Süd vəzi xərçənginin aksilyar (qoltuqaltı) limfa düyünü ilə əlaqəsi nədir?

Bu məqalədə
Limfa sistemi bədənin infeksiyalarla mübarizə aparan əsas vasitələrindən biridir. Bu sistem limfa mayesini və bədənin mühüm bölgələrində yerləşən limfa düyünlərini əhatə edir. Xərçəng hüceyrələri bəzən limfa sisteminə daxil olub burada toplana bilər.
Limfa düyünləri bədəndə limfa damarları şəbəkəsinə bağlı kiçik strukturlardır. Onlar limfa mayesini süzür və həmçinin infeksiyanın mövcudluğuna işarə edən kimyəvi dəyişiklikləri aşkar edirlər. Qoltuqaltı limfa düyünləri həm də aksilyar limfa düyünləri adlandırılır.
Aksilyar limfa düyünləri hər iki süd vəzisinə yaxın yerləşir. Bu isə belə deməkdir: süd vəzi xərçəngi süd vəzi toxumasından kənara yayılarsa, adətən ilk yayıldığı yerlər aksilyar limfa düyünləri olur. Bir insanda adətən 20 – 30 aksilyar limfa düyünü olsa da, bu say insandan insana dəyişir.
Süd vəzi xərçəngi diaqnozundan sonra həkimlər olaraq adətən aksilyar limfa düyünlərinə yayılıb-yayılmadığını yoxlayırıq. Bu yoxlama xərçəngin diaqnozunu və mərhələsini müəyyən etməyə kömək edir.

Süd vəzi xərçəngi ilə aksilyar limfa düyünləri arasında necə əlaqə var?
İnsandakı xərçəng bədənin digər bölgələrinə metastaz verə bilər (yayıla bilər). Xərçəng bəzi hüceyrələr şişdən ayrılıb bədənin başqa bölgələrinə keçdikdə yayılır. Xərçəng hüceyrələri bədəndə qan dövranı və limfa sistemi boyunca hərəkət edə bilər. Limfa sistemi ilə hərəkət edən xərçəng hüceyrələri limfa düyünlərində dayana və burada böyüyə bilər.
Aksilyar limfa düyünləri hər iki süd vəzisinə yaxın qoltuqaltındadır. Onlar süd vəzisinə çox yaxın olduğundan süd vəzi xərçəngi adətən digər limfa düyünlərindən əvvəl aksilyar limfa düyünlərinə yayılır.
Xərçəng aksilyar limfa düyünlərinə yayılıbsa, mastektomiya (süd vəzinin əməliyyatla qismən və ya tam çıxarılması) zamanı bütün limfa düyünlərinin və ya bir hissəsinin çıxarılmasını tövsiyə edə bilərik.
Limfa düyünləri limfa mayesinin drenajına cavabdehdir və onların çıxarılması təbii olaraq əməliyyatdan sonra bəzi yan təsirlərin yaranmasına səbəb ola bilər. Mümkün yan təsirlərdən biri qollarda xroniki və arta bilən şişkinlik olan limfa ödemidir.
Xərçəngin aksilyar limfa düyününə və ya düyünlərinə yayılma əlamətləri hansılardır?
Ümumi metastatik xərçəng əlamətləri,
- Enerji itkisi
- Yorğunluq və zəifləmə
- İstəmədən çəki itirmə
- Ağrı
- Nəfəs darlığı və nəfəs almaqda çətinlik
Süd vəzi xərçənginin aksilyar limfa düyününə yayılma əlamətləri bunları əhatə edir;
- Qoltuqaltında kütlə və ya şişkinlik
- Qollarda və ya əllərdə şişkinlik
- Döş qəfəsi və körpücük sümüyündə kütlə və ya şişkinlik
Diaqnoz necə qoyulur?
Süd vəzi xərçənginin aksilyar limfa düyünlərinə yayılıb-yayılmadığını yoxlamaq üçün fiziki müayinə, ultrasəs, MRG (Maqnit-Rezonans Görüntüləmə) və ya BT (Kompüter Tomoqrafiyası) kimi onkoloji görüntüləmə üsulları ilə yoxlama tövsiyə edə bilərik. Fiziki müayinə zamanı mütəxəssis insanın qoltuqaltında şişkinlik olub-olmadığını yoxlayacaq. İnsana süd vəzi xərçəngi diaqnozu qoyulubsa, PET-BT adlı görüntüləmə ilə qoltuqaltı bölgə xərçəngin yayılması baxımından çox yaxşı qiymətləndirilə bilər.
Görüntüləmə üsulu ilə limfa düyünlərində belə dəyişikliklər aşkar edilə bilər;
- Limfa düyünlərinin qalınlığı
- Qan damarlarında artım
- Limfa damarlarının düyünlərdən çıxdığı struktur olan hilumun itməsi
- Böyrəkşəkilli görünüşün itməsi
Bəzi hesablamalara görə fiziki müayinədə mənfi qiymətləndirilən hər üç qadından birində görüntüləmə üsulları xərçəngli düyünlər tapır. Bu da süd vəzi xərçəngi diaqnozu alan insanların qoltuqaltı bölgəsinin radioloji üsullarla mütləq yaxşı görüntülənməli olduğuna işarə edir.
Xərçəngin aksilyar limfa düyünlərinə yayılıb-yayılmadığını aydınlaşdırmaq üçün bir neçə diaqnostik üsuldan istifadə edirik.
Sentinel düyün biopsiyası
Sentinel (gözətçi) düyün biopsiyası süd vəzisinə radioaktiv maddə və ya boyanın inyeksiya ilə verilməsini əhatə edən üsuldur. Boya digər limfa düyünlərindən əvvəl müəyyən düyünlərə hərəkət edəcək. Sonra boyanın ilk çatdığı limfa düyünləri olan sentinel (gözətçi) düyünləri müəyyən etmək üçün görüntüləmə üsulları istifadə olunur.
