Yaşıl çay nədir? Yaşıl çay ekstraktı xərçəng müalicəsində işə yarayırmı?

Bu məqalədə
Asiya ölkələrinə xas içki olan yaşıl çay ölkəmizdə də çox istehlak edilməyə başlayıb. Bu bitki mənşəli məhsulla bağlı ilk ağıla gələn yaşıl çay arıqladırmı sualı olsa da, yaşıl çay istehlakının xərçəngə təsiri də maraq doğurur və çoxsaylı tədqiqatın mövzusu olub.
Elmi adı Camellia sinensis olan yaşıl çay əsasən Çində və digər Asiya ölkələrində yetişdirilir. Tarixi M.Ö. (eramızdan əvvəl) 3000-ci ilə qədər uzanır. Təzyiqi aşağı salmaq, xolesterini azaltmaq, arıqlamağa kömək etmək kimi müxtəlif faydaları olduğu iddia edilsə də, bu sahələrdə aparılmış tədqiqatlar yetərli sayda deyil.
Yaşıl çay barədə Google’da araşdırma apardıqda ən çox bu suallara cavab axtarıldığını görürük: yaşıl çay arıqladırmı, yaşıl çay necə dəmlənir, yaşıl çayın zərərləri, yaşıl çay nə qədər içilməlidir, yaşıl çay mineral su müalicə kursu … Buradan da anlaşıldığı kimi, cəmiyyət yaşıl çayı faydalı alternativ tibb məhsulu kimi qəbul etsə də, zərərli ola biləcəyinə dair şübhələri də var. Bu şübhədə haqlıdır, çünki xüsusilə çox yaşıl çay istehlakından sonra kəskin — qəfil başlayan qaraciyər zədələnməsi, qaraciyər çatışmazlığı, hətta həyat itkisi yaranmış çoxlu hal mövcuddur.
Yaşıl çayla bağlı elmi tədqiqatlar son illərdə onun xərçəng müalicəsinə təsiri üzərində cəmləşib. Yaşıl çay ekstraktında olan flavonoid, katexin və tanin kimi polifenol birləşmələrinin xərçəngə təsiri müxtəlif tədqiqatlarda araşdırılıb. Yaşıl çayda olan və haqqında ən çox araşdırma aparılan maddə katexin olan Epiqallokatexin qallat-dır (EGCG = epigallocatechin gallate).
Dəstəkləyici tədqiqatlar
- Baş, boyun və qarın nahiyələrindən hər hansı birinə radioterapiya alan xəstələrin müalicə olunan nahiyələrinə gündə üç dəfə on dəqiqə ərzində yaşıl çaylı kompres tətbiq edilib. Nəticədə həmin dəri nahiyələrinin radioterapiyadan daha az təsirləndiyi müşahidə edilib.
- Qafqaz mənşəli menopauzadan sonrakı qadınlarla aparılmış faza 1 tədqiqatında yaşıl çay istifadəsinin xərçəng xəstələri və xərçəng riski daşıyan şəxslər üçün ümumən təhlükəsiz ola biləcəyi tapılıb. Eyni tədqiqatda yaşıl çayın ishalı da azaltdığı müşahidə edilib.
- Müxtəlif tədqiqatlarda gündə 7 stəkan yaşıl çay və ya epiqallokatexin qallat istehlakının prostat, qaraciyər və endometrial (uşaqlıq mənşəli) xərçəngə tutulma riskini azaltmaqda təsiri ola biləcəyi müşahidə edilib. Bununla belə, çox yaşıl çay istehlakının qaraciyər zədələnməsi riski də var. Buna görə xüsusilə arıqlamaq məqsədilə istifadə edilən bəzi yaşıl çay ekstraktı məhsulları 2003-cü ildə İspaniya və Fransada qadağan edilib.
- Aparılmış bir laboratoriya tədqiqatında yaşıl çayda olan polifenol birləşmələrinin (GTP) immun sistemini hərəkətə gətirə biləcəyi tapılıb. Eyni tədqiqatda bu birləşmələrin yüksək miqdarının heyvan modellərində şişin irəliləməsini basdırdığı görülüb. Lakin bu tədqiqat yaşıl çayın şişin irəliləməsini basdırdığını göstərmək üçün yetərli deyil.
