Kişilər hər yaşda formada olmalıdır! Niyə?

Uzunmüddətli genişmiqyaslı araşdırmanın nəticəsində ürək-damar kondisiyası yaxşı olan orta yaşlı kişilərin, xüsusilə ağciyər və kolon xərçənginə tutulma riskinin az olduğu müəyyən edilib.
Müntəzəm fiziki aktivlik geniş sağlamlıq faydaları əldə etmək deməkdir. Bu da bəzi əsas xərçəng növlərində riskin azalması deməkdir. Bədən quruluşuna və sağlamlıq vəziyyətinə uyğun olaraq, mütəxəssis məsləhəti ilə edilən idman xərçəngin yaranmasını minimuma endirir. Bir çox xərçəng növü ilə bağlı aparılan onlarla araşdırma bu nəticəni dəfələrlə sübut edib. Budur, daha biri..
Amerika Klinik Onkologiya Cəmiyyətinin 2013 illik toplantısında ictimaiyyətə təqdim edilən araşdırma nəticələrinə görə, ürək-damar kondisiyası yaxşı olan orta yaşlı kişilərdə yoğun bağırsaq və ağciyər xərçənginin inkişafı və ölümcül risk ehtimalının çox aşağı olduğu irəli sürülüb. Texasdakı Kuper İnstitutunda aparılan araşdırmada orta yaşı 50 olan 17,000-dən çox kişinin ürək-damar kondisiyası orta hesabla 20 il ərzində araşdırılıb.
İştirakçılara tətbiq edilən məşq testi qaçış trenajorunda müxtəlif sürətlərdə yerimədən ibarət idi və testin performans səviyyəsi iştirakçıların yerimə müddətinin uzunluğuna əsasən qiymətləndirilirdi. Araşdırma kişilər arasında ən çox rast gəlinən üç xərçəng növünü — ağciyər, yoğun bağırsaq və prostat xərçənglərini əhatə edirdi. Araşdırma müddətində izlənilən şəxslərdə zamanla 2,332 prostat xərçəngi, 276 yoğun bağırsaq xərçəngi və 277 ağciyər xərçəngi müəyyən edilib.
Nəticə olaraq;
- Kondisiya səviyyəsi daha aşağı olan kişilərlə müqayisədə, kondisiyası daha yaxşı olan kişilərdə ağciyər xərçənginin inkişaf riski %68 nisbətində azalarkən, yoğun bağırsaq xərçənginin inkişaf riski %38 nisbətində azalıb. Bu analizlər xərçənglə əlaqəli ola biləcək siqaret istifadəsi və bədən kütlə indeksi kimi iki risk faktorunu da nəzərə alaraq aparılıb. Araşdırmada kondisiyanın prostat xərçənginin inkişafına heç bir təsirinin olmadığı müşahidə edilib.
- Kondisiya səviyyəsinin artması xərçənglə əlaqəli ölümlərdə %14 nisbətində azalma təmin edərkən, ürək-damar xəstəliklərinə bağlı ölüm nisbətlərində isə % 20-dən çox azalmaya səbəb olub. Beləliklə, kondisiyada yaranan ən kiçik artımın belə fərdlərə fayda verdiyi müəyyən edilib.
- Artıq çəkisi olmayan xəstələrdə belə kondisiyanın aşağı olması xərçəngə tutulma riskini artırdığını göstərib. Bu nəticə artıq çəkili insanların belə xərçəng riskini azaltmaq üçün idmandan faydalana biləcəklərini ortaya qoyub.
Bir daha aydın olduğu kimi, sağlam yaşamağın qaydalarından biri kimi dəfələrlə qeyd etdiyim idmanı həyatınızın bir hissəsinə çevirmək o qədər də çətin olmamalıdır. Sağlamlığınızın imkan verdiyi ölçüdə edilən idman sizə həmişə fayda verəcək və xəstəliklərdən qorunmağınıza kömək edəcək. İdman daha gümrah düşüncə və möhkəm immun sistemi deməkdir. Möhkəm immun sistemi isə xəstəlikləri bizdən mümkün qədər uzaq saxlayacaq.
Düzgün qidalanma ilə dəstəklənən idman sağlam qalmağın əsas şərtlərindən biridir və özünüz üçün edə biləcəyiniz ən böyük yaxşılıqdır.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.