FAPI PET hansı xərçənglərdə klassik FDG PET müayinəsindən üstündür?

Bu məqalədə
PET müayinələri, onkologiyada şişlərin metabolik aktivliyini göstərərək diaqnostika və mərhələləndirmə proseslərində inqilab yaradıb. Bu görüntüləmə üsulu xərçəng hüceyrələrinin aktiv olduğu bölgələri yüksək həssaslıqla aşkar edə bilir və beləliklə müalicəni istiqamətləndirməkdə, müalicəyə cavabı izləməkdə mühüm rol oynayır. Xüsusilə residivin (təkrarlanmanın) və metastazların müəyyənləşdirilməsində istifadə olunan PET xərçəng xəstələrində xəstəliyin gedişini yaxşılaşdırmaq potensialı ilə onkologiyanı dəyişən mühüm vasitədir.
Fibroblast aktivləşmə zülalı (FAPI) PET görüntüləmə texnologiyası klassik FDG PET/BT müayinələrinin məhdudiyyətlərini aşaraq xərçənglərin daha həssas və spesifik aşkarlanmasında mühüm yenilik kimi önə çıxır. FAPI xərçənglə əlaqəli fibroblastlarda (KAF-lar) yüksək səviyyədə ekspressiya olunan zülal kimi şişin mikromühitində və irəliləməsində həlledici rol oynayır. Son illərin tədqiqatları FAPI-nin xüsusilə stromal (birləşdirici-dayaq toxuması) sıxlığı yüksək olan xərçənglərdə daha təsirli şiş görüntüləməsi təmin etdiyini göstərir. Bu məqalədə FAPI PET/BT texnologiyasının ənənəvi FDG PET/BT-dən üstün olduğu əsas xərçəng növləri elmi nəticələr əsasında nəzərdən keçiriləcək.

Sxemin izahı: Radioaktiv izləyici kimi hazırlanmış FAPI xəstəyə venadaxili tətbiq edildikdən sonra şişin mikromühitində sıx yerləşən, xərçənglə əlaqəli fibroblastlar tərəfindən tutulur. Bu da şişin görüntülənməsinə imkan verir.
Xərçəngin diaqnostikasında yeni dövr: FAPI PET və üstünlükləri
Ənənəvi FDG PET xüsusilə qlükoza metabolizmasının yüksək olduğu xərçəng növlərində təsirli görüntüləmə təmin edir. Lakin bəzi xərçəng növlərində həssaslıq və spesifikliyin aşağı olması alternativ texnologiyalara ehtiyac yaradıb. FAPI PET xərçənglə əlaqəli fibroblastların (KAF) çox olduğu şişlərdə yüksək görüntü keyfiyyəti təmin edərək FDG PET-in məhdud qaldığı hallarda mühüm seçimə çevrilib.
KAF-lar şişin mikromühitində dayaq quruluşu yaratmaqla yanaşı immun sistemini basqılayan amillər də ifraz edir. FAPI-nin KAF-lara spesifik bağlanma qabiliyyəti sayəsində bu strukturların sıx olduğu xərçəng növlərində daha yüksək dəqiqlik əldə olunur.

Sxemin izahı: Yeni görüntüləmə preparatı olan FAPI klinik praktikada bir çox xərçəngin və onlarla bağlı metastazların diaqnostika və idarə olunmasında istifadə edilir. Bu baxımdan FAPI-nin FDG ilə müqayisədə daha yüksək şiş/fon nisbəti verdiyi, xüsusilə yumurtalıq və kolorektal xərçənglərdə maksimum standart tutulma göstəricisində (SUVmax) az dalğalanma və variasiya göstərdiyi müşahidə olunub. Sxem FAPI görüntüləməsinin hansı şiş növlərində istifadə oluna bildiyini göstərir.
Aşağıda bir neçə xərçəng növü üçün FDG PET və FAPI PET arasındakı fərqlər göstərilib:

Sxemin izahı: FAPI PET klassik FDG PET-in yetərsiz qaldığı xərçəng növlərində xüsusilə faydalı ola bilər. Məsələn, şişin mikromühitinin ön planda olduğu bəzi xərçəng növlərində FAPI PET ilə şişlərin daha yaxşı görüntüləndiyi yuxarıda göstərilib. Göründüyü kimi, mədə, mədəaltı vəzi, qaraciyər və yumurtalıq xərçənglərində FAPI PET daha yaxşı görüntüləmə təmin edir.
