Onkologiyanın əsl nəhənglərindən Dr. Jose Baselga 61 yaşında vəfat etdi

Onkologiya dünyası 61 yaşında vəfat etmiş, beynəlxalq şöhrətli onkoloq və xərçəng tədqiqatçısı Dr. Jose Baselga-nın yasını tutur.
Süd vəzi xərçəngində hədəfə yönəlmiş müalicələrin atası
Amerika Xərçəng Araşdırmaları Assosiasiyası Baselga-nın araşdırmalarının süd vəzi xərçəngi olan pasiyentlərin sağqalımında mühüm irəliləyişlər təmin etdiyini bildirir. O, süd vəzi xərçənginin taleyini dəyişən trastuzumab (Herceptin), lapatinib (Tykerb), pertuzumab (Perjeta) və everolimus (Afinitor) kimi dərmanların klinik tədqiqatlarında baş rol oynayıb.
Fransanın Villejuif şəhərindəki Gustave Roussy-nin (Avropanın ən əhatəli xərçəng mərkəzidir) baş direktoru Jean-Charles Soria, "Onkologiyanın əsl nəhənglərindən biri, tanıdığım ən parlaq zəka. Müasir onkologiyanı formalaşdırdı və çoxlu həyat xilas etdi" deyə yazdı. Baselga-nı əsl dost və müəllim adlandırdı və ölüm xəbərini eşidəndə sarsıldığını söylədi.
Baselga İspaniyanın Kataloniya bölgəsinin Barselona şəhərində doğulub. Onkologiya ixtisasından sonra tibb karyerasının ilk illərini Amerika Birləşmiş Ştatlarında keçirib, lakin Vall Hospital d’Hebron-un (1996-2010) onkologiya xidmətinə rəhbərlik etmək üçün Barselonaya qayıdıb. Bu müddətdə Vall d’Hebron Onkologiya İnstitutunu (VHIO) yaradıb.
Dostu, mentoru və eyni zamanda VHIO-nun hazırkı direktoru olan Dr. Josep Tabernero Baselga-nın xatirəsinə yazıb ki, rəhbərlik etdiyi son araşdırma Barselonanı və Vall d’Hebron-u beynəlxalq xərçəng xəritəsinə yerləşdirib və dünyanın ən rəqabətədavamlı mərkəzlərindən birinə çevirib.
Baselga 2010-cu ildə Amerika Birləşmiş Ştatlarına köçdü. Bostondakı Massachusetts General Hospital-da Hematologiya-Onkologiya şöbəsinin rəhbəri idi, daha sonra isə Nyu-York şəhərindəki Memorial Sloan Kettering Xərçəng Mərkəzinin (MSKCC) tibbi direktoru və baş həkimi oldu (2012-2018).
Bununla belə, Propublica və New York Times Baselga-nın The Lancet və The New England Journal of Medicine kimi nüfuzlu tibb jurnallarında yazdığı məqalələrdə dərman şirkətləri ilə maliyyə əlaqələrini açıqlamadığını yazdıqdan sonra o, mübahisəli şəraitdə MSKCC-dən ayrıldı (3.5 milyon dollar məbləğində təzminat alaraq ayrıldığı iddia edildi).
MSKCC-dən istefa verdi. Buraxılan nöqsanların qəsdən olmadığını, lakin bütün məsuliyyəti üzərinə götürdüyünü və nəşrlərdəki maraqlar toqquşması haqqında məlumatları düzəltdiyini söylədi. Bu şirkətlərlə əlaqələrini açıqlamaqda qeyri-ardıcıl olsa da, araşdırmanın və dərc edilmiş tədqiqatların etibarlılığının şübhə altına alınmadığını da əlavə etdi.
Həyatının son 2 ilində AstraZeneca-da onkologiya üzrə tədqiqat və inkişafa cavabdeh vitse-prezident vəzifəsində çalışdı. Şirkətin baş icraçı direktoru Pascal Soriot açıqlamasında bunları söylədi: "Görkəmli elmi lider olan Jose elmi ictimaiyyətdə və burada, AstraZeneca-da qalıcı irs qoyur."
Soriot “Onkologiya üzrə tədqiqat və inkişaf fəaliyyətimizi diqqətəlayiq istiqamətə yönəltdi və Enhertu (trastuzumab deruxtecan) və datopotamab deruxtecan-ın klinik inkişafı üzrə Daiichi-Sankyo ilə əməkdaşlığı dəstəklədi” dedi.
Baselga 2015-dən 2016-ya qədər Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının (AACR) prezidenti vəzifəsində çalışıb.
AACR açıqlamasında “Dr. Baselga-nın ölümünün xərçəng araşdırmaları üçün böyük itki olduğunu” bildirdi.
AACR-nin baş icraçı direktoru Margaret Foti “Xərçəng müalicəsinin əsasını təşkil edən müxtəlif dərmanların klinik sınaqlarında qabaqcıl rol oynayıb. Qayğıkeş onkoloq və bütöv bir həkim və alim nəslini dəstəkləyən müəllim idi. Xərçəng elminə və xərçəng pasiyentlərinə qulluğun yaxşılaşdırılmasına böyük töhfələrinə görə bütün dünyada onun üçün çox darıxılacaq“ deyir.
Sarsıdıcı ölüm xəbəri
Baselga-nın ölüm xəbəri bir çox həmkarını və dostunu sarsıtdı.
İspaniyanın La Vanguardia qəzeti ölüm səbəbinin sürətlə inkişaf edən və həmişə ölümcül olan degenerativ nevroloji pozuntu, Creutzfeldt-Jakob xəstəliyi (CJD) olduğunu bildirdi.
Qəzetdə “Xəstəliyinin diaqnozunu öyrənən kimi həyatının son həftələrini Kataloniyada keçirməyə qərar verdi. La Cerdanya-dakı evində ailəsi yanında olarkən vəfat etdi” deyə yazıldı. Geridə həyat yoldaşını və dörd övladını qoydu.
Tibb tələbəsi olan qızı Clara Baselga-Garriga CJD araşdırmaları üçün GoFundMend səhifəsi yaratdı. “Ən qabaqcıl neyrodegenerativ araşdırmaların ön sıralarında olanlar üçün ianə istəyirik. Ümid edirik ki, bir gün heç bir ailə bu ağrını yaşamayacaq.”
“CJD haqqında elm bir müəmma ilə mübarizə aparır və təəssüf ki, təsirli heç bir müalicə yoxdur” deyə yazdı. Pasiyentlərin simptomların başlanmasından etibarən 3 həftə ilə 6 ay arasında yaşadığını qeyd etdi.
Baselga-Garriga atasının genetik CJD və ya yatrogen CJD-dən (əməliyyat zamanı yoluxmuş alətlərdən və ya çirklənmiş ətdən ötürülən - dəli dana xəstəliyi) fərqli forma olan sporadik CJD-dən öldüyünü də bildirdi. CJD-nin hər il milyonda bir şəxsi təsirləndirdiyini də əlavə etdi.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.