Sürətli korona testi nədir, necə aparılır?

Alimlər milyonlarla ucuz, sürətli diaqnostika dəstinin pandemiyanı nəzarətə almağa kömək edib-etməyəcəyini hələ müzakirə edirlər.
Səbəbi budur…
2021-in əvvəlində Birləşmiş Krallıqda koronavirus sayı artarkən hökumət Covid-19-a qarşı mübarizədə diqqətəlayiq dəyişiklik elan etdi: milyonlarla ucuz və sürətli koronavirus testi. Hökumət 10 yanvarda bunların ölkə boyu xalqa açıq olacağını və simptomu olsa da, olmasa da hər kəsin test etdirəcəyini söylədi. Oxşar testlər ABŞ prezidenti Joe Biden-in ABŞ-dakı nəzarətdən çıxmış epidemiyanı cilovlama planında çox mühüm rol oynayacaq.
15 dk ilə yarım saat arasında nəticə vermək üçün adətən burun və ya boğaz nümunələrini maye ilə kağız üzərinə qoyub qarışdıran bu sürətli testlər infeksiya deyil, yoluxduruculuq testləri sayılır. Yalnız yüksək virus yüklərini aşkarlaya bildiyindən SARS-CoV-2 virusunu aşağı səviyyədə daşıyanların çoxunu tapa bilməyəcəklər. Lakin virusu bilmədən yaya biləcək ən yoluxdurucu şəxsləri sürətlə müəyyən etməklə pandemiyanın öhdəsindən gəlməyə kömək edəcəyinə ümid var.
Sürətli koronavirus testləri barədə narahatlıqlar
Lakin hökumət planı elan edəndə o, qızğın mübahisəyə çevrildi. Bir qrup alim İngiltərənin test strategiyasından razı idi. Digərləri testlər milyonlara yayılsa, çoxlu halın gözdən qaçacağını və bunun faydadan çox zərərə səbəb olacağını söylədi. Çoxları bir çox şəxsin mənfi testlə yanlış təhlükəsizlik hissi qazanıb davranışını dəyişə biləcəyini deyən İngiltərənin Brimingham Universitetinin test qiymətləndirmə mütəxəssisi Jon Deeks-i müdafiə etdi. Deeks hətta insanların testləri təlimli mütəxəssislərə güvənmək əvəzinə özləri apararsa, daha çox infeksiyanın gözdən qaçacağını söylədi. Deeks və Brimingham-dakı həmkarı Jac Dinnes sürətli koronavirus testləri geniş yayılmazdan əvvəl onlar haqqında daha çox məlumat istəyən alimlər arasındadır.
Digər tədqiqatçılar isə testlərin zərər yarada biləcəyi iddialarının yanlış və “etibarsız” olduğunu deyərək tez cavab verdilər. Bunlara mübahisələrin pandemiyaya qarşı lazım olan həllərin çoxunu gecikdirdiyini söyləyən Bostondakı Harvard T.H. Chan İctimai Səhiyyə Məktəbinin epidemioloqu Michael Mina da daxildir.
Alimlərin ortaq qərarı
Alimlərin razılaşdığı yeganə şey sürətli testlərin nə üçün olduğu və mənfi nəticələrin nə demək olduğu haqqında aydın bəyanata ehtiyacdır. Mina “Düzgün istifadə etməyi bilmədikləri bu vasitələri insanlara atmaq dəhşətli fikirdir” deyir.
Sürətli testlərin müqayisəsi
Sürətli testlər haqqında etibarlı məlumat əldə etmək çətindir, çünki ən azı Avropada məhsullar müstəqil qiymətləndirmə olmadan yalnız istehsalçı məlumatı ilə satılır. Performansı ölçmək üçün standart protokol yoxdur; bu, analizlərin müqayisəsini çətinləşdirir və hər ölkəni öz yoxlamasını aparmağa məcbur edir.
Onlarla Covid-19 analizini yenidən qiymətləndirib müqayisə edən, İsveçrənin Cenevrə şəhərindəki qeyri-kommersiya İnnovativ Yeni Diaqnostika Fondunun (FIND) baş icraçı direktoru Catharina Boehme “Bu, diaqnostikada Vəhşi Qərbdir” deyir.
