COVID-19 üzrə son yeniliklər – Yeni əlamətlər, Steroid müalicəsi, Sitokin ifrazı sindromu, Xroniki COVID-19, Endokrin sistemə təsiri, Hava yolu ilə yayılma

Yeni tip koronavirus (SARS-CoV-2) səbəbindən yaranan və bütün dünyanı təsiri altına alan COVID-19 pandemiyasıhaqqında məlumatımız hər gün aparılan yeni tədqiqatlarla artmaqda davam edir. Mövzu üzrə dərc edilmiş son yenilikləri yaxından nəzərdən keçirək.
COVID-19-la bağlı müşahidə edilən yeni simptomlar (əlamətlər)
Dermatoloqlar az sayda COVID-19 xəstəsində ağızdaxili (oral) selikli qişada müşahidə edilən səpgilərin (enantema) dəri səpgisi ilə yanaşı virusun yeni simptomu (əlaməti) olub-olmadığını müəyyən etmək üçün tədqiqat apardılar.
Tədqiqat üçün 30 mart – 8 aprel tarixlərində COVID-19 diaqnozu almış, dəri səpgisi şikayəti olan 21 xəstənin ağız boşluğu araşdırıldı. Xəstələrdəki enantemalar 4 kateqoriyaya ayrıldı: petexial, makulyar, petexial və makulyar və ya eritematoz-vezikulyar. Tədqiqatda araşdırılan xəstələr bu kateqoriyalardan birindəki şikayətdən əziyyət çəkirdilər. Dr. Jimenez-Cauhe nəticələri belə şərh edir: “COVID-19 simptomlarının başlanmasından 12 gün sonra müşahidə edilən ağızdaxili lezyonların SARS-CoV-2 ilə əlaqəli ola biləcəyini düşünürük. Ağciyər zədələnməsi nəticəsində güclü öskürək də damaqda lezyon yarada bilər, lakin COVID-19 simptomları ilə eyni vaxtda göründüyü üçün bu, ehtimal olunmur. Dərman yan təsirindən qaynaqlanması da ehtimal olunmur. Çünki hər hansı dərmanın müxtəlif lezyonlar yaratması üçün 2-3 həftə lazımdır. Dəri səpgisi olan xəstələrdə əlavə olaraq enantemanın da müşahidəsi bunun dərman yan təsirindən çox virus mənşəli olduğunu göstərir.”
Bu tapıntının əlavə tədqiqatlarla daha böyük qruplarda araşdırılması lazım olsa da, tədqiqat SARS-CoV-2-ni qiymətləndirərkən həkimlərin xəstənin ağzını da müayinə etməli olduğunu göstərir.
Steroid müalicəsinə yönəlik test
Yeni tədqiqatlar ağır infeksiya ilə xəstəxanaya yerləşdirilmiş COVID-19 xəstələrinin deksametazon və digər steroidlərdən əhəmiyyətli dərəcədə fayda görə biləcəyinigöstərir. Hansı xəstələrin steroid müalicəsindən ən çox fayda görəcəyini müəyyən etmək üçün daha çox tədqiqat aparılmalıdır.
İltihabın mühüm göstəricisi olan C-reaktiv protein (CRP)steroid tətbiqinə qərar vermək üçün də faydalı məlumatdır. CRP tədqiqatda göstərilən müəyyən göstəricidən yüksək olduqda steroid istifadəsinin ölüm və tənəffüs aparatına ehtiyac riskiniciddi dərəcədə azaltdığı müəyyən edildi. Əksinə, CRP-si aşağı xəstələrdə steroid istifadəsi ölüm və tənəffüs dəstəyinə ehtiyac riskini ciddi artırır. Nəticələri nəzərə alaraq CRP göstəricisinin qiymətləndirilməsinin xəstələrdə müalicə seçimini müəyyən etmək üçün çox vacib başlanğıc nöqtəsi olduğu bildirilir.
Kombinə müalicə sitokin fırtınasını basqılamaqda təsirlidir
Yeni tədqiqatlarda immun (immun sistemi) basqılayıcı vasitə kimi istifadə edilən metilprednizolon (kortikosteroid) və tocilizumabbirlikdə istifadəsi sitokin ifrazı sindromu yaşayan COVID-19 xəstələrində tənəffüsün daha tez yaxşılaşması, mexaniki tənəffüs aparatına daha az ehtiyac və xəstəxanada daha az ölümlə əlaqəli tapıldı.
COVID-19-la əlaqəli sitokin ifrazı fırtınası sindromu intensiv terapiya xəstələrinin təxminən %25-ində görülür. Xüsusilə ağır simptomlu və xəstəxanaya yerləşdirilmiş COVID-19 xəstələrinin müalicəsi üçün daha çox tədqiqata və sübuta ehtiyac olduğunu bildirən tədqiqatçılar bu tədqiqatın çox maraqlı olduğunu, lazım gəldikdə müalicə cavablarını artırmaq üçün kortikosteroidlərlə tocilizumabın da istifadə edilə biləcəyini vurğulayırlar.
