Öd kisəsi xərçəngi ilə xolangiokarsinoma arasındakı fərq nədir?

Bu məqalədə
Öd kisəsi xərçəngi və xolangiokarsinoma, öd yolları xərçənginin iki fərqli növüdür. Bədəndə eyni sistemə təsir edir və oxşar simptomlara səbəb olurlar, lakin fərqli müalicələr tələb edə bilərlər.
Şişin öd yollarının hansı hissəsində yaranmasından asılı olaraq öd kisəsi xərçəngi və ya xolangiokarsinoma kimi də tanınan öd axacağı xərçəngi əmələ gələ bilər.
Öd yolları qaraciyərdən öd kisəsinə, oradan da bağırsaqlara uzanan və öd axacaqları kimi də tanınan borular şəbəkəsidir. Öd yollarının müxtəlif hissələri öd adlanan mayeni istehsal edir, saxlayır və yağların həzmi üçün bağırsağa ifraz edir.

Öd kisəsi xərçəngi nədir?
Öd kisəsi xərçəngi, ödü saxlayan və ifraz edən armudşəkilli orqanda xərçəng hüceyrələrinin böyüməyə başladığı nadir xərçəng növüdür. Öd kisəsinin dörd qatı var:
- Nəm selikli toxuma olan daxili qat
- Əzələ qatı
- Birləşdirici toxuma qatı
- Xarici qat
Öd kisəsi xərçəngi adətən daxili qatda başlayır, böyüyərək xarici qatlara doğru yayılır. Amerika Xərçəng Cəmiyyətinin (AKD) məlumatlarına görə bu xərçəng hər 10 öd yolları xərçəngindən təxminən 4-nü təşkil edir.
2019-cu il hesabatına görə öd kisəsi xərçəngi öd yolları xərçəngləri arasında ən yayğın olanıdır. Dünyada xərçəng hallarının təxminən 1,2%-sini öd kisəsi xərçəngi təşkil edir, xərçənglə bağlı həyat itkilərinin isə 1,7%-si onun payına düşür. Demək olar ki, bütün öd kisəsi xərçəngləri adenokarsinomadır, yəni maye ifraz edən hüceyrələrə təsir edir.
Xolangiokarsinoma nədir?
Xolangiokarsinoma öd axacaqlarının xərçəngidir. Öd axacaqları adlanan bu borular şəbəkəsi ödü qaraciyərdən öd kisəsinə və bağırsağa daşıyaraq ödün yağların həzmindəki rolunu dəstəkləyir.
Üç fərqli növdə xolangiokarsinoma yarana bilər:
- Ekstrahepatik xolangiokarsinoma: Qaraciyər və öd kisəsi axacaqlarının birləşərək ümumi öd axacağını əmələ gətirdiyi yerdə yaranır. Distal xolangiokarsinoma da adlandırılır.
- Perihilar xolangiokarsinoma: Qaraciyərdən kənarda, sağ və sol öd axacaqlarının qaraciyərdən çıxdığı nahiyədə yaranır.
- İntrahepatik xolangiokarsinoma: Xolangiokarsinomanın nadir formasıdır, qaraciyər daxilindəki öd axacaqlarında yaranır.
AKD-yə görə Amerika Birləşmiş Ştatlarında ildə təxminən 8000 nəfərə xolangiokarsinoma diaqnozu qoyulur.
Öd kisəsi və öd axacağı xərçənglərinin simptomları hansılardır?
Birləşmiş Krallığın Milli Səhiyyə Xidmətinə (NHS) görə həm öd kisəsi, həm də öd axacağı xərçənglərinin simptomlarını tanımaq çətin ola bilər və ya onlar heç bir simptom verməyə bilərlər.
Simptomlar daha çox digər sağlamlıq problemlərindən qaynaqlanır və dərhal narahatlıq yaratmaya bilər. Lakin bu simptomlar keçmirsə və ya pisləşirsə, mütəxəssisə müraciət edilməli və mümkün xərçəng ehtimalı qiymətləndirilməlidir.
Öd kisəsi xərçəngi adətən irəli mərhələlərə çatana qədər simptom yaratmır. AKD-yə görə öd kisəsindən kənara yayılmadan əvvəl hər 5 öd kisəsi xərçəngindən yalnız biri aşkar edilə bilir.
Öd kisəsi və öd axacağı xərçənginin simptomlarına bunlar daxildir:
- Sarılıq və ya gözlərin və dərinin saralması (tünd dərili insanlarda aydın görünməyə bilər)
- Dəridə qaşınma
- Tünd sidik
- Açıq rəngli nəcis
- Hərarət
- Zəiflik
- Üşütmə
- Qarın nahiyəsində kütlə
- Ürəkbulanma və qusma da daxil olmaqla həzm simptomları
- İştahasızlıq
- Arzuolunmaz və ya gözlənilməz çəki itkisi
- Kəskin və ya sancışəkilli qarın ağrısı
- Yemək vaxtları ilə əlaqəli olmayan qarın şişkinliyi
NHS xolangiokarsinomanın öd axacağı xərçəngi ilə eyni simptomlara səbəb ola biləcəyini bildirir.
Bu iki xərçəngin səbəbləri nələrdir?
Xərçəng hüceyrələrin həddən artıq çoxalmasına səbəb olan qüsurlu DNA-dan qaynaqlanır. Hər iki xərçəngin birbaşa səbəbləri hələ də aydın deyil. Öd kisəsi xərçənginin bir çox risk amili öd kisəsinin xroniki iltihabı ilə əlaqəlidir. Bu fiziki problemlər isə axacaqlardakı problemlər və ya öd daşları səbəbindən yarana bilər.
