Xərçəngə bağlı həyat itkiləri 33% azaldı – ABŞ xərçəng statistikası 2023

Amerika Xərçəng Cəmiyyəti (American Cancer Society) 1991-ci ildən bəri yeni xərçəng müalicələri və erkən diaqnostikadakı irəliləyişlər sayəsində xərçəngə bağlı həyat itkilərinin 33% azaldığını göstərən Xərçəng statistikası 2023 hesabatını dərc etdi. Bu azalmanın xərçəngə bağlı 3,8 milyon həyat itkisinin qarşısını aldığı hesablanır.
Hesabat həmçinin HPV peyvəndi olunmuş 20-24 yaşlı qadınlarda 2012-2019-cu illər arasında uşaqlıq boynu xərçənginin rastgəlmə tezliyinin 65% azaldığını göstərir.
Lakin hesabat eyni zamanda 2014-2019-cu illər arasında prostat xərçəngi hadisələrinin ildə 3% artdığını və bu artımın 50 yaşdan sonra müntəzəm PSA yoxlanması tövsiyəsindəki dəyişiklikdən qaynaqlandığını göstərir. Hesabat həmçinin qaradərili kişilərdə prostat xərçəngindən həyat itkisi nisbətlərinin digər etnik və irqi qruplardan iki-dörd dəfə yüksək olduğunu və süd vəzi, eləcə də uşaqlıq xərçəngində qaradərili qadınların ağdərili qadınlardan 40% daha yüksək həyat itkisi nisbətlərinə malik olduğunu vurğulayır.
Hesabat kişilərdə ümumi xərçəng tezliyi meyllərinin qadınlardakından daha müsbət olduğunu da göstərir (baxın: Şəkil 1). Məsələn, kişilərdə bir çox xərçəngin tezliyi azalarkən qadınlarda süd vəzi və uşaqlıq xərçəngi hadisələri hələ də artır. Eyni şəkildə kişilərdə qaraciyər xərçəngi və melanoma (aqressiv dəri xərçəngi) hadisələri 50 yaş və daha yuxarı kişilərdə sabitləşib, gənc kişilərdə isə azalıb.
Xərçəng statistikası 2023 hesabatına görə, bu il kişilərdə ən çox diaqnoz qoyulacaq ilk üç xərçəng prostat, ağciyər və yoğun bağırsaq xərçəngi olacaq; bunlar kişilərdə diaqnoz qoyulan bütün xərçənglərin demək olar yarısını (48%) təşkil edəcək. Qadınlarda ən çox diaqnoz qoyulacaq ilk üç xərçəng növü isə bütün xərçənglərin yarısından bir qədər çoxunu (52%) təşkil edən süd vəzi, ağciyər və ya yoğun bağırsaq xərçəngi olacaq.
Dünyada da bütün yeni xərçəng hadisələrinin çoxunu təşkil edən bu 4 xərçəngin (süd vəzi, ağciyər, yoğun-düz bağırsaq və prostat) xərçəng skrininq testləri ilə erkən aşkarlana biləcəyini bilmək vacibdir.

Şəkil 1. Cinsə görə təxmin edilən yeni xərçəng hadisələri və həyat itkiləri üzrə aparıcı 10 xərçəng növü, ABŞ xərçəng statistikası, 2023. Hadisələrə melanoma olmayan dəri xərçəngləri və sidik kisəsi istisna olmaqla in situ karsinomalar daxil deyil.

Şəkil 2. Cinsə görə xərçəng insidensi (ildə hər 100 min nəfərdə yeni yaranan hadisə sayı) (1975–2019) və ölüm (həyat itkisi) (1975–2020) göstəricilərindəki meyllər, ABŞ.

Şəkil 3. Cinsə görə seçilmiş xərçənglərdə insidens göstəricilərinin meylləri, ABŞ, 1975–2019.
Son 30 ildə xərçəng ölümlərinin davamlı azalması ümidverici olsa da, Amerika Xərçəng Cəmiyyətinin hesabatı xərçəngin ürək xəstəliyindən sonra ikinci aparıcı həyat itkisi səbəbi olaraq qaldığını və 40 ilə 79 yaşlı qadınlar və 60 ilə 79 yaşlı kişilər arasında həyat itkisinin birinci səbəbi olduğunu göstərir.
Amerika Xərçəng Cəmiyyəti bu il ABŞ-da təxminən 2 milyon yeni xərçəng hadisəsinə diaqnoz qoyulacağını və bunun təxminən 610000 həyat itkisi ilə nəticələnəcəyini təxmin edir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.