Rokki dağı ləkəli qızdırması – Gənə mənşəli yoluxucu xəstəlik

7 sentyabr 1942-ci il tarixində LIFE belə yazdı:
"Alimlər gəlməzdən illər əvvəl insanlar vadidə sirli şəkildə xəstələnmiş, qəfil hərarətləri qalxmış, qırmızı-bənövşəyi səpkilər göstərmiş və həyatlarını itirmişdilər. Fermerlər bunun ərimiş qar suyu içməkdən qaynaqlandığını söyləyirdilər."
Lakin tibbi detektivlər Rokki dağı ləkəli qızdırmasının (Rocky Mountain Stopped Fever - RMSF) sərt dərili, qanla qidalanan gənə vasitəsilə yoluxduğunu müəyyən etmişlər.
1906-cı ildə amerikalı patoloq Howard Ricketts hər yaz ortaya çıxan və həyatı təhdid edən bu xəstəliyin mənbəyini müəyyən etmək üçün Qərbi Montananın sərhəd bölgələrinə təhlükəli səfər etdi. Araşdırmalarının böyük hissəsini Bitterroot vadisində xəstəxananın bağçasında qurulmuş çadırlarda apardı. Təcrübə heyvanı kimi dovşanlardan istifadə etdi və xəstəliyin səbəbinin hazırda onun adı ilə tanıdığımız Rickettsia rickettsii adlandırılan bakteriya olduğunu sübut etdi. Howard Ricketts həmçinin RMSF bakteriyasının gənə dişləmələri ilə yoluxduğunu göstərdi.
1938-ci ilə gəldikdə Bitterroot vadisindəki laboratoriya RMSF üçün peyvənd hazırlayırdı, lakin bu peyvənd çox təsirli və praktik deyildi. Bu gün isə RMSF doksisiklin, tetrasiklin və xloramfenikol kimi antibiotiklərlə müalicə olunur.
RMSF hazırda Amerika Birləşmiş Ştatlarında ən ölümcül rikketsial xəstəlikdir. İlk əlamətlərə qızdırma, baş ağrısı və əzələ ağrıları daxil ola bilər; bunu əl və ayaq biləklərindən başlayaraq gövdəyə doğru irəliləyən səpkilər izləyir. Bakteriya bədən boyunca yayılan qan damarlarını örtən hüceyrələri yoluxdurur və buna görə bir çox orqana təsir edə bilər; iflicə və toxuma ölümünə (qanqrenaya) səbəb olaraq toxumaları zədələyə bilər.
İlk araşdırmalar Amerika Birləşmiş Ştatlarının Rokki dağları bölgəsinə yönəlsə də, əslində Kanada, Mərkəzi və Cənubi Amerika da daxil olmaqla xəstəlik qitə üzrə Amerika Birləşmiş Ştatlarının hər yerinə yayılmışdı.
RMSF-nin ən mühüm iki vektoru (daşıyıcısı) Amerika it gənəsi (Dermacentor variabilis) və Rokki dağları gənəsi (Dermacentor andersoni) olaraq bilinir.
Unutmaq olmaz ki, bu gün Şimal yarımkürəsində gənə mənşəli ən geniş yayılmış xəstəlik Lyme xəstəliyidir. Borrelia cinsinə aid bakteriyalardan qaynaqlanan xəstəliyi yoluxduran Ixodes cinsinə aid gənələrdir.
Yazıda adı çəkilən tarixi şəxs: Howard Taylor Ricketts (1871–1910)
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.