Cinsəllik barədə xərçəng xəstəsi və həyat yoldaşının bilməli olduğu 5 şey

Bu məqalədə
Hər il milyonlarla insana xərçəng diaqnozu qoyulur. Xəstə və yaxını diaqnoz zamanı ilk şok və ruh düşkünlüyü ilə xəstəlik və müalicədən başqa heç nə düşünə bilmir. Lakin diaqnoz dövründən sonra normal həyatdan qopmamaq, cinsəllikdən, sosial həyatdan və hobbilərdən uzaqlaşmamaq müalicə prosesinə də kömək edir.
Cinsi istəyiniz və enerji səviyyəniz müalicə zamanı dəyişərsə, bunun təbii və bir çox insanda olduğunu unutmayın. Bu vəziyyət stres, yorğunluq və digər müalicə yan təsirlərindənqaynaqlana bilər. Xərçəngə bağlı cinsi problemlər tez-tez yaşanır; tək olmadığınızı və bu barədə kömək istəyə biləcəyinizi unutmayın.
1- Cinsəllik yalnız bədənlə deyil, hisslərlə də yaşanır
Cinsi hisslər və münasibətlər insanlar arasında hətta xəstə olmadıqda da böyük fərqlər göstərir. Xərçənglər bu mövzuda müxtəlif çətinliklər yarada bilər. Qadınlarda yumurtalıq (over), uşaqlıq boynu (serviks) və ya prostat xərçəngi kimi reproduktiv orqanların birbaşa təsirləndiyi hallar müxtəlif cinsi problemlər yaratdığı üçün xüsusi yanaşma tələb edə bilər. Digər tərəfdən, məsələn baş-boyun xərçəngində ağız quruluğu, forma pozuntusu və halsızlıq cinsi istəyin (libidonun) azalmasına səbəb ola bilər. Menopauzada hormonal dəyişikliklərə görə qadınlarda quruluq və orqazm ola bilməmə kimi çətinliklər yaşana bilər. Bu fiziki dəyişikliklər və prosesin emosional çətinlikləri həyat yoldaşları arasında cinsəlliyə mane deyil. Qucaqlamaq, toxunmaq və hiss etmək də cinsəlliyin hissələridir. Sevdiyinizi və sevildiyinizi hiss etmək üçün duyğularınızı ifadə etməkdən çəkinməyin.
2- Sual verməkdən qorxmayın
Xərçəng müalicəsi zamanı və ya sonra cinsi əlaqədə problemlər yarana bilər. Suallarınızı həkiminizə verməkdən utanmayın və qorxmayın. Məsələn, müalicənin cinsi funksiyalara təsirini bilmək istəyə bilərsiniz. Bu tam təbiidir və belə soruşa bilərsiniz. Həkiminiz tibbi müalicənizlə sıx məşğul ola bilər. Onda bu barədə onkologiya tibb bacınızla məsləhətləşə, xərçəng psixologiyası sahəsində mütəxəssis psixiatr və ya psixoloqdan dəstək ala bilərsiniz.
3- Gözləməyin, həllə yönəlin
Suallarınıza cavab və problemlərinizə həll üçün gözləməyin, hərəkətə keçin. Məsələn, müalicə dərmanları hormonlara da təsir etdiyinə görə kişilərdə ereksiya problemi, libido azalması, qadınlarda vaginal quruluq yarada bilər. Çanaq dibi (qasıq bölgəsi) terapiyası və masaj kimi dəstəklərlə yanaşı narahatlığınıza görə masaj yağı, sürtkü gel kimi köməkçi vasitələr istifadə edə bilərsiniz… Fiziki görünüşünüz dəyişə bilər. Bunun da gözəl həlləri vardır; məsələn, əməliyyat keçirmiş süd vəzi xərçəngi xəstələri əməliyyat izlərinə tatu etdirə bilər. Emosional rahatlama üçün mütləq həyat yoldaşınızla ünsiyyət qurun, danışın və ehtiyac hiss etsəniz, psixoloji dəstək alın.
4- Tək deyilsiniz
Unutmayın, bu çətinlikləri yalnız siz yaşamırsınız, tək deyilsiniz. Dünyada hər il xərçəng diaqnozu alan 14 milyon insan var. Hər biri bu prosesdə həyat yoldaşı və ya tərəfdaşı ilə bəzi problemlər yaşaya bilər. Xərçəngin yaratdığı çətin proses təbii olaraq həyat yoldaşınıza da təsir edir. Müalicədən əvvəl və sonra yarana biləcək potensial problemləri öncədən həyat yoldaşınızla danışın. O, emosional və fiziki yaxınlığa ehtiyac duya və ya çox eqoist, israrçı görünməkdən qorxa bilər. Bu proses bəzi psixoloji çətinliklər yarada bilər. Tərəflər mövzunu ilk açan olmaqdan çəkinə bilər. İlk addımı siz atın, mütləq onunla danışın.
5- Çətin səyahət olduğunu bilirik, TƏSLİM OLMAYIN
Xərçəng xəstələri müalicə prosesini çox çətin keçirirlər, yıpranma və yorğunluq olur. Bu çətin prosesdə cinsəllik hər zaman sabit və dəyişməz getmir. Xərçəng olsa da, olmasa da, hər kəsin cinsəlliyi 20, 40 və 50-ci yaşlarında dəyişir. Həyatın hər mərhələsində olduğu kimi burada da eniş-yoxuşlar normaldır. Enerjiniz azala, ağrı və ürəkbulanma kimi şikayətləriniz ola, görünüşünüz dəyişə bilər. Yenə də gözləmə mövqeyinə keçib bədbinləşməyin. İşinizdən, münasibətlərinizdən, cinsəlliyinizdən qopmayın, özünüzü təcrid etməyin və bacardıqca aktiv olmağa çalışın.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.