Xərçəng hüceyrələrini daimi yuxuya verən yeni müalicə yoldadır

Xərçəng hüceyrələrini daimi yuxuya sala və fəaliyyətlərini əngəlləyə biləcək yeni birləşmənin hazırlanması xəbəri onkologiya dünyasında böyük əks-səda doğurdu.
Tədqiqatçılar DNT-yə zərər vermədən hüceyrənin bölünməsini əngəlləyəcək dərman tapmaq üçün çalışdılar. DNT zədəsi kimyaterapiya və radioterapiya kimi standart xərçəng müalicələrinin ortaq təsiridir, eyni zamanda bu müalicələrin sağlam hüceyrələrə də qismən zərər verməsinin səbəbidir.
Avstraliyanın Parkville şəhərindəki Walter və Eliza Hall İnstitutundan Tim Thomas və Anne Voss Monash Institute of Pharmaceutical Sciences kimi digər qurumlardan çoxlu mütəxəssislə birlikdə müxtəlif xərçəng növləri ilə əlaqəli iki zülalı inhibə etmək (basqılamaq) ehtimalını araşdırırdılar. Bu zülallar KAT6A və KAT6B idi.
Tim Thomasın ifadəsi ilə: «Əvvəlcə KAT6A-nın genetik olaraq tükənməsinin limfoma adlı hematoloji xərçəngin heyvan modellərində gözlənilən ömrü dörd dəfə artırdığını aşkar etdik. KAT6A-nın xərçəng üçün mühüm vasitə olduğunu bildiyimiz üçün xərçəngi müalicə etmək məqsədilə bu zülalı inhibə etməyin yollarını axtarmağa başladıq.»
Nəticələri Nature jurnalında dərc olunan araşdırmanın tədqiqatçıları indiyədək laboratoriya şəraitində hematoloji (qan və sümük iliyi mənşəli) xərçənglərin və qaraciyər xərçənginin irəliləməsini dayandıran və xəstəliyin təkrarlanmasını gecikdirmək vəd edən yeni birləşmələr sinfi hazırladılar.
Kimyaterapiya və radioterapiya kimi standart xərçəng müalicələri bərpa olunmayacaq dərəcədə DNT zədəsi yaradaraq xərçəng hüceyrələrini məhv edir. Lakin DNT zədələri şiş toxumalarını əhatə edən sağlam hüceyrələrdə də görülür. Buna bağlı olaraq xəstədə saç tökülməsi, ürəkbulanma, yorğunluq və sonsuzluq yarana bilər. Eyni zamanda bərpa edilə bilməyən DNT zədələri insanın sekundar (ikincili) xərçəng növlərinə tutulma riskini artırır.
Xərçəng hüceyrələrini yuxuya verən bu molekullar necə işləyir?
KAT (lizin asetiltransferaza) adlı fermentlər epigenetik mexanizmlərlə xromosomun normal işini tənzimləyən mühüm zülallardır. Bu fermentlərdən KAT6A və KAT6B bir çox xərçəngdə mutasiyalı vəziyyətdə aşkarlanan onkogenlərdir. Bu fermentlərin mutasiyalı olması, yəni işləyə bilməməsi xərçəngləşməyə yol açacaq genlərin davamlı aktivləşməsinə səbəb olur. Yeni hazırlanan iki molekul WM-8014 və WM-1119 bu fermentlərin anormal işini əngəlləyərək hüceyrənin mitoz bölünmə dövründən çıxmasına və yuxuya getməsinə səbəb olur.
Bəs bu araşdırma bizə nə ifadə edir?
- Sağlam hüceyrələrə zərər vermədən xərçəng hüceyrəsinin çoxalmasını əngəlləyən molekul aşkar edildi.
- Bu molekulların hazırlanması xərçəng müalicələri baxımından əhəmiyyət daşıyır. Xüsusilə KAT6A və KAT6B zülalları dərmanla müdaxilə edilə bilməyən kimi təsnif edilmişdi. Yeni hazırlanan bu molekullar genetik müdaxilə ilə bu zülalları inhibə edərək xərçəng hüceyrələrini yuxuya sala bilir.
- Eyni zamanda xərçəngin residivinin (təkrarlanmasının) qarşısının alınmasında bu molekullar böyük fayda verə bilər.
- İnsanlarda klinik tədqiqatlarla effektivliyi göstərildikdən sonra istifadə edilməyə başlanacaq.
Mənbələr
Inhibitors of histone acetyltransferases KAT6A/B induce senescence and arrest tumour growth.
Nature, 1 August 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.