Kişilərdə HPV infeksiyası haqqında vacib məlumatlar

HPV (insan papilloma virusu) geniş yayılmış cinsi yolla ötürülən virusdur və genital ziyillərin əsas səbəbidir. Cinsi aktiv qadınların və kişilərin yarısından çoxu həyatlarının bir dövründə bu virusa yoluxur.
150-dən çox HPV növü var. Təxminən 30-u genital infeksiyalarla əlaqəlidir. Bu növlər aşağı və ya yüksək riskli ola bilər.
- Aşağı riskli növlər heç bir əlamət verməyə bilər.
- Yüksək riskli növlər isə penis və anusda hüceyrə dəyişikliklərinə səbəb ola bilər. Bu dəyişikliklər orqanizmdə xərçəngə gətirib çıxara biləcək dəyişikliklər ola bilər.
HPV xərçəng deyil, lakin HPV virusuna yoluxmuş şəxslərdə dəyişikliklərə məruz qalan hüceyrələr səbəbindən xərçəng riski yüksəkdir.
HPV olan hüceyrələrdə dəyişikliklər çox yavaş toplandığı üçün mütəxəssislərin şəxsin bu virusu daşıdığını və ya sonradan xərçəng yarandığını müəyyən etməsi çətindir.
- Marağınızı çəkə bilər: Virus nədir? Virusların qısa tarixi və xərçəng yaradan viruslar
Təkcə ABŞ-da hər il 14 milyon yeni HPV infeksiyası halı yaranır. Bu virus adətən qadınlarda özünü göstərdiyi üçün kişilərin bu infeksiyaya yoluxmadığı və ya yalnız daşıyıcı olduğu barədə yanlış inanc var. Bu inancın əksinə;
- Amerika Xərçəng Cəmiyyətinin (AKD) tədqiqatlarına görə ABŞ-da ildə təxminən 2.120 nəfərə penis xərçəngi, təxminən 2.950 kişiyə isə anal/arxa keçid xərçəngi diaqnozu qoyulur.
- Anal xərçəng riski homoseksual və biseksual kişilərdə yalnız qadınlarla cinsi əlaqədə olan kişilərlə müqayisədə təxminən 17 dəfə yüksəkdir.
- HIV (insanın immunçatışmazlığı virusu) olan kişilərdə də bu xərçəngə tutulma riski daha yüksəkdir.
- Qərb cəmiyyətlərində həm kişilərdə, həm də qadınlarda baş-boyun xərçənglərinin yarısından çoxu HPV ilə əlaqəlidir (xüsusilə dil kökü və badamcıq xərçəngləri).
Kişilərdə HPV əlamətləri
HPV-li kişilərin əksəriyyətində infeksiya heç bir şikayət yaratmadığı üçün onlar infeksiyalarının olduğunu fərq etməyə bilərlər. Keçməyən infeksiya varsa, ziyillərə diqqət yetirilməlidir. Bu ziyillər aşağıdakı sahələrdə yarana bilər:
- Penis
- Xayalar
- Anus
- Qasıq və budlar
- Dil və ağızın üst hissəsi
Bu sahələrdə anormal dəri dəyişiklikləri hiss edildikdə əlavə qiymətləndirmə üçün mütləq mütəxəssisə müraciət etmək vacibdir.
Ziyillər barədə bilməli olduğunuz digər məqamlar:
- Genital ziyillər kiçik və ya böyük, yastı və ya qabarıq, gül kələminə bənzər formalarda ola bilər.
- Penis, anus və ya genital nahiyə ətrafında qabarcıq və ya qrup şəklində görünə bilər.
- Bu ziyillər adətən ağrısızdır, lakin görünüş baxımından narahatlıq yarada bilər.
HPV ilə əlaqəli xərçənglər və əlamətləri
ABŞ-da hər il mütəxəssislər tərəfindən 42.000-dən çox şəxsə HPV-yə bağlı xərçəng diaqnozu qoyulur. Bu halların təxminən 18.300-nü kişilər təşkil edir.
Mütəxəssislərə görə kişilərdə HPV aşağıdakı xərçəng növlərinin yaranmasına səbəb olur:
- HPV ildə 2200 kişiyə təsir edən anal xərçəngin yaranmasının %90-dan çoxuna cavabdeh ola bilər.
- Penis xərçənglərinin %60-dan çoxu HPV ilə başlayır.
- Boğazın arxa hissəsində, dilin kökündə və badamcıqlarda yaranan orofaringeal xərçəng hallarının təxminən %70-i HPV-yə bağlı ola bilər.
