E vitamini haqqında bilməli olduqlarınız

Bu məqalədə
E vitamini nədir və nə işə yarayır?
E vitamini dörd tokoferol və dörd tokotrienol ehtiva edən, yağda həll olan səkkiz birləşmədən ibarət molekuldur.
Mühüm antioksidantdır və xüsusilə hüceyrə membranlarında, lipoproteinlərdə mühüm antioksidant funksiyalar yerinə yetirir. C və D vitamini qədər məşhur olmasa da, E vitamini bədənin fəaliyyəti üçün lazım olan əsas vitamindir. Yağda həll olur və qan dövranına daxil olmadan əvvəl qaraciyərdə depolanır. Antioksidant xüsusiyyəti ilə hüceyrələrimizə zərər verə bilən sərbəst radikal adlı molekullardan qorunmağımıza kömək edir. İmmun sistemimizin tənzimlənməsində rol oynayır; viruslarla və zərərli bakteriyalarla mübarizə aparan ağ qan hüceyrəsi olan monositlərin istehsalında iştirak edir.
E vitamininin qısa tarixi
E vitamini 1922-ci ildə kəşf edildi, 1935-ci ildə təcrid edildi və ilk dəfə 1938-ci ildə sintez olundu. Vitamin aktivliyi ilk dəfə mayalanmış siçovul yumurtalarının diri doğuşla nəticələnməsi üçün zəruri molekul kimi müəyyən edildiyindən, ona yunanca doğmaq üçün daşımaq mənasını verən “tokoferol” adı verildi. Alfa-tokoferol bitki yağlarından təbii şəkildə çıxarılır və ya ən çox sintetik tokoferil asetat kimi, təkbaşına və ya multivitamin məhsuluna daxil edilmiş məşhur qida əlavəsi olaraq satılır. Dəridə istifadə üçün yağlara və losyonlara da tez-tez əlavə edilir.
Bütün bu xüsusiyyətləri nəzərə alaraq E vitaminini əlavə kimi qəbul etməyin faydalı ola biləcəyini düşünə bilərsiniz. İlk araşdırmalar da bu istiqamətdə idi. Xərçəngdən ürək xəstəliyinə qədər hər şeyin qarşısını almağa kömək edə biləcəyini göstərirdi. Lakin artan tədqiqatlar xüsusilə yüksək dozalarda E vitamini qəbulunun faydasız, hətta zərərli ola biləcəyini tapdı. Yüksək dozada E vitamini qəbul etmək insult, qanaxma və bəzi kişilərdə prostat xərçəngi riskini artıra bilər.
Belə qarışıq tədqiqat nəticələri E vitamini əlavələri barədə daha diqqətli olmalı olduğumuzu göstərir. Hətta bütün vitaminlərin yalnız qida yolu ilə qəbulunun təhlükəsiz olduğunu görürük. Bu yazıda sizin üçün E vitaminini araşdırdıq. Çatışmazlığının və artıqlığının hansı nəticələr verə biləcəyi, nə qədər qəbul edilməli olduğu barədə məlumatlara yer verdik.
E vitamininə ehtiyac nə qədərdir?
Amerika pəhriz tövsiyələrinə görə gündəlik qəbul edilməli E vitamini ehtiyacı 15 milliqramdır. Bu, 14 yaşdan böyük kişi və qadınlara aiddir. 60 qram günəbaxan tumu ilə həmin ehtiyac ödənəcək. Hamilə və süd verən qadınlara 19 mg/gün E vitamini tövsiyə olunur. Bununla belə, hamilə və ya süd verən qadınlara müntəzəm E vitamini əlavəsi tövsiyə edilmir. Uşaqlarda ehtiyac yaşa görə dəyişir. Məsələn, 0-6 aylıq körpələrə 4 mg/gün kifayətdir. E vitamini ana südünün normal tərkib hissəsidir. Süni südlər də geniş şəkildə vitaminlə zənginləşdirilir. 9-13 yaşlı uşaqlara gündəlik 11 mg E vitamini tövsiyə olunur. E vitamini qidalardan alındıqda təhlükəsiz və faydalıdır. “Təbii mənbələri hansılardır?” birlikdə nəzərdən keçirək
E vitamini hansı qidalarda olur?
- Günəbaxan tumu, badam, fındıq, yerfındığı əzməsi, yerfındığı
- Günəbaxan yağı, buğda rüşeymi yağı, fındıq yağı, zeytun yağı, zəfəranotu yağı, qarğıdalı yağı və soya paxlası yağı
- Kivi, manqo, pomidor kimi meyvələr
- İspanaq, brokoli kimi tərəvəzlər
E vitamini çatışmazlığında hansı xəstəliklər görülür?
E vitamini səkkiz kimyəvi formada olur. Qan testi ilə həkiminiz E vitamininin bir forması olan alfa-tokoferolun sizdə nə qədər olduğunu öyrənə bilər. Normal səviyyə adətən 5.5 mg/L-dir. Yetkinin qanında E vitamini 4 mg/L-dən az olduqda adətən əlavə tələb olunur. Həmçinin problemin nədən qaynaqlandığı müəyyən edilməlidir.
