Məzmuna keç
Prof. Dr. Mustafa Özdoğan · Tibbi onkologiya mütəxəssisi

Sizin üçün hansı xərçəng müalicəsinin doğru olduğuna necə qərar verməlisiniz?

Sizin üçün hansı xərçəng müalicəsinin doğru olduğuna necə qərar verməlisiniz?

Xərçəng diaqnozu sizin üçün çətin bir prosesin başlanğıcı ola bilər. Bu prosesdə xərçəng müalicəniz haqqında məlumat əldə edin və tətbiq oluna biləcək müalicə strategiyalarının müsbət və mənfi cəhətlərini həkiminizlə birlikdə qiymətləndirərək qərar verin.

Xərçəng diaqnozu qoyulan xəstənin zehnində uzun bir sual siyahısı yaranacaq:

  • Xəstəliyim hansı mərhələdədir?
  • Müalicə seçimlərim hansılardır?
  • İkinci rəy almalıyam?
  • Harada müalicə almalıyam?
  • Müalicə müddətində özümü necə hiss edəcəyəm? kimi bir sıra sualların cavabını tapmağa çalışan xəstə müalicə qərarına təsir edən bəzi amilləri anlamağa çalışacaq. Xərçəng diaqnozu qoyulan xəstə özü üçün uyğun müalicə seçiminə həkimi ilə birlikdə qərar verməlidir.

Xərçəng müalicəsində seçimlər fərqlənir. Müalicələrdə vahid yanaşma olmadığı üçün xəstələr ehtiyacları və üstünlükləri barədə həkimləri ilə daim əlaqə saxlamalıdırlar.

Xərçəng diaqnozunu anlamaq vacibdir

Bir çox xərçəng növü inkişaf xüsusiyyətlərinə görə öz daxilində fərqlənir. Aparılan tədqiqatlar bu fərqlərə əsasən müxtəlif müalicə üsullarından istifadə edilməli olduğunu sübut etmişdir. Məsələn; döş xərçəngi, estrogen hormonuna həssas, estrogen hormonuna həssas və eyni zamanda HER2 reseptoru daşıyan, estrogen hormonuna həssas olmayan və HER2 reseptoru daşıyan və estrogen hormonu ilə HER2 reseptoru daşımayan olmaqla 4 qrupa bölünür. Bu o deməkdir ki, bir qadın xəstədə müşahidə edilən döş xərçəngi digər qadın xəstədə müşahidə edilən döş xərçəngindən fərqli xarakterik xüsusiyyətlərə malikdir. Bu fərqlər və sizdə olan döş xərçənginin quruluşu haqqında həkiminizdən daha ətraflı məlumat alaraq, sizə uyğun tətbiq ediləcək dərman müalicələrini və ya prosedurları daha yaxşı başa düşə bilərsiniz. Bundan əlavə, bir çox xərçəng növündə xəstəliyin mərhələsi vacibdir. Tətbiq edilən testlərlə xərçəng növlərində alt qruplar müəyyən edilə bilər, hədəfli dərmanların təsirli olub-olmayacağı gen ifadəsinin forması və ya mümkün gen mutasiyasınınmövcudluğu kimi amillər qiymətləndirilərək müəyyən edilə bilər və xəstəyə fərdiləşdirilmiş müalicələr təklif oluna bilər.

