Ən acı israf – Əlillik, irsiyyət və rəssamın baxışı

Joaquín Sorolla 1900-cü ildə Parisdəki Ümumdünya Sərgisində böyük uğur qazandı. İspan rəssamın ¡Triste herencia! (Sad Inheritance= Acı miras) əsəri həm Grand Prix, həm də fəxri medal aldı. Onun Fransanın Legion d'Honneur mükafatına namizədliyinin irəli sürülməsindən sonra, bir il keçdikdə Madriddəki Milli Sərgidə daha bir medal qazandı. Sorolla o vaxt 37 yaşında idi. Valensiyadan olan rəssam Madrid, Roma və Parisdə təhsil almışdı. Artıq tanınan sənətkar idi və 1899-cu il tarixli bu tablo ona daha böyük şöhrət gətirdi — lakin bu gün o qədər də tanınmır.
2022-ci ildə Milanda keçirilmiş "İşıq ustası" sərgisi ictimaiyyəti Sorollanın əsərləri ilə tanış etməyi hədəfləyirdi. Çox böyük kətan əsəri olan ¡Triste herencia! üçün ayrıca divar ayrılmışdı. Otaqdakı daha kiçik tablolar Sorollanın günəş işığını, suyu və uşaq bədənlərini yanaşı təsvir etməyə marağını göstərirdi. Niño durmiendo en la barca (Qayıqda mürgü, 1895) yalınayaq, kobud geyimli uşağın ehtimalən balıqçı qayığında, yelkənin kölgəsində yatmasını göstərir. Mediodía en la playa de Valencia (Valensiya çimərliyində günorta, 1904) üç uşağı əhatə edir; işığın, kölgənin və əksin impressionist işlənməsi onların qumda, yoxsa suda yeridiyini qeyri-müəyyən edir.
Lakin otağın diqqət mərkəzi olan ¡Triste herencia! tam fərqlidir (şəklə baxın). Ağır işdən yorulmuş ola biləcək, sakitcə yatan uşaqdan və ya tətildə əylənən üç uşaqdan fərqli olaraq, burada qara cübbəli rahibin nəzarəti altında dənizdə çimən 20-dən çox çılpaq oğlan göstərilir. Ön planda hələ suya girməmiş uşaqlar var; bəzilərinin əlilliyi aydın görünür. İkisi qumda irəliləmək üçün qoltuqağacından istifadə edir, digəri isə görünür, kordur və istiqamət almaq üçün əlini uzadır. Suda olan uşaqlardan ən azı biri də qoltuqağacından istifadə edir.
Bütün uşaqlar xəstə və cılız görünür, qızılı-qəhvəyi qumun fonunda bədənləri solğundur. Tənqidçi Aureliano de Beruete 1901-ci ildə belə yazırdı: "Bu kətanda San Juan de Dios Konqreqasiyasından rahibin bir dəstə degenerativ uşağı, korları, şikəstləri, topalları, cüzamlıları, qısası, hər cür xəstəliyi olan uşaqları çimizdirdiyini görürük; cəmiyyətin öz qoynundan atdığı və həmin xeyriyyə müəssisəsinin toplayıb qoruduğu tullantıları". Digər tənqidçi William Starkweather 1909-cu ildə Sorollanın böyük Nyu-York sərgisi münasibətilə uşaqları "səfil valideynlərin kənarlaşdırılmış uşaqları. Çoxu şikəstdir, bəziləri ağılsızlıq damğası daşıyır, bir çoxu tam kordur" kimi təsvir edirdi.
Beruetenin bu səfalət siyahısı Sorollanın tablonu necə yaratdığını danışarkən işlətdiyi sözləri əks etdirir: "Bir gün Valensiya balıqçılığı haqqında işlərimdən birinə dalmışkən uzaqda, dənizdə və sahildə bir neçə çılpaq uşaq gördüm; onlara qüvvətli rahib fiquru nəzarət edirdi. Görünür, onlar San Juan de Dios xəstəxanasının sakinləri, cəmiyyətin ən acı israfı idi: korlar, dəlilər, şikəstlər və cüzamlılar. Nə qədər təsirləndiyimi sizə izah edə bilmərəm; elə ki, orada işləmək üçün icazə almağa vaxt itirmədim və dərhal həmin yerdə, suyun kənarında tablomu çəkdim."
