Yoqa haqqında 10 vacib məlumat

Yoqa bədən və ruh sağlamlığına yaxşı təsir edən məşq və meditasiya üsuludur. Akademik tədqiqatlara görə yoqa düzgün yerinə yetirildikdə bir çox fayda verir. Lakin diqqət edilməli cəhətləri də gözardı edilə bilməyəcək qədər vacibdir. Bu yazımızda yoqanın həm psixoloji və fiziki faydalarına, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək məqamlara toxunacağıq.
Faydaları
Fiziki ağrılarınızı yüngülləşdirin – 1
Tədqiqatlar nəticəsində müntəzəm yoqanın miqreni, kürək və bel ağrılarını yüngülləşdirdiyi müəyyən edilmişdir.
Yaxşı fiziki məşq – 2
Yoqa düzgün və müntəzəm yerinə yetirildikdə ürəyi gücləndirən, arıqlamağa kömək edən, qan dövranını sürətləndirən, əzələləri işlədərək gücləndirən yaxşı məşq növüdür. Xüsusilə öz hədləriniz daxilində uzun müddət qalacağınız pozalarla əzələ və oynaq elastikliyiniz artır.
Xərçəng müalicəsi prosesində yanınızda – 3
Xərçəng müalicəsi prosesində yaşanan narahatlıq, stress, depressiya, halsızlıq, sidik qaçırma, cinsi problemlər, əzələ və oynaq ağrıları başda olmaqla bir çox məsələdə faydası görünür və bunlarla bağlı aparılmış tədqiqatların güclü sübutları var.
Yaxşı meditasiya – 4
Yoqada yerinə yetirilən hərəkətlər və onlardan ayrılmaz nəfəs məşqləri sayəsində bədəndə stress səviyyəsi, ürək döyüntülərinin sayı və qan təzyiqi azalır. Həmçinin yoqa seansının sonunda meditasiyaya ayrılan vaxtda zehnin rahatlaması və təbii axın içində sakit baxış qazanılması məqsəd qoyulur.
Həyat keyfiyyətinizi artırır – 5
Müntəzəm yoqa edilərsə, yuxu keyfiyyətində artım, ağrıların azalması, stress hormonlarının azalması və dincəlmiş zehin həyat keyfiyyətinin artırılmasına ciddi töhfələr verir.

Diqqət edilməli mövzular
Bədəninizi dinləyin – 1
Yoqanın növlərinə görə yerinə yetirilən hərəkətlərin müəyyən çətinlik dərəcəsi və ritmi var. Başlanğıc səviyyəsində olan və ya müəyyən sağlamlıq problemi yaşayan insanlarla uzun müddətdir yoqa edən insanın fiziki imkanları və gücü fərqlənir. Bədəniniz hansı hərəkətədək irəliləyə biləcəyinizə dair ipucu verir. Heç bir hərəkətdə ağrı və ya acı hiss etməməlisiniz. Hiss etsəniz, hərəkəti yavaşca dayandırmalısınız və davam edərsə, təlimçinizlə və həkiminizlə məsləhətləşməlisiniz.
Özünüzü məcbur etməyin – 2
Bədəninizi dinlədikdən sonra öz həddinizə hörmət edin. Hər hərəkətin öz çətinlikləri ola bilər, lakin tədricən inkişaf etdirmək lazımdır. Hərəkəti qəfil dəyişmək və ya birləşdirici toxumaları qəfil gərmək bəzi zədələrə və ya incinmələrə səbəb ola bilər.
Video və kitaba baxaraq yoqa etməyin – 3
Yoqa videoları və kitabları ilə tez-tez qarşılaşırıq. Lakin bu üsulla yoqaya başlamaq nəzarətsiz və yanlış hərəkətlərlə yanaşı zədələnmə riskini də artırır. Yanlış yerinə yetirilən hərəkətlər və pozalararası keçidlər fayda əvəzinə zərər verə bilər. Yoqanın peşəkar yoqa təlimçisinin müşayiəti ilə edilməsini tövsiyə edirik.
Yoqa təlimçinizi dinləyin – 4
Yoqa təlimçinizin göstərdiyi hərəkətləri diqqətlə yerinə yetirin və dediklərini diqqətlə dinləyin. Nəfəs alıb-vermə də daxil olmaqla hər detal vacibdir. Əks halda sınıq, incinmə, burxulma, ciddi ağrılar və ya birləşdirici toxuma cırılması kimi sağlamlıq problemlərinə səbəb ola bilər.
Sağlamlıq probleminiz varsa, bunu təlimçinizə deyin – 5
Hər hərəkət hər kəs üçün uyğun olmaya bilər. Hamiləsinizsə, bel və ya boyun disk yırtığınız varsa, hər hansı əməliyyat keçirmisinizsə və digər sağlamlıq problemlərinizi mütləq təlimçinizə bildirin. Vəziyyətiniz barədə məlumat verməsəniz, ciddi təhlükəli hallarla qarşılaşa bilərsiniz.
- Əlaqəli mövzu: Süd vəzi xərçəngində sübuta əsaslanan tamamlayıcı tibb üsulları hansılardır?
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.