Metilprednizolon və tocilizumab kombinə müalicəsi alan, intensiv terapiyada müalicə olunan COVID-19 xəstələrinin %79-dan çoxunda tənəffüs çətinliyinin ciddi yaxşılaşdığı tədqiqatı şərh edən Dr. Nihar R. Desai düşüncələrini belə bildirir: “Bu məlumatlar randomizə edilməsə və nisbətən kiçik iştirakçı qrupu ilə əldə edilsə də, yaxın vaxtlarda COVID-19-da steroid istifadəsinin faydasını sübut etmiş İngiltərə əsaslı tədqiqatı dəstəkləyir. Bütün nəticələri nəzərə aldıqda steroid müalicəsindən fayda görüləcəyinidemək mümkün ola bilər.”
Xroniki COVID-19
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (US-CDC) son məlumatlarına görə, hətta gənc yetkinlərdə və xroniki xəstəliyi olmayan ambulator müalicə alanlarda da uzunmüddətli / xroniki COVID-19 müşahidə edilir.
Komanda SARS-CoV-2 test nəticəsi müsbət olan simptomlu yetkinlər arasında telefon sorğusu keçirdi. Sorğuya görə testdən 2-3 həftə sonra şəxslərin %35-inin normal sağlamlıq vəziyyətinə qayıtmadığı müəyyən edildi. Sorğuda iştirak edən 274 nəfərdən 270-i sağaldığını, 175-i (%65) isə test tarixindən orta hesabla 7 gün ərzində əvvəlki sağlamlıq vəziyyətinə qayıtdığını bildirdi.
Müxtəlif yaş qruplarının daxil olduğu tədqiqatda 18-34 yaşlı respondentlərin %26-sı, 35-49 yaşlıların %32-si və ən azı 50 yaşlıların %47-si müsbət test nəticəsindən sonra 14-21 gün ərzində normal sağlamlıq vəziyyətinə qayıtmadıqlarını bildirdilər.
SARS-CoV-2 endokrin / hormonal sistemə zərər verə bilərmi?
Tədqiqatçılar COVID-19-a səbəb olan SARS-CoV-2-nin bədənə bağlanaraq daxil olmasını təmin edən angiotenzinçevirici ferment 2 (ACE2) üzərindəki təsirləri ilə müxtəlif endokrin / hormonal funksiyaları poza biləcəyini düşünürlər.
Əvvəlki tədqiqatlar ACE2 istehsalının və endokrin toxumalardakı funksiyasının koronavirusa təsir edə biləcəyini göstərir. Lakin patoloji şəraitdə ACE2 istehsalının endokrin toxumalarda necə olduğuna dair yetərli məlumat olmadığından tədqiqatçılar ACE2 istehsalının ağır COVID-19 nəticələrinə təsirini qəti şərh edə bilmirlər.
SARS-CoV-2 havadan yayılırmı?
SARS-CoV-2-nin hava ilə yayılması və yoluxdurması barədə narahatlıqlar bir neçə aydır səsləndirilir. Hadisə sayının artması hava yolu ilə yoluxma narahatlığını artırır və bu mövzuda tədqiqatlar çoxalır (indiyədək tapıntılarımız SARS-CoV-2-nin əsasən tənəffüs damcıları vasitəsilə yoluxduğunu göstərir).
Bir jurnalda dərc edilmiş tədqiqat hava yolu ilə yayılmasına dair sübutlar ortaya qoyur. Bu vəziyyət yalnız sosial məsafənin yetərli olmadığını, maska istifadəsinin də son dərəcə vacib olduğunu bir daha göstərir. Mövzu üzrə açıqlama verən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST): “Xüsusilə yoluxmuş insanlarla uzun müddət qapalı, zəif havalandırılan və izdihamlı mühitlərdə birgə olmaq nəzərdən qaçırıla bilməz” deyərək mövqeyini bildirdi.
Kondisionerin koronavirusun hava yolu ilə yoluxmasındakı rolu da araşdırılır. HVAC sistemləri xüsusilə çöldə isti olduqda havanı təkrar dövr etdirir. Xarici temperatur çox yüksək olduqda daxili hava daha çox dövr edir və içəridəki insanların buraxdıqları havanı daha yüksək nisbətdə yenidən nəfəsə almasına səbəb olur. Bundan başqa, kondisionerlərin ventilyator hissələri koronavirus aerozollarının (bərk və ya maye maddənin qaz mühitində yayılmasıdır) havada daha uzun asılı qalması üçün əlavə qaldırıcı qüvvə yarada bilər.
Səhiyyə işçilərinin təhlükəsizliyi və yaxınlaşan yeni dərs dövründə görülməli tədbirlər nəzərə alındıqda bu mövzuda daha çox araşdırma aparılmalıdır.
Nəticə
Yeni tədqiqatlarla COVID-19 pandemiyası haqqında hər gün daha çox məlumat əldə edirik. Bu müddətdə əl gigiyenasına diqqət yetirərək, sosial məsafəni qoruyaraq və lazım gəldikdə hətta evdə maska istifadəsinə diqqət edərək özümüzü və yaxınlarımızı qoruya bilərik.
*
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.