Yalnız Səkkiz Yola Əməl Edərək Xərçəng Riskini Azalda Bilərsiniz

Bu məqalədə
Xərçəng Riskini Azaldın
Həyatınız boyunca etdiyiniz seçimlər sizi xərçəngə yaxınlaşdırır və ya ondan uzaqlaşdırır. Hər gün qəzet və jurnallarda şişirdilmiş başlıqlarla təqdim olunan yazıları oxuyursunuz. “Xərçəngin qarşısını alan pəhriz!”; “Gündə cəmi bir-iki dəqiqə ərzində xərçəng riskinizi yarıya endirin!”. Görəsən, gündəlik həyatınızda etdiyiniz sadə seçimlərlə xərçəng riskini azaltmaq həqiqətən mümkündürmü? Xərçəngdən qorunmaq üçün sehrbaz olmağa ehtiyac yoxdur. Sizi çox çətinliyə salmayan sadə tədbirlərlə sağlam qalmağınız mümkündür...
Xərçəng xəstəliyində genetika mühüm rol oynayır. Buna görə də nə qədər sağlam yaşasanız belə, xərçəng xəstəliyinə tutulma ehtimalınız var.
Lakin mütəxəssislər böyüklərdə rast gəlinən xərçənglərin hər 3 xərçəngdən 2'sinin sizin nəzarətinizdə olan həyat tərzi ilə əlaqəli olduğunu təxmin edirlər. Sağlamlığınızla bağlı verdiyiniz hər qərar və tərk etdiyiniz hər sağlamlığa zərərli vərdiş xərçəng riskinizi hər dəfə bir qədər də azaldır.
Aşağıda qeyd etdiyim ən sağlam səkkiz vərdiş sizi xərçəng riskindən qorumağa kömək edəcək (doqquzuncu isə mütəxəssislərin hələ ehtiyatla yanaşdığı bir vərdişdir).
Xərçəng riskini artıran vərdişlər və/və ya görülməli tədbirlər hansılardır? Gəlin birlikdə nəzərdən keçirək:
Siqaret Çəkməyin
Ağciyər xərçənginin yaranmasında ən böyük amillərdən biri siqaret çəkmək vərdişidir. Bütün dünyada həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən xərçəng növlərindən biri olan ağciyər xərçəngi həyati risk daşıyan xərçəng növüdür.
Əlbəttə, söhbət yalnız ağciyər xərçəngindən getmir… Siqaret çəkmək vərdişi ilə əlaqəli onlarla xərçəng növü mövcuddur və xərçənglə bağlı həyati risk göstəricisi %30 səviyyəsindədir.
Bu səbəbdən həkimlərin əksəriyyəti xərçəng riskini azaltmaq üçün atılacaq ən böyük addımın siqareti tərgitmək və bir daha başlamamaq olduğunu bildirir. Siqaret çəkmək vərdişini tamamilə tərgitməkdə çətinlik çəkirsinizsə, onu azaltmağınız belə xərçəng riskinizi əhəmiyyətli dərəcədə azaldır.
2010-cu ildə Amerika Tibb Assosiasiyasının jurnalında dərc olunan araşdırmaya görə, gündə 20 ədəd siqaret çəkən şəxsin siqaret istehlakını gündə 10 ədəddən aşağı salması ağciyər xərçəngi riskini %27 nisbətində azaldır. Bu, sizin üçün yaxşı başlanğıcdır, lakin burada dayanmamalısınız. Sağlamlığınız üçün siqareti tamamilə tərgitmək ən doğru seçiminiz olacaq.
Siqaret çəkməsəniz belə, bunun həyatınıza təsir etməyəcəyini düşünməyin. Hər il orta hesabla 3,000 ağciyər xərçəngi hadisəsinin passiv siqaret çəkənlərdən qaynaqlandığına və passiv siqaret çəkən olmağın digər xərçəng növləri ilə əlaqəli ola biləcəyinə dair güclü sübutlar əldə edilmişdir.
Əgər qapalı məkanda yerləşən bar və ya gecə klubundasınızsa və oradakı 100 nəfər siqaret çəkirsə, siz də siqaret çəkmiş ola bilərsiniz. Bardan çıxarkən paltarlarınız siqaret qoxuyur və çoxlu siqaret tüstüsünə məruz qalmış olursunuz.
Buna görə də siqaret çəkilən barlara və gecə klublarına gedərkən, həmçinin uşağınızı avtomobildə və/və ya qapalı məkanlarda daim siqaret çəkən biri ilə birlikdə saxlayarkən bir daha düşünün.
Kökəlməyin
Bir çox insan artıq çəkinin ürək sağlamlığı üçün yaxşı olmadığını bilir. Lakin onun xərçəng xəstəliyinin əsas risklərindən biri olduğunu bilmir. Hər il xərçənglə bağlı həyati risklərin %14-ü, yeni xərçəng hadisələrinin isə %3-dən çoxu piylənmə ilə əlaqəli yaranır.