Ardınca müdaxilə radiologiyası və ya ümumi cərrahiyyə mütəxəssisi bir və ya daha çox sentinel limfa düyünündən toxuma nümunələri götürüb müayinə üçün patoloqa göndərir. Bu üsul insanları çoxsaylı aksilyar limfa düyünlərinin çıxarılmasından yaranan yan təsirlərdən qorumağa kömək edə bilər. Patoloq sentinel düyünlərdə xərçəng taparsa, şəxsin daha çox limfa düyününün çıxarılması lazım gələ bilər.
Aksilyar disseksiya
Aksilyar disseksiya qoltuqaltından əlavə limfa düyünlərinin çıxarılmasını əhatə edən cərrahi əməliyyatdır. Məqsəd xərçəngin yayılıb-yayılmadığını yoxlamaq və limfa düyünlərində xərçəngin yenidən inkişaf riskini azaltmaqdır.
Belə halda süd vəzi cərrahları limfa düyünlərinin çoxunu və ya hamısını əhatə edən piyli bölgəni çıxarır. Çıxarılan limfa düyünlərinin sayı dəyişir, lakin adətən 5 – 30 arasındadır. Cərrahlar düyünləri çıxardıqda patoloq xərçəngin sentinel limfa düyünlərindən kənara yayılıb-yayılmadığını müəyyən edə bilər.
Süd vəzi xərçənginin mərhələləndirilməsi
Xərçəngin mərhələsi xəstəliyin ölçüsünü və yayılma vəziyyətini ifadə edir. Mərhələni bilmək həkimlərə xəstəlik və müalicə planı haqqında ümumi fikir verə bilər.
Mütəxəssislər süd vəzi xərçənginin mərhələsini hesablamaq üçün şiş, düyün və metastaz (TNM) sistemindən istifadə edirlər;
- Şişin mərhələsi (T), ilkin şişin ölçüsünü müəyyən edir.
- Düyünün mərhələsi (N), süd vəzi xərçənginin limfa düyünlərinə çatıb-çatmadığını və neçə düyündə xərçəng hüceyrəsi əlaməti olduğunu bildirir. Düyünün mərhələləndirilməsi daha xüsusi təfərrüatlar vermək üçün alt kateqoriyalara malikdir;
- NX: Yaxın limfa düyünləri haqqında məlumat yoxdur və ya aksilyar limfa düyünlərinin qiymətləndirilməsi mümkün deyil.
- NO: Xərçəng limfa düyünlərinə yayılmayıb.
- N1: Mikrometastazlar və ya xərçəng hüceyrələri 1 – 3 aksilyar limfa düyünündə vardır. Mikrometastaz patoloqun limfa düyünlərini ətraflı müayinəsi zamanı görülə bilən mikroskopik miqdarda xərçəng hüceyrələridir.
- N2: Bu mərhələdə 4 – 9 limfa düyünündə xərçəng hüceyrələri vardır. Həmçinin bu mərhələni süd vəzinin daxili tərəfindəki limfa düyünlərinə xərçəngin yayıldığını bildirmək üçün də istifadə edirik. Bu düyünlər internal mammarian limfa düyünləri kimi də tanınır.
- N3: Bu mərhələ aşağıdakılar kimi ümumi vəziyyətləri əhatə edə bilər;
- 10 və ya daha çox aksilyar limfa düyünündə xərçəng vardır.
- Xərçəng körpücük sümüyünün altındakı limfa düyünlərindədir.
- Xərçəng internal mammarian limfa düyünlərində və bir və ya daha çox aksilyar limfa düyünündədir.
- 4 və ya daha çox aksilyar düyün xərçənglidir və internal mammarian limfa düyünlərində mikrometastazlar vardır.
- Körpücük sümüyünün üstündəki xərçəngli limfa düyünlərində xərçəng vardır.
- Metastazın mərhələsi (M) xərçəngin ilk aşkarlandığı yerdən bədənin başqa bölgələrinə yayılıb-yayılmadığı haqqında məlumat verir.
Aksilyar limfa düyünlərinin mərhələsi xərçəng nə qədər çox düyünə yayılıbsa, o qədər yüksəkdir. Xərçəng mərhələsi isə neçə fərqli düyün növünə təsir etməsindən asılı olaraq artır.
5 illik sağqalım göstəricisi insanın diaqnozdan sonrakı 5 il ərzində sağ qalma ehtimalıdır. Amerika Xərçəng Cəmiyyətinə görə yaxın limfa düyünlərinə yayılan süd vəzi xərçəngində 5 illik sağqalım göstəricisi 86%-dır. Lakin süd vəzi xərçəngi bədənin başqa bölgələrinə yayılıbsa, bu göstərici 30%-a düşür.
Xülasə
Xərçəng hüceyrələri limfa sistemi vasitəsilə süd vəzisindən çıxıb bədəndə dolaşa bilər. Bu da insanın aksilyar limfa düyünlərində xərçəng hüceyrələrinin toplanması ilə nəticələnə bilər. Bu baş verdikdə insan qoltuqaltında, döş sümüyünə yaxın bölgələrdə və ya körpücük sümüyünün üstündə/altında kütlə və ya şişkinlik hiss edə bilər.
İnsan aksilyar limfa düyünlərinə yayılmış süd vəzi xərçənginin əlamətlərini yaşayırsa, həkimə müraciət etməlidir. Erkən diaqnoz xərçəngin müalicəsini daha asan edə bilər.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.