Qaraciyər şişləri: hepatosellülyar karsinoma (HCC) və xolangiokarsinoma (CC)
Qaraciyər xərçəngləri dünyada mühüm sağlamlıq problemidir və yüksək ölüm göstəriciləri ilə tanınır. Qaraciyərin birincili şişləri iki əsas histoloji xərçəng növündən ibarətdir: hepatosellülyar karsinoma (HCC= hepatocellular carcinoma) və xolangiokarsinoma (CC= cholangiocarcinoma). HCC qaraciyərin öz hüceyrələrindən yaranır və bütün qaraciyər xərçənglərinin 75%-ini təşkil edir; CC isə öd yollarından yaranır və 12-15% səviyyəsində müşahidə olunur.
Qaraciyər xərçənglərinə çox vaxt irəliləmiş mərhələlərdə diaqnoz qoyulur və bu, sağaldıcı (tam sağalma verən) müalicə seçimlərini məhdudlaşdırır. Görüntüləmə üsulları qaraciyər xərçənglərinin diaqnostikasında və mərhələləndirilməsində mühüm rol oynayır. Xüsusilə 18F-fluorodeoksiqlükoza (FDG) pozitron emissiya tomoqrafiyası/kompüter tomoqrafiyası (PET/BT), qaraciyərdən kənar metastatik xəstəliyin qiymətləndirilməsində geniş istifadə olunsa da, birincili qaraciyər xərçənglərinin aşkarlanmasında məhdud uğur təmin edir. Bununla yanaşı, klassik FDG-PET qaraciyərdəki xərçəngli törəmələri aşkar etməkdə zəif qalır.
Son illərdə hazırlanmış 68Ga-fibroblast aktivləşmə zülalı inhibitoru (FAPI) PET/BT xərçənglə əlaqəli fibroblastlarda sıx ekspressiya olunan fibroblast aktivləşmə zülalını hədəfləyir. Bunun sayəsində qaraciyər şişlərində, xüsusilə sıx stromal komponenti olan CC kimi xərçənglərdə daha yüksək həssaslıq təmin edir.
Tədqiqatlarda FAPI PET/BT-nin birincili HCC aşkarlanmasında həssaslığının 98,5%, CC aşkarlanmasında isə 97,6% olduğu bildirilib. Bunun əksinə, FDG PET/BT-nin həssaslığı yalnız 56,1% hesablanıb. FDG PET/BT-nin məhdud həssaslığı qaraciyərin yüksək şəkər metabolizması ilə əlaqəlidir. FAPI PET/BT-də isə bu məhdudiyyətlərin olmaması qaraciyərdəki şişləri daha aydın görüntüləmək üstünlüyü verir.
Qaraciyərdən kənar metastazların aşkarlanması
Qaraciyərdən kənar metastazların qiymətləndirilməsində də FAPI PET/BT-nin yüksək həssaslıq təmin etdiyi müəyyənləşdirilib. Tədqiqatlarda FAPI PET/BT qaraciyərdən kənar metastatik xəstəliyin aşkarlanmasında 92,2% həssaslıq göstərib, FDG PET/BT-nin həssaslığı isə 72,4% olub.
Nəticə olaraq FAPI PET/BT qaraciyər xərçənglərində həm birincili şişlərin, həm də metastatik xəstəliyin diaqnostikasında yüksək dəqiqlik təmin edir və FDG PET/BT-nin yetərsiz qaldığı sahələrdə yeni seçim kimi önə çıxır. Lakin yeni üsul olan FAPI PET/BT daha geniş, çoxmərkəzli tədqiqatlarda təsdiqlənməlidir.
Mədəaltı vəzi xərçəngləri: pankreatik duktal adenokarsinoma (PDAC)
Mədəaltı vəzi xərçəngi stromal toxumanın üstünlük təşkil etdiyi şiş quruluşuna malikdir; bu xüsusiyyət FAPI PET-in həmin xərçəng növündə FDG PET-dən daha təsirli müayinə təmin etməsinə imkan verir. Pankreatik duktal adenokarsinoma (PDAC) hallarında şişin ətrafındakı stromal fibroblastlarda FAP yüksək səviyyədə ekspressiya olunur. Tədqiqatlar FAPI PET-in mədəaltı vəzi xərçəngində daha yüksək şiş/fon nisbəti verdiyini və xüsusilə limfa düyünü və uzaq metastazları aşkar etməkdə daha uğurlu olduğunu göstərir. Bundan başqa, PDAC-nin yüksək ölüm göstəriciləri nəzərə alındıqda FAPI PET-in daha həssas görüntüləmə təmin etməsi erkən diaqnostika və müalicə baxımından mühüm üstünlükdür.
