İrəliləmiş mərhələli uşaqlıq boynu xərçənginin müalicəsində camrelizumab və apatinib

İrəliləmiş mərhələdə və daha əvvəl bir neçə müalicə xətti almış serviks (uşaqlıq boynu) xərçəngi olan qadınların müalicəsi üçün yeni immunoterapiyalardan anti-PD-1 anticismi camrelizumab və antiangiogen (VEGFR inhibitoru) apatinib kombinasiyasının müsbət nəticələri Journal of Clinical Oncologyjurnalında dərc olunmuş faza II CLAP tədqiqatında bildirilib.
Serviks xərçəngində immunoterapiya və hədəfli dərman
Çində aparılmış bu çoxmərkəzli tədqiqata ən azı 1 sistemli müalicə xəttindən sonra xərçəngi irəliləmiş 45 xəstə daxil edilib. Xəstələr 2019-cu ilin yanvar–avqust aylarında qeydə alınıblar və 4 həftəlik dövrlərdə hər 2 həftədən bir 200 mg camrelizumab və gündə bir dəfə 250 mg apatinib ən çox 24 ayadək qəbul ediblər. Effektivlik təhlilinə nəticələri qiymətləndirilə bilən cəmi 41 xəstə daxil edilib.
Tədqiqatda ölçülməsi nəzərdə tutulan birincili sonlanma nöqtəsi obyektiv cavab göstəricisiidi. Xəstələrin ümumilikdə %57,8-i daha əvvəl residivləşmiş və ya metastatik xəstəlik üçün iki və ya daha çox kimyaterapiya xətti almışdı və %67-sində PD-L1-müsbət xəstəlik var idi.
Nəticələr
- Median izləmə müddəti 11,3 ay idi.
- 45 xəstənin 25-ində (%55,6) obyektiv cavab müşahidə olundu; bunlara 2 tam cavab (%4,4) da daxil idi. Əlavə 12 xəstədə (%26,7) xəstəlik sabit qaldı və xəstəliyə nəzarət göstəricisi %82,2 oldu.
- Effektivliyi qiymətləndirilə bilən 41 xəstənin 25-ində (%61) obyektiv cavab müşahidə olundu.
- Xəstələrin yarıdan çoxunda müalicəyə cavab davam etdiyi üçün median cavab müddətinə çatılmadı.
- Təhlil zamanı 25 cavabın 16-sı davam edirdi; bu şəxslərin %71,5-ində cavab 6 ay və daha çox, %66,8-ində isə ≥ 12 ay davam etmişdi.
- Median proqressiyasız (irəliləməsiz) sağqalım 8,8 ay, 6 aylıq proqressiyasız sağqalım göstəricisi isə %57 idi.
- Median ümumi sağqalım müddətinə çatılmasa da, 9 aylıq ümumi sağqalım göstəricisi %69,2 idi.
- PD-L1-müsbət və PD-L1-mənfi şişləri olan xəstələrdə obyektiv cavab göstəriciləri müvafiq olaraq %69 və %50 idi (statistik fərq yox idi).
- Obyektiv cavab göstəricisi yastıhüceyrəli karsinoması olan 30 xəstədə %77,8, adenokarsinoması olan 15 xəstədə isə %28,6 idi.
Yan təsirlər
- Xəstələrin %71,1-ində müalicə ilə əlaqəli 3-cü və ya 4-cü dərəcəli (ciddi) yan təsirlər yarandı.
- Ən çox rast gəlinənlər hipertenziya (%24,4), anemiya (%20) və yorğunluq (%15,6) idi.
- Müalicə ilə əlaqəli ciddi yan təsirlər 4 xəstədə (%8,9) görüldü: 2 xəstədə səpgi, birində pnevmoniya, bir xəstədə isə neytropeniya, anemiya və trombositopeniya. Yan təsirlər üç xəstədə (% 6.7) müalicənin dayandırılmasına səbəb oldu. Müalicə ilə əlaqəli ölüm müşahidə olunmadı.
- İmmunoterapiya ilə potensial əlaqəli ən geniş yayılmış yan təsirlər 1-ci və ya 2-ci dərəcəli hipotireoz (%22,2) və reaktiv dəri kapilyar endotel proliferasiyası (%8,9) idi.
Nəticə olaraq, camrelizumab və apatinib irəliləmiş mərhələli uşaqlıq boynu xərçəngi olan xəstələrdə ümidverici antitumor fəallığa və idarə edilə bilən yan təsirlərə malik idi. Bu nəticələri təsdiqləmək üçün daha böyük randomizə edilmiş nəzarətli tədqiqatlar mütləq aparılacaq.
*
ƏLAQƏLİ MÖVZU
HPV peyvəndinin uşaqlıq boynu xərçəngi riskini nə qədər azaltdığı müəyyən edildi
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.