Xərçəngin dərəcəsi və mərhələsi

Xərçəngin mərhələsi yayılma sahəsinə və ölçüsünə görə müəyyən edilir. Bir çox xərçəng növündə mərhələ TNM mərhələləndirmə sistemi istifadə edilərək qiymətləndirilir. “T” hərfi birincili şişin ölçüsünü və yaxın toxumalara yayılmasını; “N” hərfi xərçəngin limfa düyünlərinə yayılmasını; “M” hərfi isə xərçəngin bədənin uzaq nahiyələrinə yayılmasını qiymətləndirir. Mərhələlər 0-dan IV-ə qədər nömrələnə bilər. Rəqəm nə qədər yüksəkdirsə, xərçəng bir o qədər böyük və/və ya yayılmış deməkdir. Xərçəngin müxtəlif mərhələləndirmə sistemləri və ya müxtəlif ifadə üsulları vardır. Bu, həkiminizə sizdə diaqnoz qoyulmuş xərçəngin mühüm xüsusiyyətlərini anlamağa kömək edəcək. Xərçəngin mərhələsi müxtəlif müalicə qərarlarının qəbul edilməsinə istiqamət verə bilər. Məsələn, xüsusilə bərk orqan xərçəngləri adlandırdığımız solid şişlərin (ağciyər, prostat, mədə, qaraciyər və döş xərçəngləri kimi) erkən mərhələ adlandırılan I və II mərhələlərində xəstə asanlıqla əməliyyat oluna bilər. Əməliyyat şansı olan xəstələrdə qərar xəstəliyin yayılma dərəcəsinə baxılaraq verilir. Lakin III mərhələ xərçənglərin bir qismində xəstəyə birbaşa əməliyyat şansı təqdim edilə bilməz. Əməliyyatın uğurunu artırmaq üçün əvvəlcədən bəzən kimyaterapiya, bəzən şüa terapiyası ilə eyni vaxtda kimyaterapiya, bəzən də ağıllı dərman müalicələri tətbiq etmək mümkündür (neoadjuvant = kiçildici müalicə). Məhz burada, xüsusilə əməliyyat şansı olan xəstələr ətraflı şəkildə müayinə edilərək xərçəngin düzgün müəyyənləşdirilməsi lazımdır. Düzgün mərhələləndirmə əməliyyat şansı olan və ya əsas müalicəsi şüa terapiyası olan xəstələr üçün vacibdir. Buna görə də müalicə strategiyalarının əsas müəyyənedicisi olan mərhələləndirmə sistemini çox yaxşı anlamaq lazımdır.

Xərçəngin dərəcəsi (patologiya hesabatlarında adətən grade kimi ifadə edilir) xəstəliyin ümumi qiymətləndirilməsində mühüm rol oynayır. Dərəcə xərçəng hüceyrəsinin mikroskop altında nə qədər anormal göründüyünü ifadə edir. Müxtəlif xərçəng növlərinin fərqli dərəcələndirmə sistemləri ola bilər. Lakin bütün yüksək dərəcəli xərçəng hallarının xərçəng hüceyrələri olduqca anormal (normal hüceyrələrdən çox fərqli) görünür. Yüksək dərəcəli şişlər aşağı dərəcəli şişlərlə müqayisədə daha aqressiv ola bilər və fərqli müalicələr tələb edə bilər.

Xərçəngdə gen ifadəsinin forması

Bəzi xərçəng növlərində şişdəki gen fəaliyyətinin forması xərçəngin necə davranacağı barədə məlumat verir. Oncotype DX döş, prostat və yoğun bağırsaq xərçəngi testlərində götürülmüş şiş toxuması nümunəsində bəzi genlərin dəyişiklikləri qiymətləndirilir və xərçəngin təkrarlanma və ya aqressivlik dərəcəsi haqqında məlumat əldə edilir. Bu testlərə əsasən təkrarlanma ehtimalı yüksək olan xərçəng növləri müəyyən edilə bilər və ehtimalın daha aşağı olduğu xərçəng növləri ilə müqayisədə daha aqressiv müalicə qərarının qəbul edilməsi təmin oluna bilər.

Mutasiyalar

Bəzi gen mutasiyaları xərçəngin davranışına təsir edir. Gen mutasiyası olan xərçənglərə qarşı təsiri sübut edilmiş çoxsaylı inkişaf etmiş hədəfli müalicələr mövcuddur. Məsələn, BRAF genində mutasiya daşıyan irəliləmiş mərhələli melanoma (dəri xərçəngi) BRAF və ya MEK inhibitorları kimi tanınan dərmanlarla müalicə edilə bilər. Eyni şəkildə, ALK genində anormallıq aşkar edilən irəliləmiş mərhələli kiçik hüceyrəli olmayan ağciyər xərçəngində bu gen anormallığını hədəfləyən və müsbət cavab alınan ağıllı dərman müalicələri mövcuddur. Bəzi hallarda xərçəngdə aşkar edilən gen mutasiyası hansı müalicənin təsirli olub-olmayacağı barədə məlumat verə bilər. Məsələn, kolorektal xərçəngdə KRAS gen mutasiyası aşkar edilərsə, bəzi hədəfli müalicələr tövsiyə edilmir. Döş xərçəngində hormon reseptoru və HER2 statusu yoxlanılır. Bu testlərin nəticəsinə əsasən tamoksifen və aromataz inhibitorları ilə hormon müalicəsinə və ya trastuzumab (Herceptin®) ilə HER2-hədəfli müalicəyə qərar verilir.

