Metastatik HER2-Pozitiv Süd Vəzi Xərçəngi üçün Neratinib FDA Təsdiqi Aldı

Neratinib (Nerlynx) adlı kiçik molekul sinfindən xərçəng əleyhinə agent əvvəllər iki və ya daha çox xətt anti-HER2 əsaslı rejim almış metastatik və ya irəli mərhələ HER2 pozitiv süd vəzi xərçəngi olan böyük xəstələrin müalicəsi üçün kapesitabin kimyaterapiyası ilə kombinasiyada 25 fevral 2020 tarixində ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqləndi. Qeyd: Neratinib əvvəllər 17 iyul 2017 tarixində erkən mərhələ HER2 pozitiv süd vəzi xərçənglərinin adyuvant müalicəsi kimi FDA təsdiqi almışdı (müvafiq təsdiqə baxın).
NALA Tədqiqatının Dizaynı
Neratinibin kapesitabinlə effektivliyi metastatik şəraitdə iki və ya daha çox anti-HER2 əsaslı rejim almış 621 xəstədə metastatik HER2 müsbət süd vəzi xərçəngi üçün aparılan randomizə, çoxmərkəzli, açıq etiketli NALA klinik tədqiqatında araşdırıldı. Xəstələr (1: 1) randomizə edildi. Hər 21 günlük dövrdə xəstələr bu dozalarda dərman aldılar:
- Təcrübə qolunda 21 gün gündə bir dəfə ağızdan neratinib 240 mg və 1-14-cü günlər kapesitabin 750 mg/m2 gündə 2 dəfə (307 xəstə) və
- Nəzarət qolunda 21 gün lapatinib 1250 mg və 1-14-cü günlər kapesitabin 1000 mg/m2 gündə 3 dəfə (314 xəstə).
Xəstələr xəstəlik irəliləyənədək və ya qəbuledilməz yan təsirədək müalicə edildi. Əsas təsirlilik nəticələri ümumi sağqalım və proqressiyasız (irəliləməsiz) sağqalım idi. Mühüm ikincili nəticələr obyektiv cavab nisbəti və cavab müddəti idi.
Tədqiqatın Nəticələri
- Kapesitabinlə neratinib alanlarda median (ortanca) proqressiyasız sağqalım 5.6 ay (95% CI: 4.9, 6.9), kapesitabinlə lapatinib alanlarda 5.5 ay idi (95% CI: 4.3, 5.6). Təhlükə nisbəti: 0.76; 95% CI: 0.63, 0.93; p=0.0059.
- 12-ci ayda proqressiyasız sağqalım müvafiq olaraq % 29 (% 95 CI: 23, 35) və % 15 (% 95 CI: 10, 20) idi.
- Median ümumi sağqalım neratinib qolunda 21 ay (95% CI: 17.7, 23.8), lapatinib qolunda isə 18.7 ay idi (95% CI: 15.5, 21.2). Təhlükə nisbəti: 0.88; 95% CI: 0.72, 1.07; p=0.2086
- Obyektiv cavab nisbəti müvafiq olaraq %32.8 və %26.7 ilə neratinibin xeyrinə idi.
- Median cavab müddəti müvafiq olaraq 8.5 və 5.6 ay ilə neratinibin xeyrinə idi.
Yan Təsirlər
Neratinib və kapesitabin qolunda hər hansı dərəcədə ən çox bildirilən yan təsirlər ishal, ürəkbulanma, qusma, iştahanın azalması, qəbizlik, yorğunluq / asteniya, çəki itkisi, başgicəllənmə, bel ağrısı, artralgiya, sidik yolu infeksiyası, yuxarı tənəffüs yolu infeksiyası, qarında şişkinlik, böyrək çatışmazlığı və əzələ spazmlarıdır. Ən çox bildirilən dərəcə 3 və ya 4 yan təsirlər ishal, ürəkbulanma, qusma, yorğunluq və iştahanın azalmasıdır. - Əlaqəli mövzu: Xərçəngin özü və ya müalicələrinə bağlı ishal – niyə yaranır, necə müalicə edilir? İrəliləmiş və ya metastatik süd vəzi xərçəngi üçün tövsiyə olunan neratinib dozası, gündə cəmi 240 mg-dır (gündə 1 dəfə yeməklə ağızdan qəbul olunan 6 tablet). İshal geniş görülən yan təsir olduğu üçün neratinib müalicəsinə əlavə loperamid kimi ishal əleyhinə dəstəkləyici müalicənin ilk 56 gün rutin verilməsi tövsiyə edilir. *
Neratinibin Təsir Mexanizmi Necədir?
Neratinib bir tirozin kinaza inhibitorudur. İnsan Epidermal Böyümə Faktoru Reseptorlarının (EGFR, HER2, HER4) hüceyrədaxili hissəsinin tirozin kinaza fəallığını geri dönməz şəkildə əngəlləyir və bununla xərçəng hüceyrəsinin daxilində böyümə və çoxalma siqnallarını basqılayır.
Mənbələr
fda.gov - 25 Feb 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.