Prostat xərçənglərində süd vəzi xərçənginə bənzər irsi ötürülmə aşkarlandı

Yeni tədqiqata görə irəliləmiş (metastaz vermiş) prostat xərçənglərində DNA təmir zülallarından olan “BRCA2 , ATM və CHEK2” genlərində irsi mutasiyalar müəyyən edildi. Xəstələrin təxminən %12-sində tapılan bu mutasiyalar süd vəzi, over (yumurtalıq) və mədəaltı vəzi xərçəngindən tanıdığımız irsi ötürülməyə səbəb olan genlərdir.
Nüfuzlu tibb jurnallarından New Englan Jornal of Medicine-də yayımlanan bu tədqiqatda 692 xəstədə 16 təmir genində mutasiya axtarılmış, 82 xəstədə (%11.8) DNA təmir geni mutasiyası tapılmışdır. Məlum olduğu kimi, normal, yəni mutasiyaya (daimi genetik dəyişikliyə) uğramamış DNA təmir genləri hüceyrədə yaranan genetik zədəni təmir edir və xərçəngləşmənin qarşısını alır. Lakin DNA təmir genlərində belə mutasiyalar insanın ömrü boyu çox yüksək ehtimalla xərçənglə qarşılaşmasına səbəb olur. Erkən mərhələli prostat xərçəngində başqa tədqiqatda DNA təmir geni mutasiyalarının göstəricisi %4 ətrafında tapılmışdır. Lakin xüsusilə 4-cü mərhələli, yəni metastaz vermiş xəstələrdə aparılan bu tədqiqatda təmir genlərinin mutasiya göstəricisi erkən mərhələli prostat xərçənglərindən təxminən 3 dəfə çox tapılmışdır.
Bu yeni məlumat bir qrup prostat xərçənginin həm yaranma mexanizmlərini anlamaqda, həm də müalicəsində mühüm inkişaflara səbəb olacaqdır. Həmçinin irsi ötürülmə müəyyən edilən xəstələr və yaxınlarında yeni izləmə və erkən diaqnostika yanaşmalarına yol göstərəcəkdir. Tədqiqatda 72 xəstənin 51-ində (%71) birinci dərəcəli yaxınlarında xərçəng müəyyən edilmişdir və bu, genetik mutasiya daşımayan qrupdan nəzərəçarpacaq yüksəkdir.
DNA təmir genində mutasiyaya bağlı yaranan over (yumurtalıq) xərçəngində PARP inhibitoru (təsirini bloklayan) adlandırılan dərmanlar effektiv olmuşdur. Bununla yanaşı oxşar mutasiyalara bağlı süd vəzi xərçəngində platin adlandırılan kimyaterapiya dərmanları çox effektiv olmuşdur. Oxşar dərmanlar prostat xərçənginin bu növündə də ümid ola bilər.
Gələcəkdə prostat xərçəngində bu mühüm kəşfin xəstələrimizə əhəmiyyətli faydalar verəcəyi aydındır. Biz də bu sahədəki inkişafları yaxından izləyəcəyik.
Mənbələr
Inherited DNA-Repair Gene Mutations in Men with Metastatic Prostate Cancer.
NEJM, July 6, 2016DOI: 10.1056/NEJMoa1603144
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.