Məsləhətim mümkün qədər sağlam çəkidə qalmağınızdır. Bu, xərçəngdən qorunmağın ən mühüm yollarından biri ola bilər.
Bir çox yazımda qeyd etdiyim kimi, kökəlməmək üçün sağlam qidalanmaq və idman etmək xərçəngin yaranmasının qarşısını alan amillərdir. Piylənmə ilə əlaqəli yaranan geniş çeşidli xərçəng növlərindən bəziləri özofageal (qida borusu), mədəaltı vəzi, öd kisəsi, süd vəzi, endometrial və böyrək xərçəngləridir. Bu halda sağlam çəkidə olmağın ən mühüm məqamlarından biri sağlam qidalanmanı həyat tərzinə çevirməkdir.
Hərəkət Edin
İstənilən fiziki fəaliyyət bir çox xərçəng növünün qarşısının alınmasına kömək edir. Bəzi araşdırmalar hər gün ən azı 30 dəqiqə idman etməyin tez-tez rast gəlinən bir çox xərçəng növünü %30-50 nisbətində azaltdığını müəyyən etmişdir.
Hansı növ məşq etdiyiniz və ya bunu nə vaxt etdiyiniz vacib deyil. Sadəcə edin. Gəlin, məşq etməklə siqaret çəkmək arasındakı əlaqəni quraq. Sağlam çəkiyə sahib olduqda fiziki fəaliyyətiniz artır, daha çox tərəvəz və meyvə yeməyə başlayırsınız. Siqaret çəkirsinizsə, bu həm də siqareti tərgitməyiniz deməkdir. Nə qədər çox idman etsəniz, pis vərdişlərinizi davam etdirməyə bir o qədər az vaxt taparsınız. Daha gümrah və formada bədənə sahib olmağınız da idmanın digər faydalı təsirlərindəndir.
Buna görə də insanların həyatına gizlicə daxil olan və sağlamlıq vəziyyətlərinə mənfi təsir göstərən pis vərdişlərin nə qədər mühüm olduğunu başa düşməyiniz və həyat tərzinizi buna uyğun tənzimləməyiniz çox vacibdir.
Boşqabınızı Tərəvəzlərlə Doldurun
Bəzi xərçəng növlərindən qorunmağa kömək edə biləcək müxtəlif qidalar var. Yağların bağırsaqlarda sorulmasını təmin edən likopeni qırmızı qreypfrut, böyürtkən, pomidor və qarpız kimi qidalardan əldə edə və prostat xərçəngi riskini azalda bilərsiniz.
Bir çox xərçəng növünün riskini azaltmağı hədəfləyirsinizsə, boşqabınızı karbohidrat ehtiva etməyən tərəvəz və meyvələrlə doldurmalısınız. Hər gün orta hesabla ən azı 400 qr. tərəvəz və meyvə qəbul etməlisiniz. Aralıq dənizi pəhrizi, Sent-Trope pəhrizi və yaşıl pəhriz tərəvəz və meyvələrlə zəngin pəhrizlərdir və sizi xərçəng xəstəliyindən qoruyur.
Boşqabınızın üçdə ikisini meyvələr, tərəvəzlər, soya paxlası və bütün taxıl məhsulları təşkil etməlidir; qalan üçdə bir hissədə isə yağsız ət, balıq və az yağlı süd məhsulları olmalıdır.
Alkoqol İstifadə Etməyin
Söhbət sağlamlıqdan gedəndə alkoqolun iki tərəfi də iti qılınc tutmağa bənzədiyi görünür. Xüsusilə, mütəxəssislərin ürək sağlamlığı üçün faydalı ola biləcəyini söylədiyi qırmızı şərab kimi alkoqol faizi aşağı olan içkilərin istifadəsi yazılı və şifahi mediada dəfələrlə vurğulanmışdır.
Lakin digər tərəfdən az və ya çox miqdarda alkoqol qəbulunun xərçəng riskini artıra biləcəyi də bildirilir.
Xərçəng baxımından təhlükəsiz alkoqol səviyyəsi yoxdur. Nə qədər çox alkoqol qəbul etsəniz, xərçəng riski də bir o qədər artır. Ağız, özofagus (qida borusu) və boğaz xərçəngi kimi alkoqol qəbulu ilə əlaqəli risk göstəricisi artan müəyyən xərçəng növləri var. Siqaret də çəkirsinizsə, xərçəngə tutulma riskiniz ikiqat artır.
Qadınların gündə bir, kişilərin isə gündə iki stəkandan çox alkoqol qəbul etməməsinin risk amilini azalda biləcəyi bildirilir.
Stressdən Azad Olun
İnsanlar stressin xərçəng riskinin artmasına səbəb olub-olmadığı ilə həmişə maraqlanıblar. Stressin xərçəngdə risk amili olduğuna dair etibarlı sübut tapılmamışdır. Lakin stressli insanlar bəzi sağlamlığa zərərli davranışlar göstərə bilərlər. Stressi azaltmaq üçün həddindən artıq yeyə, spirtli içki və ya siqaret qəbul edə bilərlər. Bu cür davranışlar da xərçəng riskini artıran amillərdir.
