2017-ci ildə ağciyər xərçənginin müalicəsini dəyişdirən 4 mühüm irəliləyiş

PACIFIC araşdırması şişin cərrahi çıxarıla bilmədiyi 3-cü mərhələ kiçik hüceyrəli olmayan ağciyər xərçəngində müalicə ilə xəstəliyi nəzarətə alma müddətində (proqressiyasız sağqalım) böyük və uzunmüddətli fayda göstərmişdir.
Yaşam müddətinə dair məlumatlar hələ yetkinləşməsə də, radioterapiya ilə eynivaxtlı kimyaterapiyadan sonra immunoterapiya dərmanı durvalumab (Imfinzi) tətbiqi xəstəliyin pisləşmə riskini % 48 azaltmışdır. 18-ci ayda sağqalım göstəriciləri bu müalicə tətbiq olunan qrupda % 44, standart müalicə alanlarda % 27 tapılmışdır. Araşdırma 10 ildən çoxdur müalicəsində əhəmiyyətli irəliləyiş olmayan bu mərhələ ağciyər xərçəngi üçün olduqca mühümdür.
İrəliləmiş mərhələ orqan xərçəngləri üçün geniş genetik testlərə FDA təsdiqi.
Daha əhatəli yeni nəsil DNA sekvensləmə testi (next-generation DNA sequencing) nadir, lakin müalicə edilə bilən hədəfləri olan xəstələrin müəyyən edilməsinə və molekulyar onkologiya araşdırmalarının sürətlənməsinə ümid verir. Foundation One CDx adlı genetik testxərçənglə əlaqəli olduğu bilinən 324 gendə mutasiyaları aşkarlaya bilir. Bu mutasiyalar xüsusilə ağciyər, kolon, süd vəzi, yumurtalıq xərçəngində və dəri xərçəngi olan melanomda tez-tez müşahidə olunur.
FLAURA araşdırması osimertinibi EGFR mutasiyası pozitiv irəliləmiş mərhələ kiçik hüceyrəli olmayan ağciyər xərçənginin müalicəsində ilk sıraya daşıdı. EGFR pozitiv ağciyər xərçənginin müalicəsində ilk seçim köhnə nəsil tirozin kinaza inhibitorları erlotinib (Tarceva) və gefitinib (Iressa) idi. Bu müalicələrə davamlılıq yarandıqda daha bir genetik test aparılır və nəticədə EGFR genində T790M mutasiyası aşkarlanarsa, osimertinib (Tagrisso) istifadə olunurdu. FLAURA araşdırması göstərmişdir ki, ilk seçim kimi osimertinib erlotinib və ya gefitiniblə müqayisədə sağqalım üstünlüyü təqdim edir.
Residiv edən (müalicədən sonra təkrarlayan) kiçik hüceyrəli ağciyər xərçəngində immunoterapiya üçün məlumatların artması. Kiçik hüceyrəli ağciyər xərçəngi üçün uzun müddətdir əhəmiyyətli irəliləyiş olmamışdı. Lakin immun nəzarət nöqtəsi inhibitorları adlandırılan yeni nəsil immunoterapiyalar təkrarlandıqdan sonra əlimizdə əhəmiyyətli müalicəsi olmayan kiçik hüceyrəli ağciyər xərçəngində də təsirli olacaq kimi görünür. Hələ immunoterapiyaların kiçik hüceyrəli ağciyər xərçəngində istifadəsinə dair 3-cü mərhələ klinik araşdırma nəticələrimiz olmasa da, toplanan məlumatlar immunoterapiyaların tək vasitə və ya kombinasiyada fayda verə biləcəyi istiqamətindədir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.