Süni dadlandırıcı asesulfam kalium nədir və sağlamlığa zərərlidirmi?

Bu məqalədə
Bir çox insan müxtəlif üsullarla arıqlamağa çalışır. Onların özlərinə qoyduğu ən mühüm hədəflərdən biri şəkəri azaltmaqdır. Şəkərə alternativ olaraq ən çox süni dadlandırıcılara müraciət edilir, lakin sayı və növləri hər gün artan bu maddələrin insan orqanizminə necə təsir etdiyinin və hansının daha yaxşı olduğunun cavabı hələ yoxdur.
Çoxumuz adını eşitməmiş ola bilərik; asesulfam kaliumən çox istifadə olunan, eyni zamanda mübahisəli süni dadlandırıcılardan biridir. Qida etiketlərində belə göstərilə bilər:
- Asesulfam K
- Asesulfam kalium
- Ace-K
- E950 (Avropada)
Şəkərdən iki yüz dəfə şirin olsa da, kalori dəyəri yoxdur. Dildəki dad reseptorlarını stimullaşdıraraq təsir göstərir. Beləliklə, bir çox qida və içkidən kalori almadan daha çox dad almaq imkanı verir. Acı dadı gizlətmək üçün aspartam və sukraloz kimi digər dadlandırıcılarla birlikdə qidalarda istifadə edilən formaları da var. Maraqlı cəhəti odur ki, orqanizmdə dəyişmir, toplanmır və tamamilə sidiyə keçərək xaric edilir.
Asesulfam nələrdə olur?
Bir çox qida və içkidə var. Aspartam kimi digər dadlandırıcılardan fərqli olaraq qızdırıldıqda dəyişmədiyindən sobada və ya başqa üsulla bişirilmiş qidalarda da geniş istifadə olunur. Məsələn, qazlı içkilər, meyvə şirəsi, alkoqollu içkilər, süd məhsulları, dondurma, şirniyyatlar, mürəbbələr, marmeladlar, diş məcunları, qarqaralar, saqqızlar, turşular, qarğıdalı lopaları, salat sousları və ədviyyatlarda ola bilər.
Asesulfam kaliumun mübahisəli cəhətləri
Süni dadlandırıcıların orqanizmə təsirləri hələ mübahisəlidir və bəzi zərərləri olduğu iddia edilir. Metabolizmə, iştahaya, çəkiyə nəzarətə və qan şəkərinə təsir etdiyi söylənilir. Ən böyük narahatlıqlar xərçəngin yaranmasına təsir edib-etməməsi və körpənin ana bətnində inkişafına təsiridir.
Bu narahatlıqlara baxmayaraq, Avropada və Amerikada insanların istifadəsi üçün təhlükəsiz sayılmışdır. FDA gündəlik qəbulunu Amerikada kiloqram başına 15 mg, Avropada 9 mg ilə məhdudlaşdırmışdır. Bu, Amerikada təxminən 68 kg olan insanın gündə 20 qutu diet kola içməsinə bərabərdir. Bəzi ölkələrdə istifadəsi qəbul edilsə də, alimlər aparılmış tədqiqatların elmi standartlara cavab vermədiyini söyləyirlər.
Asesulfamın qan şəkərinə və insulinə təsirləri
Tədqiqatlarda süni dadlandırıcıların qan şəkərinə minimal təsir göstərdiyi müəyyən edilmiş və diabet xəstələrində istifadəsinin təhlükəsiz olduğu bildirilmişdir. Bununla yanaşı, təsir mexanizmi tam sübut olunmasa da, bəzi tədqiqatlarda diet içki istehlakı ilə tip 2 diabet, piylənmə və metabolik sindromun inkişafı arasında əlaqə tapılmışdır. Buna görə süni dadlandırıcıların qan şəkərinə və insulinə təsirləri mübahisəli olmuşdur.
