Semmelweisin əl yuma vərdişi 1847 – Həyat qurtarır

Yazıçılar K. Codell Carter və Barbara Carter belə yazırlar:
"Tibbi irəliləyişlər iki növ fədakarlıqla qazanılır: xəstəliyi anlamağa çalışan araşdırmaçıların fədakarlığı və prosesdə ölən xəstələrin fədakarlığı. Bunun ən yaxşı nümunələrindən biri 19-cu əsrin əvvəllərində xeyriyyə doğum klinikalarında geniş yayılmış doğuşsonrası qorxunc xəstəlik olan zahılıq qızdırması (qızdırmalı infeksiya) səbəbindən ölən yüz minlərlə gənc qadının fədakarlığı idi.”
Bir çox həkim xəstəliyin səbəbi kimi mikroorqanizmlər hələ kəşf edilməmişdən əvvəl təmizliyin infeksiyanın qarşısını almaqdakı əhəmiyyətini geniş kütlələrə yaymağa çalışsa da, dezinfeksiya ilə əlaqəli sistemli işləri ilə məşhurlaşan ilk şəxs macarıstanlı mama-ginekoloq Ignaz Semmelweisdir.
Semmelweis işlədiyi Vyana Xəstəxanasında oxşar xəstəxana ilə müqayisədə zahılıq qızdırması səbəbindən ana ölümü göstəricisinin xeyli yüksək olduğunu fərq etdi. Həmçinin yalnız öz xəstəxanasında həkimlərin xəstələri müayinə etməzdən əvvəl müntəzəm olaraq cəsədləri araşdırdıqlarını fərq etdi.
Zahılıq qızdırması və ya qan zəhərlənməsi bədənin daxilində bakteriyaların səbəb olduğu ağır infeksiyalara verdiyi həddindən artıq reaksiyadır. Semmelweis zahılıq qızdırmasının küçədə doğum edən qadınlarda nadir olduğunu fərq etdi və yoluxdurucu maddələrin cəsədlərdən qadınlara keçdiyi nəticəsinə gəldi. Xəstəxana işçilərinə hər hansı qadını müalicə etməzdən əvvəl əllərini xlorlu dezinfeksiyaedici məhlulla yumağı tapşırdıqdan sonra ölüm sayı kəskin şəkildə azaldı.
Təəssüf ki, inanılmaz nəticələrinə baxmayaraq, həmin dövrdə bir çox həkim, bəlkə də “fərqində olmadan bu qədər ölümə səbəb olduqlarını qəbul etməyə” məcbur qalmamaq üçün nəticələri qəbul etmədi. Həmçinin həmin dövrdə bir çox həkim bu cür xəstəlikləri miazma adlandırılan bir növ zəhərli atmosferlə əlaqələndirirdi.
Təəssüf ki, sonda Semmelweis ağlını itirdi, zorla psixiatriya xəstəxanasına yerləşdirildi və burada tibb işçiləri tərəfindən döyülərək öldürüldü. Lakin ölümündən sonra fransız mikrobioloq Louis Pasteurun mikrob araşdırmaları və ingilis cərrah Joseph Listerin antiseptik cərrahiyyədəki yenilikləri ilə Semmelweisin haqlı olduğu ortaya çıxdı.
Yazıdakı şəklin izahı: Əməliyyatdan əvvəl əllərini yuyan həkimlər
Yazıda adı çəkilən tarixi şəxslər: Ignaz Philipp Semmelweis (1818–1865), Louis Pasteur (1822– 1895), Sir Joseph Lister (1827–1912)
- Əvvəlki mövzu: Amerika Tibb Assosiasiyası 1847 – Özü ilə gətirdiyi nizam
- Sonrakı mövzu: Appendektomiya 1848 – Appendiksin çıxarılması
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.