Fevral 2020-də FIND standartlaşdırılmış təcrübədə yüzlərlə Covid-19 test növünü qiymətləndirmək üçün iddialı işə başladı. Fond Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və dünyanın tədqiqat institutları ilə birlikdə yüzlərlə koronavirus testi aparır, onların performansını yüksək həssaslıqlı polimeraza zəncirvari reaksiyası (PCR) texnikası ilə alınan nəticələrlə müqayisə edir. Bu texnika şəxsin burnundan və ya boğazından (bəzən tüpürcəyindən) alınmış nümunədə müəyyən virus genetik ardıcıllığını axtarır. PCR əsaslı testlər çoxlu amplifikasiya (çoxaltma) dövrü ilə genetik materialın çoxsaylı nüsxəsini çıxarır; buna görə başlanğıcdakı çox az virusu aşkarlaya bilər. Lakin vaxt apara, təlimli heyət və bahalı laboratoriya avadanlığı tələb edə bilər.


Sürətli testlərin etibarlılığı barədə niyə narahatlıq var?
Daha ucuz, sürətli testlər SARS-CoV-2 hissəciklərinin səthində birlikdə antigen adlanan müəyyən zülalları tapmaqla işləməyə meyillidir. Bu “sürətli antigen testləri” nümunədə heç nəyi çoxaltmır, ona görə yalnız bədəndəki virus yükü yüksək səviyyəyə çatanda virusu aşkarlaya bilər – bəlkə hər millilitr nümunədə yüz minlərlə və ya milyonlarla virus nüsxəsi ilə. Virus adətən simptomların başladığı və ya başlamağa yaxın vaxtda bu səviyyələrə çatır; bu da şəxslərin ən yoluxdurucu dövrüdür.
Dinnes istehsalçıların test həssaslığı məlumatlarının əsasən simptomlu, yəni yüksək virus yükünə meyilli şəxslərdə laboratoriya təcrübələrindən alındığını söyləyir. Bu təcrübələrdə sürətli testlərin çoxu çox həssas görünür (həm də çox spesifikdir: yanlış müsbət vermə ehtimalı çox aşağıdır). Lakin real həyat qiymətləndirmələri daha aşağı virus yüklü şəxslərdə açıq fərqli performans göstərir.
Virus yükü səviyyələri necə müəyyən edilir?
Nümunələrdə virus yükü adətən virusu aşkarlamaq üçün lazım olan PCR amplifikasiya dövrlərinin sayına əsasən ölçülür. Ümumilikdə təxminən 25 və ya daha az PCR amplifikasiya dövrü tələb olunursa (dövr həddi, yaxud 25 və daha aşağı Ct kimi təsvir edilir), canlı virusun yüksək olduğu düşünülür; bu da insanların yəqin yoluxdurucu olduğunu göstərir – yoluxdurucu olub-olmamaq üçün mühüm səviyyənin mövcudluğu bilinməsə də.
Porton Down və Oxford tədqiqatı
Noyabr 2020-də Birləşmiş Krallıq hökuməti Porton Down elm parkı və Oxford Universitetində aparılmış tədqiqatın ilkin nəticələrini yaydı; hələ ekspert rəyindən keçməmiş tam nəticələr 15 yanvarda onlayn dərc edildi. Bunlar sürətli antigen (və ya “lateral flow”) testlərinin çoxu “kütləvi əhali istifadəsi üçün lazımi səviyyədə hazırlanmasa” da, 4 markanın laboratoriya təcrübələrində Ct göstəricisi 25 və ya 25-dən aşağı nümunələrdə %91-100 həssaslığa çatdığını bildirib. FIND-ın bir neçə sürətli test dəstini yenidən qiymətləndirməsi də adətən bu virus yükü səviyyələrində %90 və ya daha yüksək həssaslıq göstərib.
Virus səviyyələri azaldıqca, yəni Ct dəyərləri artdıqca, sürətli testlər infeksiyaları nəzərdən qaçırmağa başlayır. Porton Down alimləri diqqətlərini Kaliforniyanın Pasadena şəhərindəki Innova Medical şirkətinin testlərinə yönəltdilər; Böyük Britaniya hökuməti koronavirusun yayılmasını yavaşlatmaq strategiyalarının mühüm tərkib hissəsinə çevrilən bu testləri sifariş etməklə artıq 800 milyon sterlinqdən çox vəsait xərcləmişdi. Testlərin həssaslığı 25 – 28 CT səviyyəsində %88-ə və 28 – 31 Ct səviyyəsində %76-ya düşdü.

