Parkinson xəstəliyi üçün levodopa 1957 – Möcüzəvi müalicə

1961-ci ildə avstriyalı tədqiqatçılar Oleh Hornykiewicz və Walther Birkmayer mərkəzi sinir sistemi xəstəliyi olub hərəkətə nəzarəti və beynin digər funksiyalarını pozan Parkinson xəstəliyi üçün zahirən möcüzəvi müalicə olan L-dopa barədə hesabat dərc etdilər. Hesabatda belə yazılırdı:
"L-dopa (inyeksiya) sonrasında yatağa bağlı xəstələr, otura bilməyənlər, oturduqları yerdən qalxa bilməyənlər və ayaq üstə dayanarkən yeriyə bilməyənlər bütün bu fəaliyyətləri asanlıqla həyata keçirdilər... Hətta qaça və tullana bildilər. Astadan danışıq... güclü və aydın oldu."
Parkinson xəstəliyi (PX) olan şəxslərdə əzələ titrəmələri, sərtlik və hərəkətin yavaşıması kimi hallar olur. PX adətən beyin kötüyündəki müəyyən sinir hüceyrələri tərəfindən normalda istehsal olunan neyrotransmitter dopaminin qeyri-kafi istehsalı nəticəsində yaranır. İngilis əczaçı James Parkinson 1817-ci ildə "titrəmə iflici" haqqında məqaləsində PX-nin ətraflı təsvirini verdi. 1957-ci ildə isveçli alim Arvid Carlsson hərəkətə nəzarət üçün vacib beyin nahiyəsində dopamin aşkar edə bildi. Həmçinin heyvanlarda dopamin səviyyəsini azaldaraq PX əlamətlərini yaratmağın və bu əlamətləri levodopa (psixoaktiv dərman, həmçinin L-dopa kimi tanınır) verildikdə geri çevirməyin mümkün olduğunu göstərdi.
Levodopa qan-beyin baryerini keçərək beyinə daxil olur və müəyyən sinir hüceyrələri tərəfindən dopaminə çevrilə bilir. Levodopa beyindən kənarda metabolizə olunduqda ürəkbulanma və qəfil hərəkətlər kimi yan təsirlərə səbəb ola bilər. Bu cür metabolizmi zəiflətmək üçün başqa dərmanlar verilə bilər. Dərman müalicəsi artıq təsirli olmadıqda elektrik stimulları ilə dərin beyin stimullaşdırılması müalicə kimi istifadə oluna bilər
Tədqiqatçılar beyində kök hüceyrə transplantasiyasını mümkün müalicə kimi araşdırmağa davam edirlər.
Nevroloq Oliver Sacks illərlə hərəkət etməyən və ya danışmayan ensefalit lethargica xəstələrini müalicə etmək üçün levodopadan istifadə etmişdir.
PX həmçinin beyində Lewy cisimləri adlandırılan (zülal yığıntıları) şəklində alfa-sinuklein zülalının anormal toplanması ilə əlaqəlidir; bu vəziyyət beyin hüceyrələrinin ölümünə səbəb ola bilər. Parkinson xəstəliyinə səbəb olan bir sıra genetik mutasiyalar da məlumdur.
Yazıdakı şəklin izahı: İngilis nevroloq William Richard Gowersın A Manual of Diseases of the Nervous System (1886) əsərindən Parkinson xəstəliyi olan xəstənin məşhur illüstrasiyası.
Yazıda adı çəkilən tarixi şəxslər: James Parkinson (1755–1824), Walther Birkmayer (1910–1996), Arvid Carlsson (doğ. 1923), Oleh Hornykiewicz (doğ. 1926), Oliver Wolf Sacks (doğ. 1933)
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.