Öd kisəsi xərçəngi üçün risk amilləri
Öd kisəsi xərçənginin əsas risk amillərinə bunlar daxil ola bilər:
- Öd daşları: Öd kisəsi xərçəngi olan insanların təxminən 5-də 4-ündə diaqnoz qoyulan zaman öd daşları olur.
- Farfor öd kisəsi: Kalsium çöküntülərinin öd kisəsi divarını örtməsinə səbəb olan vəziyyətdir.
- Cins: Amerika Birləşmiş Ştatlarında öd kisəsi xərçəngi qadınlarda kişilərə nisbətən 3 – 4 dəfə daha çox görülür.
- Piylənmə: Öd kisəsi xərçəngi artıq çəkili və ya piylənməsi olan insanlarda daha yayğındır.
- Yaş: Öd kisəsi xərçəngi adətən yaşlı insanlarda daha çox görülür. Diaqnoz qoyularkən orta yaş 72-dir.
Öd daşı olan insanların çoxunda heç vaxt öd kisəsi xərçəngi yaranmayacağını unutmamaq vacibdir.
Xolangiokarsinoma üçün risk amilləri
Öd axacağı xərçənglərinin adətən birbaşa səbəbi olmur. Lakin müəyyən vəziyyətlər və ya ətraf mühit amilləri insanın xərçəngə tutulma riskini artıra bilər. Xolangiokarsinoma üçün risk amillərinə bunlar daxildir:
- 65 yaşdan yuxarı olmaq
- Birincili sklerozlaşdırıcı xolangit (PSC) xəstəliyinin olması
- Xoledox kistaları və ya öd axacağında nadir görülən böyümələr
- Öd axacağına hücum edən və qaraciyər sorucusu da adlandırılan qaraciyər paraziti (Asiyada daha yayğındır).
- Öd axacağı daşları
- Əvvəllər Thorotrast adlı tibbi boya maddəsinə məruz qalmaq
- Öd axacaqlarında bəzən iltihab yarada bilən fiziki problemlərin olması
- Öd kisəsi polipləri
- Tif xəstəsi olmaq
Müalicə seçimləri hansılardır?
Öd kisəsi və öd axacağı xərçənglərinin əsas müalicələri cərrahi müdaxilə, şüa müalicəsi və kimyaterapiyadır. Lakin bunlar xərçəngin yayılma dərəcəsindən, növündən və harada yaranmasından asılı olaraq dəyişə bilər.
Öd kisəsi xərçəngi üçün müalicə üsulları
Öd kisəsi xərçənginin müalicə üsullarına bunlar daxil ola bilər:
- Öd kisəsini, ətraf toxumanı və ya yaxın limfa düyünlərini çıxarmaq üçün cərrahi müdaxilə
- Şüa müalicəsi
- Kimyaterapiya
Lakin öd kisəsi xərçəngi nadir hallarda erkən mərhələlərdə aşkar edilir. Yayılmış xərçəngdə mütəxəssislər tıxanıqlığı aradan qaldırmağa, simptomları yüngülləşdirməyə, tıxanmanı təmizləməyə və yığılan mayeni boşaltmağa yönələn müxtəlif cərrahi üsullardan istifadə edə bilərlər.
Xolangiokarsinoma üçün müalicə üsulları
Xərçəngin yerləşməsindən asılı olaraq xolangiokarsinoma əməliyyatı aşağıdakıların çıxarılmasını əhatə edə bilər:
- Öd axacağı
- Qaraciyərin bir hissəsi
- Whipple proseduru adlanan əməliyyatla öd axacağı, mədəaltı vəzin başı, öd kisəsi, mədə və nazik bağırsağın bir hissəsi
Whipple əməliyyatından sonra mədəaltı vəzdə insulin istehsalını davam etdirmək üçün kifayət qədər hissə qalır. Digər tərəfdən, perihilar xolangiokarsinoması olan insanların qaraciyər transplantasiyasına ehtiyacı ola bilər. Mütəxəssislər bu prosedurlardan sonra qalan xərçəng hüceyrələrini məhv etmək üçün şüa müalicəsi və ya kimyaterapiya tövsiyə edə bilərlər.
Xülasə: öd kisəsi xərçəngi ilə xolangiokarsinoma arasındakı fərq
Öd kisəsi xərçəngi və xolangiokarsinoma nadir öd yolları xərçəngləridir və sarılıq, qarın ağrısı, ürəkbulanma və hərarət kimi oxşar simptomlara səbəb olur.
Öd daşları öd kisəsi xərçəngi üçün yayğın risk amilidir. Lakin 65 yaşdan yuxarı olmaq, xoledox kistaları və birincili sklerozlaşdırıcı xolangit kimi digər risk amilləri insanın hər iki xərçəngə tutulma riskini artıra bilər.
Hər ikisinin müalicəsi əməliyyat, şüa müalicəsi və kimyaterapiyanı əhatə edə bilər. Qaraciyər və ya öd kisəsi stentləri və öd yolları şuntlanması da daxil olmaqla bəzi cərrahi prosedurlar simptomların yüngülləşməsinə kömək edə bilər. Cərrahi əməliyyat xolangiokarsinoma üçün daha yayğın müalicə üsulu olduğu halda, irəli mərhələli öd kisəsi xərçəngi olan insanlarda müalicə radioterapiya və ya kimyaterapiya ilə başlaya bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.