2020 ASCO Vizyoner Lider Mükafatı yaşlı xərçəng xəstələrinin müalicəsinə böyük töhfələr verən Dr. Hyman Muss-a təqdim edildi

Geriatrik onkoloq (yaşlı xərçəng xəstələrinin müalicəsi ilə məşğul olan) Dr. Hyman B. Muss Amerika Klinik Onkologiya Cəmiyyətinin verdiyi ASCO 2020 Allen S. Lichter Vizyoner Lider Mükafatını almağa layiq görüldü.
“Allen S. Lichter Vizyoner Lider Mükafatı” onkologiyada inqilabi inkişafa imza atan və ya bu sahədə liderliyi və uzaqgörənliyi ilə insanlara ilham verən şəxslərə təqdim edilir. Bu mükafat ilk dəfə 2017-ci ildə verilməyə başlanıb.
Dr. Hyman B. Muss-a bu mükafat geriatrik (yaşlı) xəstələrlə bağlı tədqiqatlarına görə verildi. Dr. Muss-un hekayəsinə başlamazdan əvvəl Mustafa Kemal Atatürkdən mənalı bir söz çatdıraq: “Bir millətin yaşlı vətəndaşlarına və təqaüdçülərinə münasibəti o millətin yaşamaq qüdrətinin ən mühüm meyarıdır."
Geriatrik onkologiyaya başlanğıc – Yaşlılar haqqında bilinməyənlərin çoxluğu
Muss təxminən 25 il əvvəl Wake Forest Tibb Fakültəsində William R. Hazzard-ın mentorluğu altında bu sahəyə yönəldi. Müəllimlərinin mentorluğu ilə o və rezident həkim dostu Kathy L. Christman yaşlı xəstələrdə kimyaterapiyaya dözümlülüyü və nəticələri metastatik süd vəzi xərçəngli gənc xəstələrlə müqayisə edən ilk tədqiqatlardan birini apardılar. “Bu məqalə məni çox təəccübləndirmişdi” deyə sonradan xatırlayacaqdı, “İlahi, bu yaş qrupundakı insanlar haqqında çox az şey bilirik.’’
Tədqiqat aparıcı tibb jurnallarından JAMAda (the Journal of the American Medical Association) dərc ediləcəkdi. Ardından yaşlı xərçəng xəstələrində oxşar tədqiqatlara da öncülük edəcəkdi.
Onkologiyada iz qoyan daha bir tədqiqat
Karyerasındakı ikinci böyük mühüm məqam Onkoloji Klinik Tədqiqatlar Birliyinə (Alliance for Clinical Trials in Oncology) qoşulması ilə oldu. Yaşlı xəstələrdə xərçəngə yönəlmiş ilk komitə belə yarandı. “Yaşlı qadınlarda adjuvant (əməliyyatdan sonra qoruyucu) kimyaterapiyanı qiymətləndirən ilk tədqiqatlardan birini tamamladıq” dedi. Standart kimyaterapiyanı oral (ağızdan) kimyaterapiya ilə müqayisə etmək üçün xüsusi hazırlanmış tədqiqat standart kimyaterapiyanın bu xəstə qrupunda daha təsirli olduğunu göstərmişdi. Məlumatlar 2009-da NEJM (New England Journal of Medicine) tərəfindən dərc edildi.
Fədakarlıq və tədqiqat həvəsi
Dr. Hyman B. Muss peşəkar karyerası boyu öz xəstəxanasının, Cənub Onkologiya Cəmiyyətinin, Amerika Daxili Xəstəliklər Şurasının və ASCO-nun çoxsaylı komitələrində onkologiyada yaşlı xəstələrə qayğı səviyyəsini yaxşılaşdırmağa yönəlmiş işlər görüb. Karyerası boyu çox peşəkar mükafata layiq görülüb. Bu gün peşəkar xidmətini fasiləsiz davam etdirir.
Hazırkı layihələrindən birincisi yaşlı yetkinlərdə müasir kimyaterapiya rejimlərinin əlavə təsirlərinə baxmaqdır. Xəstələrin bildirdiyi məlumatları toplayır, kimyaterapiya təcrübələrinin daha yaxşı olması üçün necə müdaxilə edə biləcəklərini qiymətləndirirlər.
İkinci layihəsi süd vəzi xərçəngi müalicəsini tamamlamış 70 yaş və yuxarı qadınların həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlib. “Bu xəstələrin həyat keyfiyyətinə müdaxilə edə bilib-bilməyəcəyimizi görmək üçün geriatrik qiymətləndirmə baxımından baxırıq” deyir Dr. Muss. “Təəssüf ki, bu ölkədə geriatrların və ailə həkimlərinin çatışmazlığı ilə düzəldilə bilən problemləri olan bir çox yaşlı insan sistemdə itməyə meyllidir.”
Üçüncü tədqiqatları isə yaşlanma biomarkerlərinin müalicə ilə əlaqəli toksikliyi (əlavə təsir) və komorbidliyi (yanaşı xəstəlik) proqnozlaşdırmaqda roluna yönəlib.
Geriatrik onkologiyadakı çətinliklərlə mübarizə
Geriatrik onkologiyada son bir neçə onillikdə mühüm irəliləyişlər olsa da, Dr. Muss klinik tədqiqatlarda bəzi mühüm çətinliklərin davam etdiyini bildirir. Bunların yaşlılarda daha çox tədqiqatın tamamlanması və böyük məlumatlarla aradan qaldırıla biləcəyini də əlavə edir.
Həmçinin geriatrik onkoloqların azlığının və bu sahədə ixtisaslaşmış geriatrlara yetərli büdcə ayrılmamasının sahənin inkişafına mühüm maneələr olduğunu deyir.
“Geriatrlar səhiyyədə malik olduğumuz ən dəyərli resurslardandır; ancaq sayları azdır və məncə, bütün gözəl səyləri üçün yetərincə mükafatlandırılmırlar.”
Mənbələr
2. Muss HB, Berry DA, Cirrincione CT, et al. Adjuvant Chemotherapy in Older Women with Early-Stage Breast Cancer. N Engl J Med 2009.
3. ASCO Honors Geriatric Oncologist Dr. Hyman B. Muss with the Allen S. Lichter Visionary Leader Award. dailynews.ascopubs.org. 6 May 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.