Paris gipsi 1851 – Sümüklərin sağalmasında böyük addım

Bestseller “Harri Potter və Fəlsəfə Daşı” romanında Hoqvartsın xəstəxana qanadına cavabdeh sehrli müalicəçi Madam Pomfrey şagirdin biləyindəki sınmış sümükləri demək olar dərhal birləşdirib bərpa edən sümük sağaltma sehrindən istifadə edir. Kaş adi insanlarda da sümük sınıqlarını sağaltmaq bu qədər asan olaydı!
Minlərlə il ərzində müalicəçilər sümük sınıqlarının bitişməsinə imkan vermək üçün ətrafları hərəkətsiz saxlamağa çalışıblar. Məsələn;
- Qədim misirlilər kətanla sarınmış taxta şinalardan,
- Qədim hindlilər bambuk şinalardan,
- Qədim ərəb həkimləri isə sarğıları sərtləşdirmək üçün dəniz qabıqlarından əldə edilən əhəng və yumurta ağından istifadə edirdilər.
Orta əsrlər Avropasında sümük sınıqları bəzən sınıqçı kimi tanınan şəxslər tərəfindən müalicə edilirdi. Adətən rəsmi tibbi təhsili olmayan baytarlar və ya dəmirçilər olan sınıqçılar sınmış sümükləri əlləri ilə yenidən yerinə yerləşdirirdilər.
Sümüklərin sağalmasında böyük irəliləyiş hollandiyalı hərbi cərrah Antonius Mathijsenin 1851-ci ildə sınmış sümükləri sabitləşdirmək üçün Paris gipsindən istifadə etməsi ilə baş verdi. Kimyəvi adı kalsium sulfat hemihidrat olan Paris gipsi yumşaq mineral olan gipsin (kalsium sulfat dihidratın) qızdırılması ilə yaranır. Paris gipsi adı Fransa paytaxtının yaxınlığındakı böyük gips yataqlarından gəlir. Nəticədə yaranan toza su əlavə edilməsi ekzotermik (istilik ayıran) reaksiyadır və reaksiya nəticəsində kifayət qədər möhkəm maddə əmələ gəlir.
Mathijsen sarğıları isladıb zədələnmiş nahiyəyə sarıdı və sümükləri sağalana qədər yerində saxlayan, uyğun formalı “şina” yaratdı. Mathijsenin işlərindən xəbərdar olan rus həkim Nikolay Pirogov Krım müharibəsi (1853-1856) zamanı müalicə məqsədilə Paris gipsindən istifadə edən ilk şəxs oldu. Pirogov qalın parçaları Paris gipsinə batırıb tətbiqdən dərhal əvvəl isladaraq istifadə edirdi.
Paris gipsi inkişaf etmiş ölkələrdə yüngül şüşə lifli materiallarla əvəz olunduğu 1980-ci illərə qədər geniş istifadə edilmişdir.
Sümük sınığının sağalması kollagen yaratmaq üçün fibroblastlar, qığırdaq yaratmaq üçün xondroblastlar və sümük yaratmaq üçün osteoblastlar kimi tanınan hüceyrələrin birgə fəaliyyəti ilə baş verir.
Yazıdakı şəklin izahı: Gips sarğıları II Dünya müharibəsi zamanı Yaponiya quru minasının partlayışında yaralanmış 163-cü Piyada bölməsindən bir əsgərə tətbiq olunmuşdur. Ortopedik masa Yaponiyaya aid borular, sursat çubuqları və bir avtomobilin ön şüşəsinin parçasından istifadə edilərək hazırlanmışdır.
Yazıda adı çəkilən tarixi şəxslər: Antonius Mathijsen (1805–1878), Nikolay Ivanovich Pirogov (1810–1881)
- Əvvəlki mövzu: Oftalmoskop 1850 – Gözün kainatına açılan qapı
- Sonrakı mövzu: Hipodermik iynə 1853 – Şprisin ixtirası
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.