məqsədlə əvvəlki illərdə yayımlanan məqalədə cinsi inkişaf pozuntusu ilə doğulub qız kimi yetişdirilən atletlərin qadınlar kateqoriyasında yarışması tövsiyə edilmişdir.
Mənbələr
The Olympic Games and Athletic Sex Assignment.
JAMA. Published online August 04, 2016. doi:10.1001/jama.2016.11850
2. Bruce Gottlieb, PhD, Lenore K Beitel, PhD, and Mark A Trifiro, MD.
Androgen Insensitivity Syndrome.
GeneReviews®, Last Update: July 10, 2014.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.