Erkən mərhələli süd vəzi xərçənginin müalicəsi ilə pisləşən cinsi həyat və tövsiyələr

Bu məqalədə
Erkən mərhələli süd vəzi xərçənginin standart müalicəsi cərrahi əməliyyatdır. Bununla yanaşı, xəstələrin çoxu əməliyyatdan sonra xərçəngin təkrarlanma riskini azaldan qadın hormonlarını basqılayan endokrin müalicə alır. Bu hormonbasqılayıcı müalicələr yorğunluq, halsızlıq, qanda şəkər səviyyəsinin dəyişməsi, çəki dalğalanmaları və əhval dəyişiklikləri kimi yan təsirlərə səbəb ola bilər. Həmçinin çox vaxt nəzərə alınmayan və danışılmayan cinsi funksiya pozğunluğuna da səbəb ola bilərlər.
Cinsi funksiya problemləri endokrin müalicə alan qadınlar üçün adətən narahatedicidir və həyat keyfiyyətinə mənfi təsir göstərir. Nadir hallarda olsa da, bəzi xəstələr cinsi funksiya problemlərinə görə endokrin müalicəni davam etdirmək istəməyə bilər.
Qadınlarda cinsi funksiya pozğunluğu əlamətlərinin qiymətləndirilməsi və müdaxilələr həyat keyfiyyətini artıra bilər.
Təhsil və məsləhət, fiziki terapiya və məhsul tövsiyələri kimi sübuta əsaslanan, cinsi həyatı dəstəkləyən müdaxilələr endokrin müalicə zamanı cinsi funksiya problemlərini yaxşılaşdıra bilər. Bu müdaxilələrdən faydalana biləcək cinsi funksiya problemləri olan qadınları müəyyən etmək üçün müntəzəm qiymətləndirməyə ehtiyac var.
Nə üçün vacibdir?
Aromataza inhibitorları (AI), tamoksifen və yumurtalıq funksiyasının basqılanması və ya ablasiyası da daxil olmaqla, hormon reseptoru pozitiv (HR+) süd vəzi xərçəngi üçün adyuvant (əməliyyatdan sonra qoruyucu) endokrin müalicələr
- vaginal quruluğa,
- dispareuniyaya (ağrılı cinsi əlaqə),
- orqazm problemlərinə və
- libido itkisinə səbəb ola bilər.
Həmçinin şüa terapiyası hissiyyata verilən reaksiyaya mənfi təsir göstərə bilər.
Müalicələr süd vəzi xərçəngi əməliyyatı ilə əlaqəli bədən imici problemləri ilə birlikdə cinsi funksiya pozğunluğuna gətirib çıxara bilər.
Erkən mərhələli süd vəzi xərçəngi olan qadınları hormon basqılanmasının fiziki və psixoloji əlamətləri baxımından müntəzəm qiymətləndirmək lazımdır. Bu qiymətləndirmələr cinsi funksiyanı yaxşılaşdırmaq üçün daha erkən müdaxiləyə imkan verə bilər.
Yeni bir tədqiqat
2012-ci ilin martından 2016-cı ilin dekabrına qədər 0-3-cü mərhələdə olan, süd vəzi xərçəngi üçün adyuvant endokrin müalicəyə başlayan 300 qadının daxil edildiyi tədqiqat planlaşdırıldı.
3, 6, 12, 24, 36, 48 və 60-cı aylarda endokrin müalicə zamanı xəstənin bildirdiyi əlamətlər iştirakçılar tərəfindən anket şəklində dolduruldu. Cinsi funksiya Tibbi Nəticələr Tədqiqatının Cinsi Problemlər (MOS-SP) anketi ilə qiymətləndirildi.
Anketə qatılanlar cinsi funksiyanın dörd sahəsi üzrə qiymətləndirildi:
- cinsi marağın olmaması
- rahatlaşa və cinsi əlaqədən zövq ala bilməmək
- cinsi oyanmada çətinlik
- orqazma çatmaqda çətinlik
İştirakçılar həmçinin adyuvant endokrin müalicə zamanı yayğın yan təsirləri qiymətləndirən digər anketləri də tamamladılar. Əlavə ölçmələrə ağrı, yorğunluq, depressiya, narahatlıq, fiziki funksiya və yuxu pozğunluğu üçün Xəstənin Bildirdiyi Nəticələrin Ölçülməsi üzrə İnformasiya Sistemi (PROMIS) formaları və Xərçəng Müalicəsinin Funksional Qiymətləndirilməsinin Endokrin Əlamət Şkalası (FACT-ES) daxil idi.
Diqqətçəkən nəticələr
300 iştirakçının median yaşı 62 idi və 84,3%-ü 1-2-ci mərhələli süd vəzi xərçəngi olan qadınlar idi.
Adyuvant endokrin müalicədən əvvəl qadınların 44%-ü mastektomiya (bütün süd vəzisinin əməliyyatla götürülməsi), 28,2%-si kimyaterapiya və 66,3%-ü şüa terapiyası aldı.
Başlanan müalicələrin 55%-i yalnız AI (aromataza inhibitoru), 39,7%-si yalnız tamoksifen, 5%-i tamoksifen və yumurtalıq funksiyasını basqılayan müalicə aldı; bir xəstə isə AI və yumurtalıqları basqılayan müalicə aldı. Beş xəstə endokrin müalicə növləri arasında keçid etdi, qalanları isə dəyişmədi.