Bu, İllinoysun Abbott Park şəhərindəki Abbott Laboratories tərəfindən istehsal edilən BinaxNOW sürətli testinin dekabr qiymətləndirməsi ilə müqayisədə mənfi nəticə kimi görünür.
Bu tədqiqatda San-Fransiskoda 3300-dən çox insan test edildi və Ct səviyyəsi 30-dan aşağı olan nümunələrdə %100 həssaslıq əldə edildi (yoluxmuş şəxslərdə simptomlar olmadıqda belə).
Lakin fərqli tənzimlənmiş PCR sistemləri Ct səviyyələrinin laboratoriyalar arasında asanlıqla müqayisə edilə bilməyəcəyi və nümunədəki eyni virus səviyyəsini həmişə göstərmədiyi mənasına gəlir. Innova Böyük Britaniya və ABŞ tədqiqatlarının müxtəlif PCR sistemlərindən istifadə etdiyini və yalnız eyni sistemlərdə birbaşa müqayisələrin etibarlı olduğunu bildirir. Böyük Britaniya hökuməti Porton Down alimlərinin dekabrın sonlarında yazdığı, Innova testini Abbott Panbio testi ilə qarşılaşdıran Britaniya hesabatına diqqət çəkdi (ABŞ-da Abbott-un satdığı BinaxNOW dəstinə bənzər). Ct səviyyəsi 27-dən aşağı olan iki düzindən bir qədər çox nümunədə hər ikisi %93-ə qədər müsbət nəticə verdi.
Ct tənzimlənməsi ilə bağlı bu incə məqam İngiltərənin Liverpul şəhərində minlərlə insan üzərində Innova testlərinin sınağında Ct səviyyəsi 25-dən aşağı olan halların yalnız üçdə ikisinin aşkarlanması nəzərə alındıqda həlledici əhəmiyyət daşıyır. Bu vəziyyət testlərin ehtimalən yoluxdurucu olan halların üçdə birini nəzərdən qaçırdığını göstərirdi. Lakin hazırda Liverpul Universitetində sınağa rəhbərlik edən ictimai səhiyyə və informatika tədqiqatçısı Iain Buchan, nümunələri emal edən laboratoriyadakı 25 Ct dəyərinin digər laboratoriyalarda çox daha aşağı virus səviyyələrinə, bəlkə də 30 və ya daha yuxarı Ct-yə bərabər olduğunun düşünüldüyünü bildirir.
Deeks Birmingem Universitetində dekabr sınağının sürətli testlərin infeksiyaları necə nəzərdən qaçıra biləcəyinə nümunə olduğunu deyir. Orada simptom göstərməyən 7000-dən çox tələbəyə Innova testi tətbiq edildi; yalnız 2-si müsbət nəticə verdi. Lakin universitet tədqiqatçıları mənfi nümunələrin %10-unu PCR ilə yenidən yoxladıqda yoluxmuş daha 6 tələbə aşkar etdilər. Bütün nümunələr nəzərə alındıqda ehtimalən 60 yoluxmuş tələbə nəzərdən qaçırılmışdı.

Londonda simptom göstərməyən Covid-19 halları üçün sürətli test aparılmasına ayrılmış ərazi.
Sürətli testlər niyə səhv nəticə verə bilər?
