Qeyri-kiçik hüceyrəli ağciyər xərçəngində cərrahiyyədən əvvəl kimyaterapiya tətbiqi ömrə təsir edirmi?

Ötən günlərdə “The Lancet Oncology” jurnalında dərc edilmiş tədqiqatda qeyri-kiçik hüceyrəli ağciyər xərçənglərində cərrahiyyədən əvvəl tətbiq olunan kimyaterapiyanın sağqalım göstəricilərinə təsiri araşdırılmışdır. Nəticələr təhlil edildikdə cərrahiyyədən əvvəl tətbiq olunan kimyaterapiyanın 5 illik sağqalım göstəricilərində %5 artım təmin etdiyi, həmçinin cərrahiyyədən sonra xəstəliyin təkrarlanmasını da gecikdirdiyi müəyyən edilmişdir.
Ağciyər xərçəngi ağciyərlərin birində və ya hər ikisində hüceyrələrin anormal və nəzarətsiz çoxalaraq kütlə (şiş) yaratmasıdır. Ağciyər xərçəngləri hüceyrələrin mikroskop altında görünüşünə görə kiçik hüceyrəli ağciyər xərçəngi və qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olmaqla 2 əsas qrupa ayrılır. Kiçik hüceyrəli ağciyər xərçəngi daha nadir görülən (%25), olduqca sürətli gedişli və çox vaxt hətta cərrahi müdaxilənin aparıla bilmədiyi qrupu təşkil etdiyi halda, qeyri-kiçik hüceyrəli ağciyər xərçəngləri daha çox görülən (%75) qrupu təşkil edir. Bu insanlarda xəstəlik çox irəliləyibsə, cərrahi müdaxilə mümkün olmur və yalnız həyatın uzadıla bilməsi üçün radioterapiya, kimyaterapiya kimi üsullar tətbiq edilə bilir. Amma xəstəlik çox irəliləməyibsə, tətbiq olunan əsas müalicə strategiyası cərrahi müdaxilə ilə şişli toxumanın çıxarılmasıdır. Sonra isə bəzi hallarda bir müddət radioterapiya və/və ya kimyaterapiya tətbiq edilərək gözlə görə bilmədiyimiz hüceyrələrin məhv edilməsi ilə şişin təkrarlanmasının qarşısı alınmağa çalışılır. Lakin buna baxmayaraq, hətta bu xəstələrdə də cərrahiyyədən sonra 5 illik sağqalım göstəriciləri istənilən səviyyədə deyil. Buna görə ömrü mümkün qədər uzatmaq və sağqalım göstəricilərini artırmaq üçün yeni müalicə strategiyalarına ehtiyac var.
Cərrahiyyədən sonra tətbiq olunan kimyaterapiyanın qeyri-kiçik hüceyrəli ağciyər xərçənglərində sağqalım müddətlərini uzatdığı bir çox tədqiqatda göstərilmişdir. Lakin cərrahiyyədən əvvəl verilən kimyaterapiya müalicəsinin bu təsiri mübahisəlidir. Çünki cərrahiyyədən əvvəl verilən kimyaterapiya bəlkə şişi kiçildə, yayılmasının qarşısını ala və şişi əməliyyata daha uyğun hala gətirə bilər, lakin kimyaterapiya təsirli olmazsa, əməliyyatı gecikdirə və bəlkə də şiş bu müddətdə əməliyyat edilə bilməyəcək hala gələ bilər. Bu məqamda sözügedən ehtimallar qiymətləndirilərək cərrahiyyədən əvvəl tətbiq olunan kimyaterapiyanın üstün olub-olmadığı ortaya qoyulmalıdır. Ötən günlərdə “The Lancet Oncology” jurnalında dərc edilmiş tədqiqatda qeyri-kiçik hüceyrəli ağciyər xərçənglərində cərrahiyyədən əvvəl tətbiq olunan kimyaterapiyanın sağqalım göstəricilərinə təsiri araşdırılmışdır.
Bu tədqiqat son illərdə bu mövzuda dərc edilmiş, qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan 2385 xəstəyə aid məlumatları əhatə edən 15 ayrı tədqiqatın məlumatlarının toplanıb təhlil edilməsi üsulu ilə aparılmışdır. Bu tədqiqatda yalnız cərrahi müalicə alanlarla cərrahiyyədən əvvəl kimyaterapiya müalicəsi alan xəstələr müqayisə edilmişdir. Nəticələr təhlil edildikdə cərrahiyyədən əvvəl tətbiq olunan kimyaterapiyanın 5 illik sağqalım göstəricilərində %5 artım təmin etdiyi görülmüşdür. Həmçinin cərrahiyyədən sonra xəstəliyin təkrarlanmasını da gecikdirdiyi müəyyən edilmişdir.
Nəticə olaraq, bu tədqiqat qeyri-kiçik hüceyrəli ağciyər xərçəngində cərrahiyyədən əvvəl tətbiq ediləcək kimyaterapiya müalicəsi ilə 5 illik sağqalım göstəricilərinə %5 töhfə verilə biləcəyini göstərir. Bu göstərici ilk baxışda bir qədər aşağı görünə bilər. Lakin ömrün bu qədər qısa olduğu xəstəlikdə bu müddətləri uzatmaq üçün əldə edilən hər inkişaf böyük əhəmiyyət daşıyır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.