Solid-orqan xərçənglərində ilk canlı dərman CAR-T tədqiqatları ümid verir

Xərçəng İmmunoterapiyası Cəmiyyətinin (Society for Immunotherapy of Cancer) 2019-cu ilin noyabrında 34-cüsü keçirilən illik toplantısında solid, yəni orqan və bərk şişləri hədəfləyən ilk canlı dərman CAR-T immunoterapiyası üzrə klinik tədqiqat elan edildi. Ximerik antigen reseptorlu T-hüceyrəsi (CAR-T) müalicəsi son bir neçə ildə xərçəng müalicəsində yeni yanaşma kimi ortaya çıxıb, lakin tətbiqdə uğur əsasən qan xərçənglərində, yəni hematoloji bədxassəli xəstəliklərdə müşahidə olunur. Xüsusilə B-hüceyrə bədxassəli xəstəliklərində uğur əldə olunub, çünki CAR-T hüceyrələri bütün B hüceyrələrini aradan qaldıra bilir. Ağciyər, döş və kolon xərçəngi kimi solid şişlərdə isə yalnız xərçəng hüceyrələrində olub digər sağlam hüceyrələrdə olmayan hədəf zülal əldə etmək, CAR-T hüceyrə müalicəsini məhdudlaşdıran məqam idi. Çünki sağlam hüceyrələrin də hədəflənməsi xəstələrin sağqalmasına mənfi təsir göstərir. Bu baxımdan tədqiqatçılar sağlam hüceyrələrdə maskalanan, xərçəng hüceyrələrində isə yüksək səviyyədə müşahidə olunan hədəf zülalı (MUC1-C) göstərdilər və bu məlumatı klinik tədqiqat mərhələsinə daşıdılar. Əvvəllər bir çox tədqiqatda MUC1 (transmembran qlikoprotein musin-1) zülalının təkrarlanan ardıcıllıq sahələri (tandem repeat domains) bütöv şəkildə hədəflənmiş, lakin uğurlu nəticə əldə edilməmişdi. MUC1 zülalının hüceyrə membranının xarici səthinə baxan hissəsindəki təkrarlanan ardıcıllıq sahələri xərçəng hüceyrələrinin səthindən kəsilib tökülür və şiş irəliləmiş mərhələlərə çatdıqca bu hadisə artır. MUC1 kəsilib təkrarlanan ardıcıllıq sahələri hüceyrə səthindən töküldükdən sonra qalan transmembran, yəni membran boyunca uzanan alt hissə MUC1-C (MUC1*) adlanır. MUC1-C-nin ortaya çıxması şişi kimyaterapiyaya davamlı edə bilər. Çünki onkoembrional böyümə faktoru MUC1-C-yə bağlanaraq MUC1-C-ni aktivləşdirir. MUC1-C döş xərçənginin mikromühitində matriks metalloproteinaza 9 fermentinin tam uzunluqlu MUC1-i kəsməsi nəticəsində yaranır. Sağlam hüceyrələrdə isə MUC1 başqa matriks metalloproteinazalarla kəsilir. Nəticədə MUC1-C xərçəng hüceyrələrinə xas hədəfə çevrilir. Hazırlanan müalicənin heyvan modellərində döş xərçəngində %95, yumurtalıq xərçəngində %83, mədəaltı vəzi xərçəngində %78 və ağciyər xərçənglərində %71 nisbətində xərçəng hüceyrələrinə bağlandığı göstərilib və buna görə insanlarda klinik tədqiqatlara başlanıb. CAR-T hüceyrə müalicəsinin daha geniş istifadəsinə ən böyük maneələrdən biri onun çox yüksək qiymətidir. Klinik tədqiqatlarda uğur əldə olunarsa xərclərin azaldılması üçün də zəruri səylər göstəriləcək.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.