Ağızdakı bakteriyaların necə aqressiv yoğun bağırsaq xərçənginə səbəb olduğu kəşf edildi

Yoğun bağırsaq xərçəngi yaranan xəstələrin şişlərinin üçdə birində Fusobacterium nucleateum adlı bakteriya aşkar edilir. F. nucleatum ağızda çoxalan bakteriya növüdür. Bu bakteriya növü olan xəstələrin şişləri daha aqressivdir. Lakin bu bakteriya növü ilə yoğun bağırsaq xərçəngi arasındakı əlaqə yaxın vaxtadək aydınlaşdırılmamışdı. Mart 2019-da EMBO Reportsda dərc olunan araşdırmada, Fusobacterium nucleatum adlı bakteriyanın xərçəng hüceyrələrini necə aqressivləşdirdiyi kəşf edildi. Bakteriya xərçəng olmayan hüceyrələrdə bu təsiri göstərmir.
Yoğun bağırsaq xərçəngləri kolonda və ya düz bağırsaqda hüceyrələrin nəzarətsiz çoxalmasından qaynaqlanır. Yoğun bağırsaq mədə və bağırsaq boyunca irəliləyən qidalardan qalan su və digər qalıqların sorulduğu hissədir. Daha sonra qalıqlar düz bağırsağa göndərilərək anus vasitəsilə nəcis ifrazı baş verir. Yoğun bağırsağın ən geniş yayılmış xərçəngöncəsi mərhələsi polipdir. Poliplər adətən yoğun bağırsağı və düz bağırsağı örtən toxumalarda yaranan böyümələrdir. Poliplər çox yavaş böyüyür və inkişafları təxminən 20 il çəkir. Əksər poliplər yoğun bağırsaq və düz bağırsaqda sürüşkənləşdirici selik istehsal edən toxumalardakı hüceyrələrdən yaranır. Buna görə adenomatoz poliplər və ya adenomalar adlandırılırlar.
Adenomalar çox yayğındır; insanların 33-50 faizində həyatları boyunca ən azı 1 adenoma yaranır. Adenomaların isə %10-dan azı xərçəngə çevrilən xarakterə malikdir. Adenomaların xərçəng xarakteri qazanması, xərçəngi tətikləyən mutasiyaların zamanla toplanması nəticəsində baş verir. Bundan əlavə, son vaxtlar diş çürüklərində çoxalan F. nucleatum bakteriyasının bu vəziyyətə təsir edə biləcəyi ön plana çıxıb. Əvvəlki araşdırmalarda F. nucleatum bakteriyasının FadA adhesin adlı zülal istehsal edərək yoğun bağırsaq hüceyrələrində xərçənglə əlaqəli müxtəlif metabolik yolları aktivləşdirdiyi kəşf edilmişdi. Eyni zamanda bu bakteriyanın yalnız xərçəngli yoğun bağırsaq hüceyrələrinə təsir göstərdiyi və sağlam yoğun bağırsaq hüceyrələrində bu “xərçənglə əlaqəli” təsirləri göstərmədiyi kəşf edilib.

Tədqiqatçılar bu araşdırmada əvvəlcə sağlam yoğun bağırsaq hüceyrələrini laboratoriya şəraitində araşdırdılar. Yoğun bağırsaqdakı sağlam hüceyrələrin, Annexin A1 adlı, xərçəng hüceyrələrində böyüməni dəstəkləyən zülal quruluşlu adheziya (yapışma) molekulunu istehsal etmədiyi görüldü. Hüceyrə kulturasında və siçan modellərində aparılan daha ətraflı təhlillərdə Annexin A1 zülalının bloklanmasının, F. nucleatum bakteriyasının xərçəng hüceyrələrinə yapışmasının qarşısını aldığı müəyyən edildi. Bundan əlavə, F. nucleatum bakteriyasının xərçəng hüceyrələrini daha çox Annexin A1 zülalı istehsal etməyə sövq etdiyi və beləliklə daha çox bakteriya cəlb etdiyi müşahidə edildi.
Bəs bu araşdırma bizə nə ifadə edir?
- F. nucleatum bakteriyasının xərçəng hüceyrələrini necə aqressiv xarakterə çevirdiyi kəşf edildi. Bu mexanizmdə Annexin A1 zülalı həlledici rol oynayır.
- Mutasiyalar, yoğun bağırsaq xərçənginin inkişafında ilk zərbə təsirini göstərir. Digər mikrobların bu cür təsirləri xərçəngin inkişafını sürətləndirir.
- Bu vəziyyət həmçinin bəzi yoğun bağırsaq xərçənglərinin digərlərindən niyə daha sürətlə inkişaf etdiyini izah edir.
- Araşdırma komandasının milli məlumat bazası tədqiqatında birincili kolon xərçəngi barədə molekulyar təfərrüatları olan 466 şəxs araşdırılıb. Tədqiqatçılar cinslərindən, yaşlarından və ya xərçəng dərəcə və mərhələlərindən asılı olmayaraq, Annexin A1 səviyyələri daha yüksək olan xəstələrin vəziyyətinin daha çox pisləşdiyini müəyyən ediblər.
- Annexin A1 aqressiv yoğun bağırsaq xərçəngini müəyyən etmək üçün təsirli biogöstərici ola bilər. Bu zülalı hədəfləmək yoğun bağırsaq xərçənginə qarşı təsirli müalicələrin hazırlanmasına imkan verə bilər.
ƏLAQƏLİ MÖVZU:
- Xərçəng və diş müalicəsi! Sümüyü qoruyan dərman istifadə edənlər nələrə diqqət etməlidir?
Mənbələr
Fusobacterium nucleatum promotes colorectal cancer by inducing Wnt/β-catenin modulator Annexin A1.
EMBO Rep. 4 March 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.