Yerba mate çayı nədir? Xərçəng riski daşıyırmı?

Elmi adı Ilex paraguariensis olan yerba mateçobanpüskülü fəsiləsindən çiçək və meyvə verən tropik ağacdır. Qurudulmuş yarpaqlarından hazırlanan içki mate çayı və ya Paraqvay çayı kimi tanınır. Cənubi Amerikaya xasdır; xüsusilə Braziliya, Argentina, Paraqvay və Uruqvay mənşəlidir. Son illər ölkəmizdə də rəğbət görməyə başlayan mate çayının xüsusiyyətləri, tərkibi, potensial zərərləri və ya təsirləri, xərçəng müalicəsində istifadə edilə bilib-bilməməsi kimi sualların cavabları ilə maraqlanırsınızsa, yazımızın davamını oxuya bilərsiniz.
Mate çayı ənənəvi qabın və ya fincanın içinə az miqdarda qoyulan bu bitki qarışığının üzərinə isti su əlavə edilib bir neçə dəqiqə dəmlənməsi ilə hazırlanır. Hazırlanan çay içmə temperaturuna çatanda dəmlənmiş olur və süzgəcli çöp vasitəsilə içilərək bitkilərin qabın dibində qalması təmin edilir. Bu şəkildə bir neçə dəfə dəmlənərək içilə bilər.
Yerba mate bitkisi aşağıdakı aktiv kimyəvi maddələri ehtiva edir:
- polifenollar
- flavonoidlər (quercetin, kaempferol və rutin)
- fenol turşuları (xlorogen turşusu və kofein turşusu)
- ksantinlər (kofein və teobromin)
- saponinlər
- triterpen
- alkaloidlər
- amin turşuları
- mineral maddələr (fosfor, dəmir, sink, mis və kalsium)
- vitaminlər (C, B1, B2).
Mate çayının zülal və ya lif kimi xüsusi qidalandırıcı tərkibi yoxdur.
Mate çayı ilə bağlı hər hansı elmi tədqiqat varmı?
Mate ilə bağlı 11-i klinik tədqiqat olan 259 elmi nəşr var. Müqayisə etsək, yaşıl çayın isə 1165-i klinik tədqiqat olan 28.000-dən çox nəşri var. Yəni mate haqqında olduqca az sayda elmi tədqiqat var; bunun səbəbi tibbi ola biləcək — məsələn, antioksidant — xüsusiyyətlərinin ilk dəfə 1992-ci ildə təsvir edilməsidir.
Yerba matenin kolon xərçəngini müalicə etdiyi doğrudurmu?
Kolon xərçəngində matenin xərçəng hüceyrələrini öldürdüyünə dair insanlarda klinik sınaq yoxdur. Tək bir laboratoriya tədqiqatı yerba matedə olan caffeoylquinic turşusunun hüceyrə böyüməsini inhibə etdiyini (basqıladığını) və kolon xərçəngi hüceyrə xətlərində hüceyrə ölümünü təşviq etdiyini göstərir. Lakin bu, kifayət qədər böyük sınaq deyil, yalnız kiçikmiqyaslı ilkin tədqiqatdır.
Yəni mate çayının insanlarda kolon xərçəngi hüceyrələrini öldürdüyünə dair elmi sübut yoxdur.
Mate çayı xolesterini azaldırmı?
Bununla bağlı bəzi tədqiqatlar var. Braziliyada aparılan bir tədqiqatda 102 şəxsdə gündə üç dəfə 330 ml yerba mate çayının qanda lipid (yağ) səviyyəsinə təsiri araşdırılıb. Tədqiqatın nəticələrinə görə mate çayı istifadəsi qan lipid göstəricilərini yaxşılaşdırıb və pis xolesterin (LDL) səviyyəsini azaldıb.
Mate çayı ilə arıqlamaq mümkündürmü?
Mate çayının necə arıqlatdığına dair bir çox söz-söhbət var. Məsələn, yağ hüceyrələrinin yaranmasını basqıladığı məlum olan xlorogen turşusu adlı maddəni ehtiva edir.
2015-ci ildə aparılan randomizə edilmiş, plasebo nəzarətli klinik tədqiqatda mate çayının piylənməyə təsiri araşdırılıb. Koreyada aparılmış, 30 nəfərlik bu tədqiqatın nəticələrinə görə 12 həftə ərzində mate əlavəsi verilən artıq çəkili şəxslərdə plasebo qrupuna nisbətən azalma və statistik baxımdan əhəmiyyətli arıqlama təsiri bildirilib. Bununla belə, piylənmə kimi çox geniş yayılmış xəstəlikdə daha çox xəstə iştirak edən tədqiqatlarla bu nəticələrin təsdiqlənməsi gözlənilərdi.
Mate çayının təzyiqsalıcı təsiri varmı?
Ümumilikdə yaşıl çay və mate kimi bitki çaylarının bu təsiri bir neçə tədqiqatda araşdırılıb, lakin dəqiq nəticə əldə edilməyib.
Mate çayı təhlükəsizdirmi, yan təsirləri varmı?
Yerba mate kanserogen olduğu məlum olan polisiklik aromatik karbohidrogenləri (PAH) ehtiva edir. Bundan başqa, tərkibindəki kofein hipertoniya, ürəkdöyünmə və təşviş riskini artırır.
Mate çayı ilə bağlı ən mühüm sual xərçəng riskidir. Yerba matenin xərçəng riskini araşdıran əhatəli tədqiqat İtaliya, Uruqvay və Argentinanın əməkdaşlığı ilə dərc edilib. İcmala 3820 nəfərin iştirak etdiyi ümumilikdə 6 tədqiqat daxil edilib. Nəticələrə görə mate çayı istehlakı ilə ağız, böyrək, sidik kisəsi və ağciyər xərçəngi riskinin artmadığı görülüb. Çox isti içildikdə qida borusu (ezofagus) xərçəngi üçün risk amili olduğu, ilıq və ya soyuq içilən matenin isə xərçəng riskinə təsir etmədiyi bildirilib.
Nəticə
Yerba mate çayının tibbi təsirləri barədə aparılmış tədqiqatların sayı azdır və mövcud tədqiqatlar da kiçikmiqyaslıdır. Bununla belə, Cənubi Amerikanın ənənəvi içkilərindən olan mate çayı çox isti içilmədiyi təqdirdə hələlik xərçənglə əlaqələndirilə bilmir.
Mənbələr
Do Yerba Mate Have Health Benefits? The Current Research Reviewed.
healthybutsmart.com - Last Updated: 14 June 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.