İl bitərkən: 2016-cı ildə səhiyyədə mühüm inkişaflar

Bu məqalədə
Bu ilin hamımız üçün çətin keçdiyini demək çətin deyil. Lakin səhiyyədə inkişaflar tam sürətlə davam edir. Bu ilki əsas inkişaflar nəticəsində kitab oxumağın ömrü uzatdığı, yerə düşən yemək 5 saniyədə götürülsə belə bakteriya bulaşdığı kimi məlumatlar da sübut edilib.
Bu il dünyadakı tədqiqatlardan ən çox danışılanları sizin üçün topladıq.
Zika virusu epidemiyası
Təəssüf ki, Zika epidemiyası 2016-cı ildə səhiyyə araşdırmalarından kənar ümumbəşəri problem yaradıb. Zika virusunu ağcaqanadlar daşıyır. Virus yoluxan şəxsdə qripəbənzər, az yüksəlmiş temperatur, əzələ, oynaq və baş ağrıları kimi qeyri-müəyyən əlamətlər yaradır. Bununla yanaşı hamilələrə yoluxduqda uşaqlarında mikroensefaliyaya (körpənin başının normaldan kiçik olması) və Guillain Barre sindromuna (GBS) səbəb olur. GBS adətən hər iki ayaqdan başlayıb yuxarı qalxan əzələ zəifliyi, dəridə hissiyyat pozuntuları və ürək-damar, tənəffüs sistemi, bağırsaqlar, sidik kisəsi kimi daxili orqanların funksiya pozuntuları ilə özünü göstərən xəstəlikdir. Araşdırmalarda doğuş edən 1,65 milyon qadının virusa yoluxduğu görülüb. John Hopkins Universitetindəki tədqiqatlar nəticəsində Zika virusunun ana bətnindəki körpənin beyninə necə təsir etdiyi tapılıb. Dünya Səhiyyə Təşkilatı (WHO) Zika virusunun təhlükə səviyyəsini aşağı saldıqdan sonra bir çox alim tam həll olunmamış bu xəstəliyin araşdırılmasına yetərli maliyyə mənbəyi tapılmayacağı narahatlığını yaşayıb. Bu epidemiya ölkəmiz üçün birbaşa təhlükə yaratmayıb. Bununla belə Şimali Amerikanın müəyyən ştatları, Cənubi Amerikanın əksəriyyəti və Sakit okean adaları epidemiyadan təsirlənib.
Xərçəng sahəsində inkişaflar
Hər il xərçəng sahəsində aparılan minlərlə tədqiqat istər xərçəngin necə inkişaf etməsi, istər müalicəsi barədə olsun, bir çox yeniliyə yol açır.
İyun ayında Nature Communications-da dərc olunan araşdırmada xərçəng hüceyrələrinin bədəndə necə yayıldığı göstərilib. Xərçəng hüceyrələrinin qaynaqlandığı toxumadan yayılması (metastaz verməsi) müalicəni daha da çətinləşdirir. Hüceyrə səthində olan inteqrin adlı zülallar hüceyrənin ətrafı ilə əlaqəsini təmin edir. Bu zülallar sayəsində xərçəng hüceyrələri qaynaqlandığı toxumadan ayrıldıqda yaşamağa davam edə bilir.
Veb-saytımızın xəbərlər bölməsində xərçəng sahəsindəki inkişafları daha ətraflı tapa bilərsiniz.
İdman, idman, idman
Bu il də fitnes həvəsi davam edir. Fitnes zalı abunəlikləri, idman taytları heç vaxt olmadığı qədər dəbdədir. Lakin piylənmə rəqəmlərinə baxdıqda nisbətlər hələ də artır.
American Journal of Preventive Medicine jurnalının mart 2016 sayındakı tədqiqatda uzunmüddətli oturmağın dünyadakı ölüm hallarının təxminən %3,8-nə cavabdeh olduğu tapılıb.
Müntəzəm idmanın xüsusilə böyüklərdə ürək xəstəliklərindən qoruduğu sübut olunub. Həmçinin gündə 1 saat idman da uzunmüddətli oturmağın bədənə təsirlərini yüngülləşdirir.
Lipid (yağ) azaldan statin qrupu dərmanları üzrə tədqiqatlar davam edir
Statinlər xolesterolu azaltmaq üçün ən çox istifadə edilən dərmanlardandır. Çox istifadə olunduğundan fayda və yan təsirləri yaxşı araşdırılmalı dərman qrupudur.