HPV ilə əlaqəli anal xərçəng əlamətləri
- Anusda qanaxma, ifrazat, ağrı və ya qaşınma
- Anus və ya qasıq nahiyəsində limfa düyünlərinin şişməsi
- Bağırsaq vərdişlərində və ya nəcisin formasında dəyişikliklər
HPV ilə əlaqəli penis xərçənginin əlamətləri
- Penisdə rəng dəyişiklikləri
- Dərinin qalınlaşması
- Toxuma yığılması
- Qanayan və ya qanamayan, ağrılı və ya ağrısız yaralar və ya böyümələr
HPV ilə əlaqəli orofaringeal xərçəngin əlamətləri
- Keçməyən boğaz və ya qulaq ağrısı
- Keçməyən öskürək
- Nəfəs alma və ya udma çətinliyi
- Çəki itkisi
- Səs dəyişiklikləri və ya səsin tutulması
- Boyunda şişlik və ya böyümələr
Tibbin bugünkü məqsədi keçici HPV-ni xərçəngə keçə biləcək HPV-dən ayırd edə bilməkdir. Bu, hələ mümkün deyil.
HPV necə ötürülür — HPV-nin səbəbləri?
HPV hər iki cins üçün cinsi təmas da daxil olmaqla birbaşa və ya yaxın təmas yolu ilə ötürülür. HPV-nin ən geniş yayılmış ötürülmə yolları bunlardır:
- Oral
- Anal
- Vaginal
HPV-nin kişilərdə rastgəlmə tezliyi qadınlardan daha azdır.
HPV daşıyan şəxs heç bir əlamət göstərməsə belə virusu yaya bilər. HPV daşıyan şəxslərlə cinsi əlaqədə olan hər kişiyə bu virus ötürülə bilər. Şəxsin HPV-yə yoluxma riski aşağıdakı amillərdən asılı olaraq arta bilər:
- Çoxsaylı cinsi partnyorları əhatə edən cinsi həyat
- Yaş (HPV adətən yeniyetməlikdə və ya gənc yetkinlikdə daha çox görülür)
- Sünnət edilməmiş olmaq
- Zədələnmiş dəri
- Kişilərin homoseksual əlaqədə olması
- HIV və ya orqan transplantasiyası səbəbindən immun sistemi zəif olan kişilər
Şəxs hər hansı genital ziyil hiss etdikdə və ya narahatlıq, yaxud ağrı yaradan ziyillər əmələ gəldikdə mütəxəssisə müraciət etməlidir.
Bəzi hallarda HPV yalnız bu cür genital ziyillərə səbəb olarkən bəzi hallarda xərçəngə gətirib çıxara bilər. Bu hallar şəxsin daşıdığı HPV tipindən asılıdır. Lakin hər HPV tipi xərçəngə səbəb olmur.
Kişilərdə HPV necə müəyyən edilir?
Hazırda kişilərdə HPV-ni aşkar etmək üçün tövsiyə edilən test yoxdur (qadınlarda isə Pap-smear ilə götürülmüş nümunədə HPV-DNT yoxlanılır).
HPV ilə əlaqəli əlamət və ya tapıntı olarsa, bunları həkiminizə bildirməyiniz vacibdir;
- Hər hansı anormal dəri böyüməsi
- Penis, xayalıq, anal və ya boğaz nahiyənizdə dəyişikliklər
Bunlar xərçəngin erkən əlamətləri ola bilər. HPV-nin səbəb olduğu anal xərçəng riski yüksək olan homoseksual və biseksual kişilər üçün anal Pap testləri aparıla bilər. Anal Pap testində mütəxəssis anusdan hüceyrələr toplayır və sonra laboratoriyada anormallıq olub-olmadığını yoxlatdırır.
Kişilərdə genital ziyillər genital nahiyənin vizual yoxlanması ilə müəyyən edilir. Bəzi mütəxəssislər görünməyən ziyilləri müəyyən etməyə kömək etmək üçün məhlul tətbiq edə bilər. Lakin test qəti nəticə vermir. Bəzən anormal olmayan hal da yanlışlıqla ziyil kimi müəyyən edilə bilər.
Kişilərdə HPV müalicəsi
Hazırda HPV üçün heç bir müalicə mövcud deyil. Lakin xəstəliyin idarə edilməsi HPV ilə əlaqəli halları və bəzi əlamətləri nəzarətdə saxlamağa yönəlib.
Diaqnozdan sonra genital ziyillər reseptli dərmanlarla müalicə edilə və ya cərrahi yolla çıxarıla bilər.
Ziyillərin cərrahi çıxarılması ölçüsündən, yerindən və formasından asılı olaraq dondurma və ya yandırma üsulu ilə aparılır. Bu üsul krioterapiya adlandırılır. Lakin ziyillərin müalicəsi virusun cinsi partnyora ötürülməsinin qarşısını almaya bilər.
Genital ziyillərin müalicə edilməməsi ziyillərin böyüməsinə, çoxalmasına və ya eyni qalmasına səbəb ola bilər. Digər tərəfdən, ziyillər öz-özünə də keçə bilər. Lakin genital ziyillərin xərçəngə çevrilmə ehtimalı aşağıdır.