Mina bu tələbələrin virus səviyyələrinin aşağı olduğunu və buna görə hər hansı şəkildə yoluxdurucu olma ehtimallarının az olduğunu deyir. Deeks aşağı virus səviyyəsinə malik şəxslərin zəifləyən infeksiyanın son mərhələsində olsalar belə, daha yoluxdurucu olmağa doğru irəliləyə biləcəklərini müdafiə edir. Digər amil bəzi tələbələrdən götürülən nümunələrin keyfiyyətsiz olmasıdır və buna görə çoxlu virus hissəcikləri yoxlanılmamış ola bilər. Deeks insanların tək mənfi testlə təhlükəsiz olduqlarını yanlış düşünəcəyindən narahatdır; əslində sürətli test yalnız həmin anda yoluxdurucu olmamaq ehtimalının ani göstəricisidir. Deeks testlərin iş yerlərini tam təhlükəsiz edəcəyinə dair bildirişlərin onların effektivliyi barədə ictimaiyyəti məlumatlandırmağın düzgün yolu olmadığını deyir. “İnsanlarda yanlış təhlükəsizlik hissi yaranarsa, əslində virusu ətrafa yaya bilərlər” deyir.
Lakin Mina və başqaları Liverpul sınaqlarının insanların belə davranmadığını göstərdiyini və onlara virusu sonradan da ötürə biləcəklərinin bildirildiyini deyirlər. Mina testlərdən tez-tez, həftədə iki dəfə istifadənin pandemiyanı aradan qaldırmaqda təsirli açar olduğunu vurğulayır.
Test nəticəsinin şərhi yalnız onun dəqiqliyindən deyil, həm də şəxsin artıq Covid-19-a yoluxmuş olma ehtimalından asılıdır. Bu isə yaşadığı ərazidə infeksiya səviyyəsinə və simptom göstərib-göstərməməsinə bağlıdır. Covid-19-un yüksək səviyyədə yayıldığı ərazidə bir şəxsdə xəstəliyin tipik simptomları varsa və mənfi nəticə alıbsa, bu, ehtimalən PCR ilə təkrar yoxlanılmalı yanlış mənfi nəticədir.
Sürətli testlər evdə aparıla bilərmi?
Tədqiqatçılar insanların testləri özlərinin aparıb-aparmamalı olduğunu da müzakirə edirlər (evdə, məktəbdə və ya işdə). Analizlərin göstəriciləri test aparan şəxslərin nümunələri necə götürüb emal etməsindən asılı olaraq dəyişə bilər. Məsələn, laboratoriya alimləri Innova testi ilə bütün nümunələrdə demək olar %79 həssaslıq əldə etdilər (çox aşağı virus yükləri də daxil), lakin ictimaiyyət özünü test etdikdə yalnız %58 həssaslıq əldə olundu; Deeks-in qeyd etdiyi narahatedici fərq budur.

Buna baxmayaraq, dekabrda İngiltərənin Dərman Tənzimləmə Qurumu simptom göstərməyən şəxslərdə infeksiyanı aşkarlamaq üçün Innova testinin evdə istifadəsinə icazə verdi. Bu testlər ölkənin Milli Səhiyyə Xidmətindən gəlirmiş və Səhiyyə və Sosial Xidmətlər Nazirliyi (DHSC) tərəfindən hazırlanmış kimi təqdim edildi, lakin DHSC sözçüsü testlərin Innova-dan alındığını və Çində Xiamen Biotime Biotechnolohy tərəfindən istehsal edildiyini təsdiqlədi. Sözçü açıqlamasında bunları bildirdi: “İngiltərə hökumətinin istifadə etdiyi lateral-flow testləri ölkənin aparıcı alimləri tərəfindən ciddi qiymətləndirmədən keçirilir. Bu, onların dəqiq və etibarlı olduğunu, simptom göstərməyən Covid-19 daşıyıcılarını uğurla aşkarladığını bildirir.”
Bir Almaniya tədqiqatı da insanların özləri apardıqları testlərin peşəkarların apardıqları qədər yararlı ola biləcəyini göstərir. Hələ rəyçi qiymətləndirməsindən keçməmiş tədqiqatda insanlar öz burunlarından nümunə götürüb ÜST-nin təsdiqlədiyi adı açıqlanmayan sürətli testi tamamladıqda, tez-tez təlimatlardan kənara çıxsalar da, həssaslıq peşəkarların əldə etdiyinə çox yaxın idi.
Nəticədə, ABŞ-da Qida və Dərman İdarəsi (FDA) 13 antigen testinə fövqəladə istifadə icazəsi verdi, lakin yalnız biri, Ellume Covid-19 Ev Testi, simptom göstərməyən insanlarda istifadə edilə bilər. Avstraliyanın Brisben şəhərindəki Ellume şirkətinə görə test PCR nəticəsi müsbət olan, simptom göstərməyən 11 şəxsin 10-unda koronavirusu aşkarladı. Fevralda ABŞ hökuməti 8,5 milyon test alacağını açıqladı.