Adyuvant endokrin müalicə alan erkən mərhələli HR+ süd vəzi xərçəngi olan qadınlardan ibarət bu prospektiv (irəliyə dönük) klinik tədqiqatda cinsi funksiya problemləri yayğın idi və xəstələrin 55%-i tədqiqata qatılarkən ən azı bir cinsi funksiya problemi bildirdi, 45,7%-si isə klinik baxımdan əhəmiyyətli cinsi pisləşmə yaşadı.
Tədqiqatın nəticələri adyuvant endokrin müalicə zamanı pisləşən endokrin yan təsirlər ilə cinsi problemlər arasında əlaqə göstərən əvvəlki tədqiqatlarla uyğundur. İstilik basmaları və vaginal quruluq xəstələrin adyuvant endokrin müalicə zamanı yaşadığı ən yayğın endokrin yan təsirlər arasındadır. Vaginal quruluq adətən rahatlaşma və cinsi əlaqədən zövq almaqda, həmçinin orqazma çatmaqda çətinlik də daxil olmaqla bir çox sahədə problem yarada bilən dispareuniyaya səbəb olur. Bununla yanaşı, istilik basmaları əhval pozğunluğu və yuxunun pozulması ilə əlaqələndirilmişdir; bunlar da cinsi funksiya problemlərinə səbəb ola bilər. Yaxın zamanda aparılmış böyük kəsik tədqiqatda yuxu problemləri və yorğunluq cinsi funksiya problemləri ilə əlaqələndirilmişdir.
Həmçinin tədqiqatın nəticəsində adyuvant endokrin müalicə zamanı fiziki funksiyanın pisləşməsinin cinsi funksiyanın pisləşməsi ilə əlaqəli olduğu göstərildi.
Tədqiqat mastektomiya (bütün süd vəzisinin əməliyyatla götürülməsi) ilə cinsi funksiya problemləri arasında daha əvvəl göstərilmiş əlaqəni də təsdiqlədi. Mastektomiya keçirilmiş xəstələr mənfi cinsi sağlamlıq nəticələrini proqnozlaşdıran bədən imici narahatlıqları yaşaya bilər.
Nəzərdən qaçırılır
Xəstələr üçün yayğın və narahatedici olmasına baxmayaraq, cinsi problemlər adətən müntəzəm klinik qulluq zamanı kifayət qədər bildirilmir və yetərincə müalicə edilmir. Cinsi funksiya problemi yaşayan və müdaxiləyə ehtiyac duyan süd vəzi xərçəngi xəstələrinin təxminən 60%-ı səhiyyə mütəxəssisinə müraciət etmir.
Cinsi funksiya problemləri üçün dəstəyə çıxışda xəstələrin bildirdiyi yayğın maneələrə cinsi narahatlıqları ifadə edərkən utanmaq və ya narahat olmaq daxildir. Bir çox xəstə bu söhbətlərin həkimlər tərəfindən başlanmasını istədiyini bildirir, həkimlər isə vaxt məhdudiyyəti, bilik və təlim çatışmazlığı, xəstəni incitmək narahatlığı səbəbindən bu söhbətləri başlatmağa tərəddüd edə bilər.
Hormonal müalicə zamanı cinsi funksiyanı yaxşılaşdırdığı sübuta əsaslanaraq göstərilmiş müxtəlif müdaxilələr mövcuddur. Vaginal nəmləndiricilər, tabletlər, şamlar, gellər, yağlar, yerli D və E vitaminləri, hialuron turşusu vaginal quruluğu yüngülləşdirməyə kömək edə bilər; vaginal quruluqla əlaqəli dispareuniya üçün cinsi fəaliyyət zamanı sürtkü vasitələrindən istifadə edilə bilər. Yerli lidokainin də bu xəstə qrupunda dispareuniyanı yaxşılaşdırdığı göstərilmişdir. Vaginal estrogen və ya dehidroepiandrosteron (DHEA) daxil olmaqla yerli hormonal müalicələr də istifadə oluna bilər; lakin estrogenin sistemik sorulması ilə bağlı bəzi narahatlıqlar var və bütün xəstələr və həkimlər bu şəraitdə həmin məhsulların istifadəsinə rahat yanaşmır.
Bundan əlavə, çanaq dibi (qasıq nahiyəsi) əzələlərinin məşqi ginekoloji (qadınlara xas) xərçənglərdən sağ çıxanlarda cinsi funksiyanı yaxşılaşdıra, vaginal dilatatorlar (genişləndiricilər) isə vaginal atrofiyaya bağlı dispareuniyanı yaxşılaşdıra bilər.
Nəticə
Cinsi funksiya problemlərinə yönəlmiş sübuta əsaslanan müdaxilələrin mövcudluğu nəzərə alındıqda, adyuvant endokrin müalicə alan süd vəzi xərçəngi xəstələrində cinsi funksiyanın müntəzəm qiymətləndirilməsi son dərəcə vacibdir.
*
- Bütün məqalələr: Xərçəng və cinsi həyat
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.