Edwin Smith Cərrahi Papirusu MÖ 1600 – Ən qədim cərrahi sənəd

Edwin Smith Cərrahi Papirusu dünyanın ən qədim cərrahi sənədidir və qədim Misir dərsliyinin bir hissəsidir. Bu papirusun M.Ö. 1.600 ətrafında Misir hieratik yazısı ilə yazıldığı hesablanır. Mətn yaraları tikişlərlə bağlama üsullarını və infeksiyaların qarşısını almaq üçün baldan istifadəni müzakirə edir. Mətn həmçinin kəllə tikişlərinin (kəllə sümüklərini birləşdirən lifli toxuma zolaqlarının), beynin səthinin və beyin-onurğa beyni mayesinin məlum ilk təsvirlərini də əhatə edir.
Bəlkə də tarixdə adı ilə tanınan ilk həkim Imhotep, çox vaxt papirusun məzmununun müəllifi kimi göstərilir, lakin papirus ehtimalən bir neçə şəxs tərəfindən yazılıb redaktə edilmişdir. Amerikalı antik əşya kolleksiyaçısı Edwin Smith əlyazmanı 1862-ci ildə Misirdə bir satıcıdan aldı. Bununla belə, papirus 1930-cu ilə qədər tam tərcümə edilmədi. Edwin Smith Cərrahi Papirusu 1873-cü ildə alman misirşünas Georg Ebers-in aldığı başqa məşhur Misir sənədi, daha çox sehrə əsaslanan Ebers Papirusu (təxminən MÖ 1550) ilə ziddiyyət təşkil edir. Ebers Papirusu xəstəliklərə səbəb olan cinləri qovmaq üçün sehrlər də daxil olmaqla xurafatla doludur.
Edwin Smith Cərrahi Papirusundan müalicə nümunəsi kimi 25 nömrəli halı götürək: “Mandibulasında [alt çənə sümüyündə] çıxıq olan insanı müayinə etsəniz, ağzını açıq görərsiniz və ağzı bağlanmaz. Baş barmağınızı ağzının içində mandibulanın iki ramusunun [şaquli hissələrinin] uclarına, barmaqlarınızı çənəsinin altına qoymalı və yerlərinə oturmaları üçün geriyə düşmələrini təmin etməlisiniz.“ Çıxmış çənəni müalicə etmək üçün oxşar üsul bu gün də istifadə edilir.
Edwin Smith Cərrahi Papirusunda təsvir edilən 48 halın 27-si baş travması (məsələn, dərin baş dərisi yaraları və sınıqları), altısı isə onurğa travması ilə əlaqəlidir. Papirus tez-tez “Müalicə edilməyən narahatlıq” cümləsini təkrarlayır. Bu, xəstə üçün proqnozun (xəstəliyin gedişinin) ümidsiz olduğunu göstərir.
Xərçəngə dair ilk yazılı qeydlər olan Edwin Smith Papirusu, süd vəzi xərçəngi barədə də məlumatlar verirdi (baxın süd vəzi xərçənginin tarixi). Bu papirusda süd vəzi xərçənginin cərrahiyyəsinə dair özünəməxsus təsvirlər vardır. “Süd vəzi toxunulmaz vəziyyətdə, şişmiş və xərçəng vəzinin hər yerinə yayılmışdır” olduqda xəstəlik sağalmaz kimi səciyyələndirilmişdir.
Yazının şəklinin izahı: Edwin Smith Surgical Papyrus-un qədim Misir əl yazısının forması olan hieratik əlifba ilə yazılmış bir hissəsi. Bu konkret hissə üz travmasını müzakirə edir.
Yazıda adı çəkilən tarixi şəxslər: Imhotep (2650 B.C.–2600 B.C.), Edwin Smith (1822–1906), Georg Moritz Ebers (1837–1898)
- Əvvəlki mövzu: Ayurveda təbabəti MÖ 2000 – Hindlilərin həyat elmi
- Növbəti mövzu: Qan axıtma (alma) MÖ 1500 – Minillik yanlış anlama
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.