Kəskin mieloid leykozun müalicəsi üçün liposomal Vyxeos dərmanı FDA təsdiqi aldı

3 avqust 2017-ci ildə ABŞ Qida və Dərman İdarəsi FDA xəstəliyin gedişatı (proqnozu) pis olan iki kəskin mieloid leykoz (AML) növü – müalicə ilə əlaqəli AML və mielodisplaziya ilə əlaqəli AMLyeni diaqnozu qoyulmuş yetkinlərin müalicəsində istifadə üçün daunorubisin və sitarabin kombinasiyasını ehtiva edən, kapsullaşdırılmış liposomal dərman Vyxeosu təsdiqlədi.
Vyxeos müalicə və ya mielodisplaziya ilə əlaqəli AML xəstələri üçün FDA tərəfindən xüsusi təsdiqlənmiş ilk müalicədir.
Təsdiq yeni diaqnoz qoyulmuş, 60-75 yaşlı, müalicə və ya mielodisplaziya ilə əlaqəli kəskin mieloid leykozu olan 309 xəstədə daunorubisin və sitarabinin (7+3) standart kombinasiyası ilə Vyxeosu müqayisə edən randomizə edilmiş (1: 1), çoxmərkəzli, açıq etiketli, aktiv nəzarətli tədqiqatdan əldə olunan məlumatlara əsaslanır. Vyxeos ilə təxmini ümumi sağqalım 9.6 ay, standart kombinasiya üçün isə 5.9 ay göstərilmişdir.
Vyxeosun yan təsirləri hansılardır?
Vyxeos ilə müalicə edilən xəstələrin %25-dən çoxunda görünən ən sıx yan təsirlər qanama, qızdırmalı ağ qan hüceyrəsi azalması (febril neytropeniya), səpki, ödem (şişkinlik), ürəkbulanma, ağız yarası (mukozit), ishal, qəbizlik, əzələ-skelet ağrısı, yorğunluq, qarın ağrısı, təngnəfəslik (dispnoe), baş ağrısı, öskürək, iştahanın azalması, ürək ritm pozuntuları, ağciyər iltihabı (pnevmoniya), bakteriyaların bədənə yayılması nəticəsində yaranan sistemik infeksiya (sepsis), titrəmə, yuxu pozuntuları və qusmadır.
Vyxeos dozası necə hesablanır?
Hər Vyxeos flakonu liposomlarda kapsullaşdırılmış 44 mg daunorubisin və 100 mg sitarabin ehtiva edir. Hər doza üçün lazım olan Vyxeo miqdarı bədən səthinin sahəsindən istifadə edilərək daunorubisin dozasına (mg/m2) görə hesablanır. Vyxeos sabit doza kombinasiyası ehtiva edir və daunorubisin komponentinə görə doza tənzimləndikdə lazım olan sitarabin dozası da tənzimlənmiş olur və hesablanması lazım deyil.
İlk induksiya kursu üçün tövsiyə edilən Vyxeos dozası – daunorubisin 44 mg/m2 və sitarabin 100 mg/m2 – 1, 3 və 5-ci günlərdə 90 dəqiqə ərzində venadaxili (toplardamardan) infuziya yolu ilə tətbiq edilir. Lazım gələrsə, eyni doza ikinci induksiya kursunda da 1 və 3-cü günlərdə tətbiq edilə bilər. Konsolidasiya müalicəsinin hər kursu üçün tövsiyə edilən doza – daunorubisin 29 mg/m2 və sitarabin 65 mg/m2 – 1-ci və 3-cü günlərdə 90 dəqiqə ərzində venadaxili infuziya yolu ilə tətbiq edilir.
Daunorubisin nədir?
Daunorubisin (daunorubicin) və ya daunomisin (daunomycin) bəzi xərçəng növlərinin müalicəsində istifadə edilən antrasiklin növündən kimyaterapiya dərmanıdır. Ümumiyyətlə, bəzi leykozların müalicəsində istifadə edilir.
Sitarabin nədir?
Sitarabin (sitozin arabinozid) məməli hüceyrələrinə öldürücü (sitotoksik) təsir göstərən kimyaterapiya dərmanıdır. Hüceyrə çoxalmasının S fazası adlanan, DNAnın sintez edildiyi dövrə təsir göstərərək hüceyrələri ölümə aparır və müəyyən şərtlərdə hüceyrələrin G1 fazasından S fazasına keçməsinə mane olur. Yəni hüceyrə bölünməsinin müəyyən fazalarını bloklamaq xüsusiyyətinə malik dərmandır. Təsir mexanizmi tam anlaşılmasa da, sitarabinin DNA polimeraza fermentini bloklayaraq (inhibisiya) təsir etdiyi görünür.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.