Sürətli testlərin ictimaiyyət üçün əlçatan edilməsi
Hindistan başda olmaqla, PCR testləri üçün resursları olmayan bəzi ölkələr yalnız test imkanlarını tamamlamaq üçün aylardır antigen testindən istifadə edirlər. PCR testlərinə malik bəzi ölkələr də dəqiqlik barədə şübhələrə görə sürətli alternativ testləri tezliklə ictimaiyyətə təqdim etməyə başlayırlar; hətta kütləvi sürətli test tətbiq edən hökumətlər bunu uğur adlandırırlar. 5,5 milyon əhalisi olan Slovakiya bütün yetkin əhalisini test etməyə cəhd edən ilk ölkə idi.
Genişmiqyaslı test infeksiya səviyyəsini təxminən %60-a qədər azaltmağa kömək etdi. Lakin testlə yanaşı, digər ölkələrdə tətbiq edilməyən sərt məhdudiyyətlər qoyuldu və hökumət testi müsbət çıxanların evdə qalmasına yardım üçün maliyyə dəstəyi verdi. Mütəxəssislər test və məhdudiyyət birləşməsinin infeksiya səviyyəsini tək məhdudiyyətlərdən daha sürətlə azaltdığı görünsə də, bu yanaşmanın başqa yerdə işləyib-işləməyəcəyinin aydın olmadığını deyirlər. Digər ölkələrdə çoxları sürətli testdən keçmək istəyə və testi müsbət olduqda təcrid üçün verilən təşviqlərdən məhrum qala bilər. Bununla belə, kommersiya sürətli testləri olduqca ucuz, 5 dollar qədər ucuz olduğuna görə Mina şəhər və dövlətlərin pandemiyanın hökumətlərə yaratdığı xərcin çox kiçik hissəsinə milyonlarla test ala biləcəyini deyir.

Tibb işçisi Hindistanın Mumbay şəhərindəki dəmir yolu stansiyasında sürətli test üçün sərnişindən nümunə götürür.
Sürətli testlər hansı sahələrdə faydalı ola bilər?
Sürətli testlərin xüsusilə asimptomatik, yəni simptom göstərməyən şəxslərin skrininqi üçün uyğun ola biləcəyi yerlərə insanların hər halda bir araya gəlmə ehtimalı olan həbsxanalar, evsizlərin sığınacaqları, məktəblər və universitetlər daxildir; beləliklə, istənilən test əlavə yoluxdurucu halların aşkarlanmasında yararlı olur. Lakin Deeks testlərdən insanların davranışlarını dəyişdirə və ya ehtiyat tədbirlərini zəiflədə biləcək şəkildə istifadəyə icazə verilməməsi barədə xəbərdarlıq edir. Məsələn, insanlar mənfi nəticəni qocalar evindəki qohumunu ziyarət etməyə təşviq kimi qəbul edə bilərlər.
ABŞ-da kütləvi sürətli test proqramları indiyədək məktəblər, həbsxanalar, hava limanları və universitetlər kimi yerlərdə ictimaiyyətə açıq olub. Məsələn, Tusondakı Arizona Universiteti maydan bəri idmançılarını hər gün test etmək üçün Kaliforniyanın San-Dieqo şəhərində Quidel tərəfindən hazırlanmış Sofia testlərindən istifadə edir. Avqustdan etibarən tələbələrini də ən azı ayda bir dəfə test edir (bəzi tələbələr, xüsusilə epidemiya zamanı yataqxanalarda yaşayanlar, həftədə bir dəfə olmaqla daha sıx test edilir). Universitet indiyədək təxminən 150,000 test aparıb və son iki ayda Covid-19 hallarının artdığını bildirməyib.