Sizi müalicə edəcək həkimi və səhiyyə komandasını seçmək

Xərçəng diaqnozundan sonra yaşadığınız ərazidə etibarlı həkim və səhiyyə komandası ilə danışmağınız sizi müalicə edəcək şəxsləri müəyyənləşdirməyə kömək edəcək. Beləliklə, müraciət etdiyiniz ərazidəki onkoloq sizi sözügedən xərçəng növü üzrə ixtisaslaşmış başqa bir onkoloqa yönləndirərək kömək edə bilər və ya müalicənizi aparan həkiminiz əməliyyat və sonrasında ehtiyacınız olan digər müalicələri tövsiyə edə bilər.

Sizə diaqnozu qoyulmuş xərçəng növü üzrə ixtisaslaşmış və ya həmin xərçəng növü olan çoxsaylı xəstələri müalicə etmiş həkimə müraciət etməyiniz ən yaxşı müalicəni almağınıza kömək edə bilər. Həkimin sözügedən xərçəng sahəsində ixtisaslaşması və ya həmin xərçəng növü üzrə çoxsaylı xəstələri müalicə etməsi sizdə rast gəlinən nadir xərçəng növünün müalicəsində faydalı olacaq, mürəkkəb və ya kök hüceyrə transplantasiyası kimi yüksək risk daşıyan müalicələr tələb olunduqda daha sürətli həll yollarının tapılmasına zəmin yaradacaqdır. Vəziyyətdən asılı olaraq, başqa şəhərdə yerləşən və ixtisaslaşmış onkoloqun çalışdığı xəstəxanaya və ya xərçəng mərkəzinə getməyiniz lazım gələ bilər. Müalicə planınız hazırlandıqdan sonra verilən randevulara uyğun olaraq vaxtaşırı gedib-gələrək mütəxəssisinizlə müalicənizi davam etdirməyiniz mümkündür.

Sizi rahat hiss etdirəcək tibbi heyəti seçməyiniz xərçəng müalicənizi asanlaşdıracaqdır. Ünsiyyəti güclü olan tibbi heyət bəzən yalnız peşəkar bacarıqlara malik olan heyətdən daha çox fayda verə bilər. Bəzi xərçəng xəstələri tibbi heyətlə münasibətlərini rəsmi iş münasibəti yanaşması ilə davam etdirərkən, bəzi xəstələr onlara qulluq edən və qayğı göstərən, isti münasibət qura biləcəkləri tibbi heyətə üstünlük verəcəklər.

Müalicə Seçimlərini Anlamaq

Xərçəngin yerləşməsindən və inkişafından asılı olaraq müalicə regional (bədənin müəyyən bir nahiyəsi) və ya sistemik (bütün bədən) şəkildə tətbiq olunur. Cərrahi müdaxilə, radioterapiya və intervensional radioloji üsullar (RFA, nanoknife, mikrodalğa, kriyoablasiya, embolizasiya, mikrosferlər) regional müalicələrdir. Bununla yanaşı, xərçəng müalicəsində istifadə olunan bir çox dərman sistemik müalicə adlandırılır. Vəziyyətinizdən asılı olaraq yalnız regional müalicə, yalnız sistemik müalicə və ya hər iki üsul birlikdə tətbiq oluna bilər.

Həkiminizlə birlikdə müalicə planını hazırlayarkən müalicədən sonra xəstəliyinizin gedişi, planlaşdırılan müalicənin müddəti, müalicə olunacağınız yer, müalicənin uzunmüddətli və qısamüddətli yan təsirləri və bu yan təsirlərlə mübarizə üsulları barədə soruşun və sizi düşündürən heç bir sualın cavabsız qalmadığından əmin olun.

Bəzi xərçəng müalicələri uşaq sahibi olmaq qabiliyyətini azalda və ya tamamilə aradan qaldıra bilər. Hələ uşaq sahibi olmamısınızsa və ya gələcəkdə uşaq sahibi olmağı planlaşdırırsınızsa, yumurtalıq/sperma saxlama üsulları ilə bağlı seçimləri həkiminizlə müzakirə edin.

