Penisillin 1928 – Bakterial xəstəliklərlə mübarizədə inqilab

Şotland bioloq Alexander Fleming sonradan kəşfi barədə düşüncələrini xatırlayaraq belə dedi:
“1928-ci il sentyabrın 28-də səhər dan yeri sökülməmiş oyananda dünyanın ilk antibiotikini və ya bakteriyaöldürücüsünü kəşf edərək bütün tibbdə inqilab yaratmağı planlaşdırmırdım. Amma düşünürəm ki, məhz bunu etdim.”
Fleming tətildən qayıdanda Staphylococcus bakteriyası olan çirklənmiş Petri qabında kif əmələ gəldiyini gördü. Bundan əlavə, kifin yaxınlığında bakteriyaların böyüməsinin dayandığını da müşahidə etdi. Buna görə kifin bakterial böyüməni ləngidən maddə ifraz etdiyi nəticəsinə gəldi. Qısa müddətdə qidalı mühitdə təmiz kif kulturu yetişdirdi. Kifin Penicillium cinsinə aid olduğunu müəyyən edərək qidalı mühitdəki antibiotik maddəyə penicillin (penisillin) adını verdi.
Maraqlıdır ki, bir çox qədim cəmiyyət kifin müalicə vasitəsi kimi istifadə oluna biləcəyinə diqqət yetirmişdi. İrlandiyalı fizik John Tyndall 1875-ci ildə Penicillium göbələyinin antibakterial təsirini göstərmişdi. Lakin Fleming bu kifin antibakterial maddə ifraz etdiyini irəli sürən və sonra həmin maddəni ayıran ilk şəxs olmuşdur. Sonrakı tədqiqatlarda penisillinin bakteriyaların hüceyrə divarlarını zəiflədərək təsir göstərdiyi müəyyən edilmişdir.
1941-ci ildə avstraliyalı farmakoloq Howard Florey, alman biokimyaçı Ernst Chain və ingilis biokimyaçı Norman Heatley İngiltərədə birlikdə işləyərkən penisillini istifadə edilə bilən dərmana çevirməyə nail oldular. Bu dərmanın siçanlarda və insanlarda infeksiyaları müalicə edə bildiyini göstərdilər.
ABŞ və Britaniya hökumətləri II Dünya müharibəsi zamanı əsgərlərinə kömək etmək üçün mümkün qədər çox penisillin istehsal etməyə qərar verdilər. Penisillin qısa müddətdə mühüm bakterial xəstəliklərin müalicəsində istifadə olundu;
- Qan zəhərlənməsi
- Sətəlcəm
- Difteriya
- Skarlatina
- Qonoreya
- Sifilis
Təəssüf ki, antibiotiklərə davamlı bakteriyalar təkamül etdi və əlavə antibiotiklərin axtarılmasını tələb etdi. Yeganə təbii antibiotik mənbəyi kiflər deyil. Məsələn, Streptomyces bakteriyası streptomisin və tetrasiklinlərin mənbəyi idi. Penisillin və sonradan kəşf edilmiş bu antibiotiklər bakterial xəstəliklərlə mübarizədə inqilab başlatdı.
Yazıdakı şəklin izahı: Penicillium göbələyinin yaxından görünüşü
Yazıda adı çəkilən tarixi şəxslər: John Tyndall (1820–1893), Alexander Fleming (1881–1955), Howard Walter Florey (1898–1968), Ernst Boris Chain (1906– 1979), Norman George Heatley (1911–2004)
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.