Bu tablo, ¡Triste herencia!, tibbi ədəbiyyatda bir neçə dəfə yer alıb. 2012-ci ildə Martínez-Lage və həmkarları əsəri Child’s Nervous System jurnalında nevroloji baxımdan müzakirə edərək onu "bir neçə il əvvəl Valensiya bölgəsini vurmuş polio (uşaq iflici) epidemiyasının nəticələri ilə" əlaqələndiriblər. 2021-ci ildə Joseph Journal of Pediatric Orthopaedics jurnalında "Sorollanın bilmədən ilk dəfə poliodan sonrakı iflici olan uşaqları çəkdiyini" yazıb! O, rəssamın rahibin dəstək verdiyi uşaqda "bud və baldır əzələlərinin atrofiyasını" necə dəqiq təsvir etdiyini təqdir edib və "sağ dizin həddindən artıq fleksiyası, sağ ayaq biləyinin plantar fleksiya vəziyyəti ilə, uşağın tibialis anterior əzələsinin iflicini göstərən, yerişin yellənmə fazasında ayaq barmaqlarının qum təpəsindən ayrıla bilməməsi" barədə şərh verib.
Bəs niyə "acı miras"? Niyə "zibil", "tullantı", "səfil valideynlər"? Josephin "bilmədən" ifadəsi Sorollanın təsvir etdiyi patofiziologiyanı özünün yanlış anlamasına işarə edirdi. Tablonun ilkin adı Niños de placer (Zövq uşaqları) idi və hər iki başlıq bu xəstə, müəssisədə yaşayan uşaqların valideynlərinin günahlarına görə əlil qaldığını — yəni böyük ehtimalla anadangəlmə sifilisin təsirlərindən əziyyət çəkdiyini — nəzərdə tuturdu. Sorolla poliodan sonrakı iflici çəkdiyini anlamırdı; uşaqların problemini əxlaqi məsələ kimi görürdü. "Cəmiyyətin ən acı israfı" doğrudan da sosial məsələ idi; faciəli miras valideynlərin günahlarının oğullarına sirayət etməsi idi.
Sorollanın müasirləri də tablonun anadangəlmə sifilisi göstərdiyini düşünürdülər. 1909-cu il sərgisi Nyu-Yorkda açılanda Newark Evening News-un təsvir etdiyi kimi: "Onlarla ağılsız və ya şikəst uşaq — anatomik deformasiyalar ustalıqla işlənib — əxlaqsız və naməlum valideynlərin tərk etdiyi uşaqlar, həyatını valideynlərin günahlarının yaratdığı əzabları yüngülləşdirməyə həsr etmiş yaxşı rahibin ətrafına toplaşıb."
Sorollanın digər tabloları da sosial və siyasi mesajlar verirdi: Trata de blancas (Ağ qul ticarəti, 1894) qatarda yaşlı qadının nəzarət etdiyi dörd gənc fahişəni göstərirdi; ¡Otra Margarita! (Başqa bir Margarite!, 1892) nikahdankənar uşağını öldürdüyünə görə həbs olunmuş, qandallı qadını təsvir edirdi; ¡Aún dicen que el pescado es caro! (Hələ də balığın baha olduğunu deyirlər!, 1894) isə balıqçı qayığında ağır yaralanmış gənci göstərirdi. Lakin ¡Triste herencia! ilə Sorolla kədərli və çətin mövzularla işləməyi bitirdiyini hiss etdi. Starkweatherə görə, 1909-cu ildə belə deyib: "Çox əzab çəkdim. Bir daha heç vaxt etməyəcəyəm."