Bütün bu sualların cavablarını almaq, müəyyən bir xərçəng növündə yalnız bir standart müalicə üsulu tətbiq olunacaq olsa belə, sizə kömək edəcəkdir. Birdən çox müalicə seçimi təqdim edilibsə, bu cavablar daha da əhəmiyyətli olacaqdır. Məsələn, yalnız bir müalicə üsulunun tətbiqi xərçəngin təkrarlanma riskini müəyyən dərəcədə azalda bilər. Lakin bu tək müalicə üsulunun daha ciddi yan təsirləri ola bilər. Məhz bu cür məlumatlar sizin üçün nəyin daha yaxşı olacağına qərar verməyinizə kömək edəcəkdir.

Bundan əlavə, müalicənin məqsədini başa düşməyiniz vacibdir. Erkən mərhələli xərçənglərdə məqsəd, əsasən, xərçəngi tamamilə müalicə etməkdir. Daha irəliləmiş mərhələli xərçənglərdə isə məqsəd xərçəngin xarakterik xüsusiyyətlərindən asılı olaraq dəyişəcəkdir. Bəzən xəstə xərçəngi tamamilə aradan qaldırmaq məqsədilə müalicə edilə bilər, lakin bu, həmişə mümkün olmur. Bəzən isə müalicənin məqsədi irəliləmiş mərhələli xərçəngin inkişafını yavaşlatmaq və ya simptomları azaltmaqla xəstənin həyat keyfiyyətini mümkün qədər yaxşılaşdırmaqdır. Xərçəng müalicəsinin məqsədlərini həkiminizlə müzakirə etməyiniz hansı müalicəni və hansı növ yan təsirləri qəbul edə biləcəyinizə qərar verməyinizə kömək edə bilər. Həkiminizlə görüşərkən bunu unutmayın: hansı müalicənin tətbiq olunacağı sizdən asılıdır.

Mənəvi Dəstək və Xəstəliyinizlə Bağlı Proses Haqqında Məlumatlı Olmaq

Həkiminizlə görüşlərə sizinlə birlikdə gələn dostunuz və ya ailə üzvünüz sizə mənəvi dəstək verəcək, xəstəxana işləri ilə məşğul olaraq sizə kömək edəcəkdir. Tibbi heyətinizə verəcəyiniz sualları görüşdən əvvəl hazırlamağınız və görüş zamanı bu sualların cavablarını almaq istəməyiniz, tibbi heyətinizə öz vəziyyətinizlə yaxından maraqlandığınızı, xəstəliyiniz barədə məlumatlı olduğunuzu və prosesi izlədiyinizi göstərməyə imkan verəcəkdir.

İkinci Rəy Almaq

Həkim və ya müalicə planı seçilərkən bir çox xərçəng xəstəsinin atdığı digər addım, öz sahəsində ixtisaslaşmış başqa bir həkimdən ikinci rəy almaqdır. İkinci rəy almaq tibbin hər sahəsində baş verən mürəkkəb və çoxsaylı müalicə seçimlərindən biridir. İkinci rəy almaq xərçənginiz və müalicə seçimləriniz barədə daha çox məlumat əldə etməyinizi təmin edəcək, şübhə və narahatlıqlarınızı yenidən aradan qaldıraraq sizi rahatlaşdıracaqdır. Hər iki ixtisaslı həkimin eyni müalicə planı ilə razılaşması müalicə seçiminizlə bağlı özünüzü daha güvənli hiss etməyinizə kömək edəcəkdir. İxtisaslı həkimlər müalicə planı barədə fikir ayrılığı yaşasalar, müalicə seçimlərinin yenidən və daha ətraflı nəzərdən keçirilməsi üçün yeni imkan yaranmış olur. Bu mərhələdən sonra özünüzü daha rahat hiss etdiyiniz müalicə planını və həkimi seçə bilərsiniz.