HPV geniş yayılmış xərçəng növlərindən birinə çevrilərsə, şəxs mütəxəssislər tərəfindən kimyaterapiya və radioterapiya kombinasiyası ilə müalicə edilir.
HPV riskinizi necə azalda bilərsiniz?
Müalicə mövcud olmasa da, HPV-yə qarşı qorunmağın ən yaxşı yollarından biri üç təsirli HPV peyvəndidir. Hər üç peyvənd HPV tip16 və HPV tip 18 ilə infeksiyanın qarşısını alır. Bu iki tip xərçənglə ən güclü əlaqəsi olan HPV tipləridir. Peyvəndlər həmçinin genital ziyillərlə ən çox əlaqələndirilən HPV tip 6 və HPV tip 11-dən də qoruyur. 12 yaşa qədər peyvənd olunmağınız tövsiyə edilsə də, 26 yaşa qədər hələ peyvənd oluna bilərsiniz.
- HPV peyvənd təlimatı yeniləndi! Bu münasibətlə HPV peyvəndinin nə olduğunu öyrənək
Daha böyük yaşlarda isə özünüzü belə qoruya bilərsiniz:
- Cinsi partnyor sayını məhdudlaşdırmaq, təkeşli olmaq
- Prezervativlərdən düzgün və ardıcıl istifadə etmək (prezervativlər HPV-yə qarşı tam qorunma təmin edə bilmir, çünki prezervativin örtmədiyi sahələrdə də virus ola bilər)
- Genital ziyil varsa, partnyorla cinsi təmasdan uzaq durmaq
HPV peyvəndləri
Mütəxəssislər oğlan uşaqlarının 11-12 yaşlarında iki doza HPV peyvəndi almasını tövsiyə edirlər. Bəzi hallarda üç doza peyvənd də tövsiyə edilə bilər:
- İki doza arasında 5 aydan az vaxt keçibsə
- Uşaq 14 yaşdan böyükdürsə — 6 ay ərzində üç doza almalıdır
- Şəxsin immun sistemi daha az təsirlidirsə
HPV peyvəndi kimi ABŞ Qida və Dərman İdarəsi (FDA) Gardasil 9 adlı peyvəndə təsdiq verib. Gardasil 9, 2014-cü ildə 9-26 yaş arasında təhlükəsiz kimi təsdiqlənmişdi, FDA isə hazırda bunu 9-45 yaş arası olaraq yeniləyib.
HPV peyvəndi təhlükəsiz və təsirlidir. Tədqiqatlarda ciddi yan təsirlər bildirilməyib. Lakin FDA inyeksiya yerində ağrı, şişlik, yüngül rəng dəyişikliyi və baş ağrısı kimi yan təsirlərin ola biləcəyini bildirir.
HPV peyvəndinin hallara təsiri
ABŞ-da HPV peyvəndinin tətbiqinə başlanandan bəri;
- 14-19 yaşlı qadınlarda dörd əsas HPV tipindən birini daşıyanların sayı %11,5-dən %4,3-ə enib
- 20-24 yaşlı qadınlarda bu rəqəm %18,5-dən %12,1-ə enib.
Lakin peyvəndlərin artıq mövcud olan HPV-ni müalicə etmədiyi unudulmamalıdır. Buna görə gec olmadan şəxslərin HPV peyvəndi olması vacibdir.
HPV ilə yaşamaq
Amerika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) HPV infeksiyasının adətən 2 il ərzində müalicəsiz düzəldiyini bildirir. Təxminlərə görə HPV infeksiyalarının %90-ı immun sisteminin köməyi ilə heç bir zərər vermədən təmizlənir.
Bununla yanaşı, virusları aktiv şəkildə müalicə etmək çətin ola bilər. İmmunitetin bərpası aylar, hətta illər çəkə bilər. Şəxs diaqnoz almadan və ya ağırlaşmalar yaşamadan əvvəl HPV daşıya və potensial olaraq uzun illər daşıyıcı qala bilər.
Şəxsdə genital ziyil varsa, müalicə olunana qədər cinsi təmasdan uzaq durmalıdır.
Ziyillər əməliyyatla çıxarıldıqdan sonra nə qədər müddət yayıla biləcəyi məlum deyil. Buna görə əlaqə zamanı prezervativ kimi baryer kontraseptivdən istifadə yayılmanın qarşısının alınmasına kömək edə bilər.
HPV geniş yayılmış haldır və cinsi aktiv yetkinlərin əksəriyyəti həyatlarının bir dövründə HPV-yə yoluxa bilər. Lakin HPV ilə əlaqəli xərçənglər və sağlamlıq problemləri ümumilikdə çox geniş yayılmayıb.
Mənbələr
Seladi-Schulman, J. & Nichols, H. (2023). What's to know about HPV in males? Medical News Today: https://www.medicalnewstoday.com/articles/314567
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.