Ortoped Sorollanın əzələ patofiziologiyası və yeriş pozuntularını dəqiq müşahidə etməsini təqdir edə bilər, pediatr isə rəssamın polionu yoluxucu təhlükə kimi qavrayıb-qavramadığını düşünə bilər. Bu uşaqlar polio epidemiyasından zərər çəkmişdisə, xəstə və ya əlil uşaqları kənarlaşdıran cəmiyyətə qarşı yenə etiraz ola bilərdi, lakin irsiyyətin və səfil valideynlərin bununla heç bir əlaqəsi olmazdı. Polio epidemiyaları 19-cu əsrin sonu və 20-ci əsrin əvvəlində Avropa və ABŞ-da nisbətən yeni idi və xəstəliyin xüsusiyyətləri hələ aydınlaşdırılırdı. Tablo tamamlandıqdan 6 il sonra Stokholmda Dr. Ivar Wickman polionun yoluxucu xəstəlik olduğunu müəyyən etdi.
Bunun əksinə, anadangəlmə sifilisin irsi olduğu çoxdan qəbul edilmişdi: Paracelsus 1529-cu ildə onun atadan oğula keçdiyini bildirmişdi. Norveçli rəssam Edvard Munch 1897–99-cu illərdə The Inheritance (Miras) əsərini çəkdi; burada qucağında körpə tutan, ağlayan ana təsvir olunurdu. Munch Parisdə anatomik mum modellərindən ibarət tədris kolleksiyasını araşdırmış, körpəni hidrosefaliya, qabarıq alın, zəif ətraflar və döş qəfəsində dəri səpgisi ilə göstərmişdi.
Sorolla patofiziologiyanı canlı şəkildə çəkir və ortopedi təsirləndirə biləcək qədər dəqiqliklə qeydə alırdı. Lakin onun əxlaq dərsi yanlış diaqnostik nəzəriyyəyə əsaslanırdı. Təsvir etdiyi və çəkdiyi uşaqlar kənarlaşdırılmışdı: korlar, dəlilər, şikəstlər, cüzamlılar. O, valideynləri günahlandırır, onların əxlaqsız cinsi davranışlar göstərdiyini və bu "zövq uşaqlarına" ağrı və əzab mirası qoyduğunu düşünürdü. Maraqlıdır ki, Sorolla özü 1865-ci ildə, cəmi 2 yaşında olarkən valideynlərini o vaxt artıq yoluxucu mikroorqanizmlə qəti əlaqələndirilə bilən xəstəlikdən — vəbadan itirmişdi.
Sorolla sifilisin verə biləcəyi zərərlər barədə yanılmırdı; müalicə olunmamış anadangəlmə xəstəlik (o dövrdə isə effektiv müalicə yox idi) doğrudan da skelet zədəsi, optik atrofiya, korluq və iflic daxil olmaqla nevroloji problemlərə səbəb ola bilər. Lakin Sorollanın qeydə aldığı əzələ atrofiyası və iflic nümunələri 21-ci əsrin tibbi müşahidəçilərinə daha spesifik diaqnostik məlumat verir. Sorollanın təsvir etdiyi insanlara və niyyət etdiyi sosial etiraza baxışı tibbin əsrlər boyunca xəstələri — və ya valideynlərini — necə tez-tez günahlandırdığını xatırladır. Tablo həm də əlil uşaqların kənarlaşdırılması barədə daha geniş sosial əxlaq dərsi verir: "cəmiyyətin öz qoynundan atdığı tullantılar", "ən acı israf".
Lakin tablo kənarlaşdırılmış uşaqlara sevinc anı bəxş edir; rəssam o anı qeydə alarkən nə qədər əzab çəksə də, bu, uşaqlar üçün əzab anı deyil. Sorolla uşaqların bədənlərindəki dağıntını qeydə alarkən onları qumlu çimərlikdən işıq saçılan suya doğru gedərkən çəkirdi. Onları dənizlə səma arasında, uşaq ola bildikləri istirahət anında yaxalayırdı. Dərin sosial fikir ifadə etməyi hədəfləmiş ola bilər, lakin eyni zamanda bir lütf anını da təsvir edirdi.
*
Yuxarıdakı mətn Dr. Perri Klass tərəfindən 3 fevral 2024-cü ildə New England Journal of Medicine (NEJM) jurnalında dərc olunmuş ""The Saddest Waste" - Disability, Heredity, and the Artist's Eye" adlı məqalənin tərcüməsidir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.