Gündəlik yazmaq, meditasiya və idman kimi üsullar stressin öhdəsindən gəlməyinizə kömək edəcək.
Skrininq Testlərini Azaldın
Mammoqrafiya, prostat-spesifik antigen (PSA) kimi bir çox skrininq testi xərçəngin qarşısını almaq üçün deyil, müalicə edilə bilən vəziyyətdə olarkən xərçəngi erkən mərhələdə müəyyən etmək üçün aparılır.
Kolonoskopiya və Pap testi kimi testlər isə müalicə edilmədikdə yoğun bağırsaq və ya uşaqlıq boynu xərçənginə səbəb ola bilən xərçəngönü dəyişiklikləri aşkar etməyə kömək edə bilər.
Kimin hansı skrininq testini nə vaxt etdirməli olduğu çaşqınlıq yaradan məsələdir. Nə etməli olduğunuzu özünüz müəyyənləşdirməyə çalışmaq əvəzinə, şəxsi sağlamlıq vəziyyətiniz barədə həkiminizlə danışmağınız yaranan sualları aradan qaldıracaq.
Məsələn, mammoqrafiya ilə bağlı sualınız “50 yaşdan kiçik qadınlar mammoqrafiya etdirməlidirmi?” olmamalıdır. Bunun əvəzinə “Şəxsi sağlamlıq vəziyyətim və ailə tarixçəm barədə məlumat verməliyəmmi? Lazım gələrsə, 50 yaşından əvvəl mammoqrafiyaya başlamalıyammı?” suallarını verməlisiniz.
Həkiminizlə bir dəfə görüşməyin kifayət edəcəyini əsla düşünməyin. Sağlamlıq vəziyyətiniz, xərçənglə bağlı yeni inkişaflar və skrininq testləri zamanla dəyişəcək. Buna görə də bu il, gələn il və ondan sonrakı il baş verən bütün dəyişiklikləri həkiminizdən soruşmağınız düzgün qərar olacaq.
Köklərinizi Araşdırın
Bütün xəstələr ailələrinin sağlamlıq tarixçəsini araşdırmalıdır. Ailə tarixçəsi xərçəng riskini azaltmaq və onu erkən mərhələdə aşkar etmək üçün fərdiləşdirilmiş strategiya müəyyənləşdirməyimizə imkan verir. Lakin çox az sayda xəstənin ailə tarixçəsi ilə bağlı kifayət qədər tibbi məlumatı var.
Bu halda növbəti dəfə yaxın ailə üzvlərinizlə bir araya gələrək onların sağlamlıq vəziyyəti barədə ətraflı məlumat toplamalısınız. Bir araya gələ bilmirsinizsə, Skype və ya Facebook kimi sosial media vasitəsilə əlaqə saxlayaraq prosesi sürətləndirə bilərsiniz. Əldə etdiyiniz məlumatları diqqətlə qeyd etməli, sonra isə həkiminizlə paylaşmalısınız.
Aspirin — Bəlkə də doza xəbərdarlıqla göstərilməlidir
Xərçəngin qarşısını almaq üçün aspirin qəbul etməlisinizmi?
Müntəzəm olaraq aşağı dozalı aspirin istifadəsi ilə bağlı qeyri-müəyyənlik davam etsə də, əldə olunan bəzi məlumatlar aspirin istifadəsini dəstəkləyir.
2010-cu ildə aparılan genişmiqyaslı bir araşdırma gündəlik qəbul edilən aşağı dozalı aspirinin bəzi xərçəng növləri (əsasən ağciyər, kolorektal və qida borusu xərçəngi) ilə əlaqəli ölüm riskini təxminən %21 nisbətində azalda biləcəyini bildirmişdir.
Lakin müntəzəm aspirin istifadəsi, xüsusilə dəridə qıcıqlanma və mədə qanaxması kimi bəzi əlavə təsirlərə də səbəb ola bilər. Əksər mütəxəssislər aspirinin xərçəngə qarşı təsirli olduğunu söyləmək üçün hələ tez olduğu qənaətindədir.
Hər kəs xərçəngdən qorunmağın gündə bir həb qəbul etmək qədər asan olmasını arzulayır. Lakin əslində xərçəng riskini azaltmaq üçün sağlam çəkidə olmaq, idman etmək və tərəvəz-meyvə ilə qidalanmaq aspirin qəbul etməkdən daha qalıcı tədbirlərdir.
Hər hansı səbəbdən müntəzəm aspirin istifadəsinə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin. Sağlamlıq vəziyyətinizi nəzərə alaraq həkiminizin verəcəyi qərarlara əməl etmək gələcəkdə yarana biləcək digər sağlamlıq problemlərinin qarşısını alacaq.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.