Mədə-bağırsaq xərçəngləri: mədə və kolorektal xərçənglər
Mədə və kolorektal xərçənglərdə də FAPI PET-in FDG PET-dən daha yüksək həssaslıq və aydınlıq verdiyi müxtəlif tədqiqatlarla təsdiqlənib. Xüsusilə mədə xərçəngində FAPI PET-in diffuz və bağırsaq tipli şişlərdə yüksək həssaslıq təmin etdiyi, hətta kiçik və qlükoza metabolizması aşağı olan ocaqları da aydın aşkar edə bildiyi göstərilib. Bu, xüsusilə FDG PET-in yetərsiz qaldığı üzükvari hüceyrəli karsinoma və selikli qişa adenokarsinoması kimi alt tiplərdə FAPI PET-ə üstünlük verilməsinə səbəb olur.
Kolorektal xərçənglərdə isə FAPI PET-in xüsusilə limfa düyünlərinə və peritona yayılma kimi metastatik hallarda FDG PET-dən daha yüksək həssaslıq verdiyi bildirilir. FAPI-nin şiş sərhədlərini aydınlaşdırması və cərrahi planlaşdırmanı asanlaşdırması müalicə nəticələrini yaxşılaşdırmaq üçün təsirli vasitə olduğunu göstərir.
Süd vəzi xərçənginin mərhələləndirilməsində FAPI PET-in üstünlüyü
Süd vəzi xərçənginin effektiv müalicəsi və xəstələrin idarə olunmasında düzgün mərhələləndirmə xüsusi əhəmiyyət daşıyır. Yeni diaqnoz qoyulmuş süd vəzi xərçəngi hallarının sistemik mərhələləndirilməsində FAPI PET/BT ilə 18F-FDG PET/BT-nin müqayisəli təhlili FAPI PET/BT-nin mərhələləndirmə dəqiqliyinin daha yüksək olduğunu göstərib. FAPI PET/BT-nin xəstələrin təxminən 20%-sində mərhələni yenidən müəyyənləşdirməsi bu görüntüləmə üsulunun klinik praktikada effektivliyini vurğulayır.
Süd vəzi xərçəngində geniş istifadə olunan 18F-FDG PET/BT-nin müəyyən məhdudiyyətləri var. Süd vəzisinin iltihabi ocaqlarında yanlış müsbət nəticələr və bəzi alt tiplərdə aşağı həssaslıq bu məhdudiyyətlərdəndir. FDG PET/BT-nin məhdud dəqiqliyi xüsusilə iltihabi cavabların tez-tez yanlış müsbət kimi qiymətləndirilməsinə səbəb ola bilər. Bu, klinik qərarverməyə təsir edərək yanlış müalicə planlaşdırılmasına gətirib çıxara bilər.
68Ga-FAPI PET/BT fibroblast aktivləşmə zülalını hədəfləyərək xərçənglə əlaqəli fibroblastlarda yüksək həssaslıq göstərir; bu da süd vəzi xərçəngində birincili şişin və metastazların aşkarlanmasında daha təsirli görüntüləmə təmin edir. Yeni tədqiqatlarda 68Ga-FAPI PET/BT-nin süd vəzi xərçənginin mərhələləndirilməsində ənənəvi FDG PET/BT-dən daha həssas olduğu irəli sürülüb. Məsələn, yeni diaqnoz qoyulmuş 121 süd vəzi xərçəngi xəstəsini əhatə edən tədqiqatda FAPI PET/BT xəstələrin 19,8%-inin mərhələsini yenidən müəyyənləşdirib və bununla müalicə planları optimallaşdırılıb. Bundan başqa, FAPI PET/BT ilə aşkarlanan sümük ocaqları və daxili süd vəzi limfa düyünləri kimi əlavə tapıntılar müalicə planlarına birbaşa təsir edib.