Arizonanın kütləvi test proqramında çalışan kök hüceyrə tədqiqatçısı David Harris, müxtəlif test növlərinin fərqli istifadə sahələri olduğunu bildirir: sürətli antigen testləri icmada virusun yayılma səviyyəsini qiymətləndirmək üçün istifadə edilməməlidir, deyir. “Onu PCR testi kimi istifadə etsəniz, dəhşətli həssaslıq əldə edərsiniz. Lakin etməyə çalışdığımız iş, yəni infeksiyanın yayılmasının qarşısını almaq baxımından antigen testi, xüsusilə dəfələrlə tətbiq olunduqda, çox yaxşı işləyir kimi görünür.”

İngiltərədə Oksford Universitetinin tələbəsi 2020-ci ilin dekabrında Amerika Birləşmiş Ştatlarına uçmazdan əvvəl universitetin təmin etdiyi sürətli antigen testini aparır.
Nəticə
Dünyada bir çox tədqiqat qrupu daha sürətli və daha ucuz test üsulları hazırlayır. Bəziləri amplifikasiya prosesini sürətləndirmək üçün PCR testində kiçik dəyişikliklər edir, lakin bu testlərin əksəriyyəti hələ də xüsusi avadanlıq tələb edir.
Digər yanaşmalar PCR-dən daha sürətli olan və daha az avadanlıq tələb edən loop-medicated izotermal amplifikasiya və ya LAMP adlanan üsula əsaslanır. Lakin bu testlər PCR əsaslı testlər qədər yüksək həssaslığa malik deyil.
Keçən il Urbana – Champaign şəhərindəki İllinoys Universitetinin tədqiqatçıları öz sürətli diaqnostik analizlərini hazırlamışdılar. Bu, burundan götürülən nümunə əvəzinə tüpürcəkdən istifadə edən, bahalı və yavaş mərhələni keçən PCR əsaslı testdir. Testin qiyməti 10 – 14 dollardır və 24 saatdan daha bir müddətdə nəticə verir; PCR aparmaq üçün laboratoriya lazım olsa da, bu, kampusdakı hər kəsin həftədə iki dəfə skrininqinə imkan yaradır. Keçən avqustda tez-tez test proqramı universitetlərə kampusda infeksiyaların artımını aşkarlamağa və geniş ölçüdə nəzarət altına almağa imkan verdi. Bir həftə ərzində yeni hallar %65 azaldı və universitet o vaxtdan bəri oxşar artım bildirmədi.
Boehme bütün ehtiyaclara uyğun bir test olmadığını, lakin yoluxdurucu insanları aşkarlaya bilən analizlərin dünya iqtisadiyyatlarını açıq saxlamaq üçün çox mühüm olduğunu deyir. “Hava limanlarında, sərhədlərdə, iş yerlərində, məktəblərdə, klinik mühitlərdə test aparmaq — bütün bunlar sürətli testlərin böyük gücə malik olduğu hallardır, çünki istifadəsi asandır, ucuzdur və sürətlidir” deyir. Lakin genişmiqyaslı test proqramlarının mövcud ən yaxşı testlərə əsaslanmalı olduğunu da əlavə edir.
Avropa İttifaqında Covid-19 diaqnostik testlərinin təsdiqlənmə prosesi hazırda digər diaqnostika növləri ilə eynidir, lakin bəzi analizlərin göstəriciləri ilə bağlı narahatlıqlar keçən apreldə yeni təlimatların hazırlanmasına səbəb oldu. Bunlar istehsalçıları ən azı ən müasir Covid-19 testləri qədər yaxşı işləyən test dəstləri istehsal etməyə çağırır. Lakin testlər istehsalçıların sınaqlarındakından həqiqətən fərqli nəticə verə biləcəyinə görə təlimatlar üzv dövlətlərə testləri ictimaiyyətə təqdim etməzdən əvvəl yoxlamağı tövsiyə edir.
İdeal olaraq, Boehma hər ölkənin hər analizi yoxlamağa ehtiyac duymayacağını deyir. Dünyadakı istehsalçılar və laboratoriyalar tərəfindən istifadə olunan, FIND-in hazırladıqları kimi ümumi protokollar olacaq. Boehma “qiymətləndirməni sınaqdan keçirmək üçün standartlaşdırılmış yanaşmalar ehtiyacımız olan şeydir” deyir. “Bu, müalicələr və peyvəndlər qiymətləndirilərkən baş verənlərdən fərqlənməyəcək.”
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.