Qocalan xərçəng hüceyrələri bir-birini yeyərək sağ qalmağa davam edir

Xərçəng hüceyrələri, sağ qalmaq üçün bir-biri ilə rəqabət aparır. Enerji və qida maddələrinə böyük ehtiyac duyduqları üçün kannibalizm adlı davranış göstərirlər. Sentyabr 2019-cu ildə Journal of Cell Biology adlı elmi jurnalda dərc edilmiş tədqiqata görə xərçəng hüceyrələri ətraflarındakı digər xərçəng hüceyrələrini "yeyərək" kimyaterapiyadan sonra sağ qalırlar. Xərçəng hüceyrələrinin göstərdiyi "kannibalizm" şişin residivinə (təkrarlanmasına) lazım olan enerjini təmin edir.
Doksorubisin kimi kimyaterapiya dərmanları xərçəng hüceyrələrinin DNA-sını zədələyərək onları məhv etməyə çalışır. Lakin bəzi xərçəng hüceyrələri kimyaterapiyadan sonra sağ qalaraq şişin təkrarlanmasına səbəb olur. Süd vəzi xərçəngində bu, p53 genininhələ fəal olmasından qaynaqlanır. Xərçəng hüceyrələri kimyaterapiya mənşəli DNA zədəsindən ölmək əvəzinə çoxalmanı dayandıraraq yuxu vəziyyətinə keçir (baxın yatan xərçəng hüceyrələri). Yuxudakı bu xərçəng hüceyrələri çox miqdarda iltihabi molekul istehsal edərək şiş böyüməsini dəstəkləyir. Buna görə normal p53 geni olan süd vəzi xərçəngi xəstələri kimyaterapiyadan sonra şişin təkrarlanması riski daşıyır.
Tədqiqatda, doksorubisin kimi kimyaterapiya dərmanlarının süd vəzi xərçəngi hüceyrələrinin çoxunu öldürdüyü, öldürə bilmədiklərini isə zədələyərək onların yuxuya keçməsini və ətrafdakı xərçəng hüceyrələrini yeməsini tətiklədiyi görüldü.
Bu hal laboratoriyadakı hüceyrələrlə yanaşı şişli siçan modellərində də müşahidə edildi. Həmçinin ağciyər və sümük xərçəngi hüceyrələrinin də kannibalizm davranışı göstərdiyi kəşf edildi.
Tədqiqat ABŞ-ın Tulane Universitetində aparıldı. Yuxudakı xərçəng hüceyrələrinin müəyyən genləri aktivləşdirdiyi görüldü. Bu genlərin normalda ağ qan hüceyrələrində fəal olduğu və onların mikrobları və ya hüceyrə tullantılarını məhv etməsində rol oynadığı müəyyən edildi. Həmçinin bu davranışın yuxudakı xərçəng hüceyrələrini daha uzun sağ saxladığı görüldü. Xərçəng hüceyrələri digər xərçəng hüceyrələrini məhv edərək lazım olan enerji və qidanı təmin edir, şişin təkrarlanmasına səbəb olur.
Bəs bu tədqiqat bizə nə deyir?
- Xərçəng hüceyrələrinin müalicədən sonra sağ qalmaq üçün ətraflarındakı digər xərçəng hüceyrələrini yediyi kəşf edildi.
- Hüceyrə kannibalizmi xərçəngin 11. əsas xüsusiyyəti ola bilər. Bu hadisəni hədəfləyən yanaşmalar təsirli xərçəng müalicəsi təqdim edə bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.