FAPI PET/BT süd vəzi xərçəngində düzgün mərhələləndirmə təmin edərək fərdiləşdirilmiş müalicə strategiyalarının hazırlanmasına töhfə verir. İlkin mərhələləndirmədə FAPI PET/BT istifadəsi lazımsız müalicələri azaldaraq xəstə nəticələrini yaxşılaşdırmaq potensialına malikdir. Buna uyğun olaraq, başlanğıc mərhələləndirmədə FAPI PET/BT istifadəsinin müalicənin effektivliyini artıracağı və xəstələrin həyat keyfiyyətinə müsbət təsir göstərəcəyi gözlənilir.
Ağciyər xərçəngləri: metabolik aktivliyi aşağı olan alt tiplər
Ağciyər xərçəngində FAPI PET xüsusilə qlükoza metabolizması aşağı olan alt tiplərdə FDG PET-dən daha uğurlu nəticələr verir. Ənənəvi FDG PET yüksək metabolik aktivlik tələb edən şişlər üçün daha uyğundur; FAPI PET isə şişin mikromühitində fibroblast aktivləşməsinə yönəldiyi üçün daha geniş diaqnostik əhatə verir. Bu, xüsusilə metastatik yayılmanın izlənilməsində FAPI PET-i üstün edir.
Baş və boyun xərçəngləri
Baş və boyun xərçənglərində də FAPI PET/BT FDG PET-dən daha yüksək diaqnostik dəqiqlik verərək metastatik limfa düyünlərinin aşkarlanmasında mühüm üstünlük təmin edir. Tədqiqatlarda FAPI PET-in baş-boyun xərçənglərində daha yüksək həssaslıq göstərdiyi və FDG-nin yüksək fon aktivliyinə görə məhdud qaldığı hallarda daha aydın nəticələr verdiyi bildirilib.
Digər xərçəng növləri: sarkomalar və qliomalar
FAPI PET sarkomalar və qliomalar kimi bəzi digər xərçəng növlərində də FDG PET-dən daha yüksək diaqnostik dəqiqlik təmin edir. Xüsusilə stromal sıxlığı yüksək olan sarkomalarda FAPI PET şişi daha aydın göstərmək baxımından üstünlük verir.
FAPI PET-in klinik praktikada rolu və gələcək istiqamətlər
Nəticə olaraq FAPI PET xərçəngin diaqnostika və müalicəsində mühüm yenilik kimi ənənəvi FDG PET-in məhdud qaldığı hallarda daha yüksək dəqiqlik verir. FAPI PET xüsusilə qaraciyər, mədəaltı vəzi, mədə, kolorektal, ağciyər və baş-boyun xərçənglərində effektivliyi sübut olunmuş üsuldur və daha yüksək həssaslıq və spesifikliklə diqqət çəkir. Bu üstün xüsusiyyətlər FAPI PET-in gələcəkdə onkoloji görüntüləmədə daha geniş vasitə kimi yer tutmasına şərait yaradır.
FAPI PET-in daha çox xəstədə və çoxmərkəzli tədqiqatlarda sınaqdan keçirilməsi bu texnologiyanın klinik praktikada daha geniş istifadəsinə imkan verəcək. Xüsusilə FDG PET-in yetərsiz qaldığı və ya həssaslığının aşağı olduğu şişlərdə FAPI PET istifadəsi xərçəngin idarə olunmasında daha effektiv və fərdiləşdirilmiş müalicə strategiyalarının hazırlanmasına töhfə verə bilər. Buna görə FAPI PET-in onkologiyada əhatəsinin və tətbiq müxtəlifliyinin artacağı gözlənilir.
Mənbələr
2. Chandekar, K. R., Prashanth, A., Vinjamuri, S., & Kumar, R. (2023). FAPI PET/CT Imaging—An Updated Review. Diagnostics, 13(2018). doi:10.3390/diagnostics13122018.
3. Dong, Y., Zhou, H., Alhaskawi, A., Wang, Z., Lai, J., Yao, C., ... & Lu, H. (2023). The Superiority of Fibroblast Activation Protein Inhibitor (FAPI) PET/CT Versus FDG PET/CT in the Diagnosis of Various Malignancies. Cancers, 15(1193). doi:10.3390/cancers15041193.
4. Parida, G. K., Singhal, T., Rahman, A., & Agrawal, K. (2024). Diagnostic Performance of FAPI PET/CT vs. 18F-FDG PET/CT in Evaluation of Liver Tumors: A Systematic Review and Meta-analysis. Molecular Imaging and Radionuclide Therapy, 33, 77-89. doi:10.4274/mirt.galenos.2024.99705.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.