Klinik Tədqiqatları İzləmək

Klinik tədqiqatlar, mümkün yeni müalicə seçimlərini hazırlayan elmi tədqiqatlardır. Bu tədqiqatlarda yeni və ya dəyişdirilmiş xərçəng dərmanlarının təsiri və təhlükəsizliyi sınaqdan keçirilir, yeni dərman dozaları müəyyən edilir, cərrahi müdaxilə və ya radioterapiya tətbiqlərində yeni yanaşmalar və müxtəlif müalicə kombinasiyaları araşdırılır. Dünyada xərçəng müalicəsində istifadə olunan bütün yeni məhsullar zəruri elmi tədqiqatlarla qiymətləndirilir, təhlükəsizliyi və xəstəyə faydası sübut edildikdən sonra istifadəyə təqdim olunur.

Aparılan elmi tədqiqatlar bir çox xərçəng növü və mərhələsi, xüsusilə də standart müalicələrə kifayət qədər cavab verməyən xərçəng növləri üçün əhəmiyyətlidir. Bu tədqiqatlarda iştirak etmək xəstəliyinizin yaxından izlənilməsinə və ümidverici müalicə ilə məlumatın ilk növbədə sizə çatmasına imkan verir. Mənfi cəhəti isə tədqiqat mərhələsində olan yeni müalicənin gözlənildiyi qədər təsirli olmaması ehtimalı və müalicənin gözlənilməz yan təsirləridir. Klinik tədqiqatda iştirak etməyi düşünürsünüzsə, həkiminizə və tibbi heyətinizə müraciət edərək onların sizin adınızdan sözügedən tədqiqatın mümkün faydalarını və risklərini nəzərdən keçirmələrini təmin etməyiniz məqsədəuyğun olar.

Xərçəng diaqnozu sizin üçün çətin bir prosesin başlanğıcı ola bilər. Əziz oxucularım, bu prosesdə həkiminizin və tibbi heyətinizin dəstəyini almağınız çox vacibdir. Bütün müalicə prosesi ərzində və müalicə başa çatdıqdan sonra həyatınıza təsir edəcək məsələlər barədə məlumatlı olun. Müalicəniz davam edərkən və müalicədən sonra həyat keyfiyyətinizi yaxşılaşdıracaq şəkildə davranın və həkiminizin tövsiyələrinə əməl edin. Bu dövrdə sağlam qərarlar qəbul edə bilməyiniz üçün özünüzə vaxt verin. Lakin bəzən müalicəyə dərhal başlamaq lazım gələ bilər. Belə bir vəziyyətdə müalicə planınızı düşünüb qərar vermək üçün nə qədər vaxtınız olduğunu həkiminizdən soruşun və aldığınız cavaba uyğun hərəkət edin. Düzgün ünsiyyət, sevgi dolu yanaşma, nikbinlik və soyuqqanlılıqla xərçəngin öhdəsindən gəlməyiniz həqiqətən mümkündür.

Görüş sorğusu

DROZDOGAN SÜNİ İNTELLEKT

Bu məqaləni birlikdə araşdıraq

Məqalə haqqında sual verin və cavabları saytımızdakı yayımlanmış mənbələrlə birlikdə oxuyun.

DROZDOGAN SÜNİ İNTELLEKT

Drozdogan Köməkçisi

Sizin üçün hansı xərçəng müalicəsinin doğru olduğuna necə qərar verməlisiniz?

Məqalə haqqında sual verin və cavabları saytımızdakı yayımlanmış mənbələrlə birlikdə oxuyun.

Söhbət və məxfilik məlumatı

Bu söhbətə Drozdogan Köməkçisi cavab verir. Səlahiyyətli sayt idarəçiləri onu keyfiyyət üçün nəzərdən keçirə bilər. Şəxsi məlumat paylaşmayın.

Cavablar OpenAI infrastrukturu ilə hazırlanır. Suallar və cavablar həmin xidmət tərəfindən işlənir; söhbət qeydləri saytımızda saxlanılır. Şəxsiyyət, əlaqə və ya şəxsi sağlamlıq məlumatlarını paylaşmayın.

0 / 1000

Yalnız məlumat üçündür; fərdi diaqnoz və ya müalicə məsləhəti verilmir.

Əlaqəli məqalələr

Bu mövzuda digər məqalələrə baxın.

Yeniliklərdən xəbərdar olun

Yeni məqalələri və elmi yenilikləri e-poçtla alın.

Google Analytics ümumi səhifələrdə bu pəncərədən asılı olmadan işləyir və analitik kukilərdən istifadə edə bilər. Buradakı seçiminiz yalnız xarici xidmətləri idarə edir.