Tarazlı pəhriz gündəlik ehtiyacı ödəyir. Lakin emal edilmiş məhsullar olan Qərb tipli pəhriz çox vaxt ödəmir. E vitamini mənbələrini pəhrizə əlavə etməklə problem asan həll edilə bilər.
E vitamini çatışmazlığı irsi və ya tibbi xəstəliklər səbəbilə də görülə bilər. Anadangəlmə abetalipoproteinemiya (yağda həll olan vitaminlərin anadangəlmə sorulma pozuntusu) genetikdir və xroniki gedişlidir. Son dərəcə aşağı E vitamini səviyyələrinə səbəb olur. Müalicə yüksək dozalı E vitamini əlavəsi tələb edir.
E vitamini yağda həll olub depolandığı üçün az yağlı pəhriz saxlayan və ya yağların həzmi və sorulması pozulmuş şəxslərdə çatışmazlıq görülə bilər. Məsələn, kistik fibroz, Chron xəstəliyi, nizamsız bağırsaq sindromu, pankreatit və çölyak xəstəliyi olanlar risk altındadır. Bu şəxslərdə vəziyyət adətən pəhriz dəyişiklikləri və E vitamini əlavəsi ilə nəzarətə alınır.
Vaxtından əvvəl doğulan körpələr də risk altındadır. Yetkinləşməmiş həzm sistemi yağ və E vitamininin sorulmasını əngəlləyə bilər. Bu körpələrdə E vitamini çatışmazlığı qırmızı qan hüceyrələrini məhv edən hemolitik anemiyaya səbəb ola bilər. Mədəyə boru ilə E vitamini əlavəsi və ya venadaxili tətbiqlə müalicə edilə bilər.
Yüksək dozada E vitamini qəbulunun təsirləri nələrdir?
Ümumilikdə sağlamsınızsa, E vitamini əlavəsi qəbul etməyiniz tövsiyə edilmir. Əlavə qəbul edənlər üçün qidalardan gələn də daxil olmaqla dözülə bilən yuxarı hədd 1000 mg (1500 IU)-dur. Bununla belə, E vitamini tədqiqatlarında ziddiyyətli nəticələr əldə edilib. Məsələn, bir tədqiqat E vitamini əlavəsi qəbulunun xüsusilə siqaret çəkən kişilərdə prostat xərçənginə qarşı qoruyucu ola biləcəyini göstərib. Buna qarşılıq, başqa tədqiqat 400 IU E vitamini qəbulunun prostat xərçəngi riskini artıra biləcəyini göstərib. Eynilə digər tədqiqat gündəlik 400 IU E vitamininin insult riskini artıra biləcəyini göstərib. Məlumatların çoxu orta və yaşlı xəstələri araşdırdığından xroniki xəstəlik və ya digər əlavələrin bu artıma töhfə verib-vermədiyi tam aydın deyil.
Başqa tədqiqat C vitamini, sink və beta-karotinlə qəbul edilən E vitamininin yaşa bağlı makula degenerasiyasının (sarı ləkə xəstəliyi kimi də tanınır) irəliləməsini yavaşlatdığını göstərir. Lakin bəzi xəstəliklərin qarşısının alınmasında və idarə edilməsində oynaya biləcəyi rol hələ də dəqiq deyil. Daha çox araşdırma tələb olunur.
E vitamini əlavəsi barədə diqqətli olmaq faydalıdır. Əlavəyə başlamazdan əvvəl mütləq həkiminizlə məsləhətləşməlisiniz. E vitamini əlavələri gündəlik 300 mg-dan çox qəbul edildikdə dərmanlarla qarşılıqlı təsirə girə bilər. Həmçinin E vitamini qan durulducu kimi fəaliyyət göstərdiyindən əlavələrini warfarin (coumadin), clopidogrel (plavix) və ya arpirin kimi qan durulducularla birlikdə qəbul etmək qanaxma riskinizi artıra bilər.
Tövsiyə ediləndən çox E vitamini qəbul etmək baş ağrısı, bulanıq görmə, yorğunluq, halsızlıq və mədə spazmları kimi ciddi yan təsirlər yarada bilər. Belə yan təsir yaşasanız, əlavə qəbulunu dayandırmalı və dərhal həkiminizlə danışmalısınız.
Nəticə
E vitamini yağda həll olan və depolanan vitamindir. Buna görə artığı C vitamini kimi sidiklə xaric edilmir. Artıq miqdar bədənin yağ toxumasında və qaraciyərdə depolanır. Bu səbəbdən yüksək dozada qəbul edilən E vitamini toksik səviyyədə toplana bilər. E vitamini toksikliyinin qarşısını almaq üçün əlavələr və qidalarla birlikdə gündə 1000 mg-dan çox qəbul etmədiyinizə əmin olun. Çatışmazlığı nadir görülür və altda yatan vəziyyətin nəticəsidir. Bu vəziyyət həll edilməli və uyğun müalicə seçimi tətbiq olunmalıdır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.