Tədqiqatlarda statin istifadəsinə bağlı işemik insult (beyin damarının tıxanması), diabet və miopatiya riski artır. Lakin mütəxəssislər statin istifadəsinin faydalarının yan təsirlərindən çox üstün olduğunu deyirlər. Araşdırmalar nəticəsində infarktdan qorunmaq üçün statin istifadə edənlərin sayının yan təsir görülən xəstələrdən daha çox olduğu müşahidə edilib.
Digər tərəfdən, nüfuzlu tibb-elmi jurnalı JAMA-da dərc olunan, 49 tədqiqatın toplandığı və 312175 iştirakçının olduğu meta-analizdə statinlərin xolesterolu azaltmaqda ilk seçim olmalı olduğu vurğulanıb; bununla yanaşı statinləri qəbul edə bilməyən xəstələr üçün LDL reseptor sayını artırmaq, pəhrizi dəyişmək, öd turşusu ifrazını artırmaq və ileal bypass kimi başqa seçimlərin də olduğu bildirilib.
Stanford Universitetinin tədqiqatı nəticəsində isə yüksək dozalı statin istifadəsi azalan ölüm nisbəti ilə əlaqələndirilib.
Marixuana istifadəsinin artması narahatlıq yaradır
Marixuana istifadəsi getdikcə artır. Amerikada 23 ştatda müəyyən səviyyələrdə tibbi istifadəsi qəbul edilib. Çətənə bitkisindən əldə olunan marixuananın əsas təsiredici maddəsi “Tetrahidrokannobinol”dur (THC). THC CB1 reseptoruna bağlanaraq psixoaktiv təsirini göstərir. Psixoaktiv təsir əsasən mərkəzi sinir sisteminə təsir göstərib beyin funksiyalarını dəyişdirərək qavrayış, əhval, şüur və davranışda müvəqqəti dəyişiklik yaradan təsirdir. Psixoaktiv maddələr məhdud səviyyədə anesteziya, ağrıkəsici və psixiatrik dərmanlarda tibbi istifadə edilsə də, şüursuz və həddən artıq istifadəsi maddəyə fiziki asılılıq yaradaraq xüsusilə bir çox koqnitiv mənfi təsirə səbəb olur.
Tibbi istifadəsi ilə yanaşı sintetik marixuana qanunsuz dərman hazırlanmasında ən geniş istifadə edilən maddədir. 2015-ci ildə Amerikada sintetik marixuana istifadəsinə bağlı zəhərlənmə nəticəsində çağrı mərkəzinə 8000 zəng daxil olub. Bu inkişaflardan sonra alimlər müalicədə təsiri artırmaq üçün sintetik marixuananın təsir mexanizmini tapmağa yönəliblər.
Bu il American Journal of Medecine-də dərc olunan tədqiqatda marixuana istifadəsinin sümük mineral nisbətini azaltdığı və osteoporoz riskini artırdığı tapılıb. Digər tədqiqatda isə marixuananın mitoxondridə CB1 reseptorlarını aktivləşdirərək yaddaş itkisinə səbəb olduğu tapılıb. Yeganə müsbət məqam kimi Alzheimer tədqiqatlarında THC-nin beta-amiloid səviyyəsini azaldaraq sinir hüceyrələrini ölümdən qoruduğu görülüb. Buna qarşı marixuana istifadəsinin psixoz (düşüncə və hissiyyatın ağır pozulduğu zehni vəziyyət) riskini nəzərəçarpacaq artırdığı göstərilib.
Pokemon GO çılğınlığı
Keçən yaya doğru qəfil populyarlaşan Pokemon Go asılılıq yaradan smartfon oyunudur. Oyundakı personajları tutmaq üçün smartfonla birlikdə real dünyada gəzmək lazımdır. Bəzi oyunsevərlər bunun idman baxımından faydalı olduğunu düşünsə də, diqqətin daim telefonda olması səbəbindən bədbəxt qəzalara da səbəb olur.
Yerfındığı allergiyası
1997-2008-ci illər arasında yerfındığı allergiyası olan uşaqların sayı üç dəfə artıb. Bu gün isə təxminən 3 milyon şəxsin fındıq və yerfındığı allergiyası var. JAMA-dakı tədqiqata görə 4-11 aylıq körpələrin yerfındığı ilə qidalanması nəticəsində sonrakı yaşlarda yerfındığı allergiyası riski %70 azalır.
Sonuna çatdığımız ilin ardından yeni ilin sizə ilk növbədə sağlamlıq, xoşbəxtlik, hüzur və uğur gətirməsini diləyirik. Yeni iliniz mübarək…
Mənbələr
medicalnewstoday.com
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.