- Başqa tədqiqatda GTP molekullarının nanotexnologiya ilə birlikdə istifadəsi ilə prostat xərçənginin qarşısını almaq hədəflənir.
- Müxtəlif laboratoriya tədqiqatlarında yaşıl çayda olan katexin növlərinin (GTC) süd vəzi xərçəngi hüceyrələrinə basdırıcı təsiri olduğu tapılıb. Lakin bunun üçün lazım olan GTC miqdarı klinik tətbiqlərdə istifadə edilə bilməyəcək qədər yüksəkdir. Buna görə GTC-lərin süd vəzi xərçənginin müalicəsinə təsiri barədə daha geniş tədqiqatlara ehtiyac var.
Əks nəticəli tədqiqatlar
- Ağciyər xərçəngi xəstələrində aparılmış faza 1 tədqiqatında yaşıl çay istehlakının şişə müşahidə edilə bilən təsiri olmadığı görülüb.
- Ezofagus — qida borusu xərçəngi xəstələrində aparılmış tədqiqatda yaşıl çay istehlakının xəstəliyə yaxşı təsir etdiyinə dair yetərli sübut tapılmayıb.
- Yaşıl çay istehlakının mədəaltı vəzi xərçəngi riskini azaltdığına dair sübutlar yetərli deyil.
- Yaşıl çayın insanlarda şişin irəliləməsini ləngitdiyinə dair sübut yoxdur.
- Çoxsaylı mielomanın müalicəsində istifadə edilən Bortezomib (ticarət adı Velcade) ilə yaşıl çayın birlikdə istifadəsi dərmanın təsirini azaldır.
Süd vəzi xərçəngi xəstələrində Tamoksifen (bazarda Nolvadex, Tamoxen, Tamofen və ya Soltamox adı ilə olur) və ya Raloksifen (ticarət adı Evista) ilə yaşıl çayın birlikdə istifadəsi bu dərmanların təsirini artırır. Bu da yaşıl çayın dərmanlarla qarşılıqlı təsir göstərdiyini ortaya qoyub. Buna görə xüsusilə süd vəzi xərçəngi üçün hormonal müalicə alan şəxslərin yaşıl çay istehlakını tövsiyə etmirik.
Mədə turşusunu artıran təsiri olduğundan mədə xorası olan xəstələr üçün də uyğun deyil. Həmçinin mədə narahatlıqlarına, qaraciyər zədələnməsinə, səpgilərə və kofein tərkibinə görə yuxusuzluğa səbəb ola bilər.
Nəticə
Yaşıl çay istehlakının xərçəngə təsirlərinə dair dəstəkləyici və əks nəticəli tədqiqatlar var. Lakin bu tədqiqatlar yaşıl çay istehlakının xərçəngə müsbət və ya mənfi təsirlərini göstərməkdə qeyri-kafi qalır. Bu sahədə aparılacaq daha geniş tədqiqatlara ehtiyac var. Buna görə xərçəng müalicəsi və ya xərçəngdən qorunmaq üçün yaşıl çay istehlakını tövsiyə etmirik.
Mənbələr
2. Matsuo T, Miyata Y, Asai A, et al. Green tea polyphenol induces changes in cancer-related factors in an animal model of bladder cancer. PLoS One. 2017;12(1):e0171091.
3. Kim YH, Won YS, Yang X, et al. Green tea catechin metabolites exert immunoregulatory effects on CD4(+) T cell and natural killer cell activities. J Agric Food Chem. 2016;64(18):3591-7
4. Guo YM, Zhi F, Chen P, et al. Green tea and the risk of prostate cancer: a systematic review and meta-analysis. Medicine. 2017;97(13):e6426
5. Ni CX, Gong H, Liu Y, Qi Y, Jiang CL, Zhang JP. Green tea consumption and the risk of liver cancer: a meta-analysis. Nutr Cancer. 2017;69(2):211-20.
6. Yiannakopoulou EC. Interaction of green tea catechins with breast cancer endocrine treatment: a systematic review. Pharmacology. 2014;94:245-8.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.