Laboratoriya şəraitində aparılmış bəzi təcrübələrdə asesulfam kaliumun bağırsaqdan şəkər sorulmasını artırdığı müşahidə edilmişdir. Heyvan təcrübəsində siçanlara birbaşa yüksək dozada asesulfam kalium verildikdə insulinin bazal səviyyədən %114-210 yuxarı qalxdığı görülmüşdür. İnsan təcrübələrində isə qan insulin səviyyəsinə təsir etmədiyi müəyyən edilmiş, lakin uzunmüddətli təsiri məlum deyil.
Asesulfam kalium xərçəng riskini artırırmı?
Asesulfam kalium barədə ən böyük iddialardan biri xərçəng yaranma riskini artırmasıdır. Hazırda bir çox içkidə rahatlıqla istifadə olunduğundan daha çox insan bu maddəyə məruz qalır. Bəzi alimlər onunla bağlı tədqiqatların etibarlılığını sorğulayırlar. FDA və Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) asesulfam kaliumun təhlükəsiz olduğunu və xərçəngin yaranmasına təsir etdiyini göstərən kifayət qədər sübut olmadığını bildirirlər.
Asesulfam kalium bir çox tədqiqatda araşdırılmış və genotoksik, yəni DNT-də mutasiya yaradan fəaliyyət göstərməmişdir; təkrar tədqiqatlarda da xərçəngyaradıcı təsiri müşahidə edilməmişdir. ABŞ Milli Toksikologiya Proqramının bu mövzuda ən böyük heyvan təcrübəsində siçanlara 40 həftədən artıq qidalarının %3-ü qədər asesulfam kalium (insanlarda gündə təxminən 1000 qutu içkiyə bərabər miqdar) verilmiş, lakin xərçəng riskini artırdığına dair sübut yenə tapılmamışdır.
Asesulfamın mümkün əlavə təsirləri
Hamilələrin çox miqdarda asesulfam qəbulunun vaxtından əvvəl doğuşa səbəb ola biləcəyi düşünülür. Bir tədqiqatda asesulfam kaliumun plasentaya və ana südünə keçdiyi, ana hamiləlikdə və ya südvermə zamanı onu istifadə edərsə, körpənin sonrakı həyatında şirin qidalara daha meyilli ola biləcəyi müşahidə edilmişdir. Siçanlarda uzunmüddətli tədqiqatda asesulfam kaliumun nevroloji pozğunluqlara və beyin funksiyalarının azalmasına səbəb olduğu görülmüşdür.
Asesulfam kalium istehlakından uzaq durmalıyıqmı?
Çox şəkər istehlak edən şəxslər üçün asesulfam kalium istifadəsi faydalı ola bilər, lakin hazırda təhlükəsiz görünən bu süni dadlandırıcının uzun illər istifadəsinin hansı təsirlər göstərəcəyi məlum deyil. Uzunmüddətli heyvan təcrübələrində yüksək dozalara dözüldüyü müşahidə edilsə də, alimlər tədqiqatların kifayət qədər inandırıcı olmadığını söyləyirlər. Tamamilə uzaq durulmasını tələb edən cəhəti ortaya qoyulmadığından, istehlak edib-etməmək şəxsi qərara qalır.
Mənbələr
Metabolic effects of non-nutritive sweeteners.
Physiol Behav. 2015 Dec.
2. Karstadt M.
Inadequate toxicity tests of food additive acesulfame.
Int J Occup Environ Health. 2010 Jan-Mar.
3. Myra L. Karstadt.
Testing Needed for Acesulfame Potassium, an Artificial Sweetener.
Environ Health Perspect. 2006 Sep.
4. National Toxicology Program.
NTP toxicology studies of acesulfame potassium (CAS No. 55589-62-3) in genetically modified (FVB Tg.AC Hemizygous) mice and carcinogenicity studies of acesulfame potassium in genetically modified [B6.129-Trp53(tm1Brd) (N5) Haploinsufficient] mice (feed studies)mice.
Natl Toxicol Program Genet Modif Model Rep. 2005 Oct.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.