Son 2 ildə FDA-nın təsdiqlədiyi yeni xərçəng dərmanları

Bu məqalədə
Xəstəliklərin diaqnostikası, müalicəsi və qarşısının alınması üçün istifadə edilən, bədənin funksiyasına və ya quruluşuna təsir edən məhsullara dərman deyilir. Yeni istifadə olunacaq hər dərman ciddi qiymətləndirmə və təsdiq prosesindən keçməlidir. Hər ölkənin öz təsdiq, lisenziyalaşdırma və ödəniş mexanizmi olsa da, dünyada öncül qurum Amerika Qida və Dərman İdarəsi FDA-dır. Aşağıdakı dərmanların çoxu hələ ölkəmizdə ödəniş çərçivəsində olmasa da, xərçəng təbabətindəki təsirli və sürətli inkişafı göstərdiyi üçün yazı çox dəyərli və ümidvericidir. Gələcəkdə dərmanların effektivliyi elmi tədqiqatlarla dəstəkləndikcə ölkəmizdə də əlçatan olacağını düşünürük.
2016-cı ildə FDA təsdiqi alan xərçəng dərmanları
Atezolizumab
18 may 2016-cı ildə FDA təsdiqi alan Atezolizumab (Tecentriq®) platinli kimyaterapiya zamanı və ya sonrasında yerli və uzaq toxumalara yayılmış (metastatik), adyuvant və ya neoadyuvant platinli kimyaterapiyadan sonra 12 ayda xəstəliyi irəliləmiş urotelial karsinomalı (sidik kisəsi xərçəngi) xəstələrdə istifadə olunur. Atezolizumab da Pembrolizumab və Nivolumab kimi PD L1 molekulu vasitəsilə təsir edir. Xərçəng hüceyrələri müdafiə sistemindən yayınmaq üçün PD L1 istehsal edib hüceyrə səthinə göndərir. Bu molekul immun sistemi elementi olan T hüceyrəsinə onun üzərindəki PD 1 reseptoru vasitəsilə bağlanır və beləliklə müdafiə sistemindən yayınır. Atezolizumab bu bağlanmanı əngəlləyərək immun sisteminin xərçəngli hüceyrələri asan tanımasını və məhv etməsini təmin edir. Bir çox xərçəng dərmanı kimi yorğunluq, iştaha azalması, ürəkbulanma, sidik yolu infeksiyası, yüksək qızdırma və qəbizlik ən çox görülən əlavə təsirləridir.
Nivolumab
17 may 2016-cı ildə FDA təsdiqi alan Nivolumab (Opdivo®) təkrarlanmış və ya autoloji hematopoetik kök hüceyrə transplantasiyasından (insanın öz qanyaradıcı hüceyrələrinin yenidən özünə köçürülməsi) sonra irəliləmiş klassik Hodgkin limfomalı xəstələrdə istifadə edilməyə başlanmışdır. Hodgkin limfoması limfa düyünlərində başlayan immun sistemi xərçəngidir. PD 1 molekulu immun sistemi elementi T hüceyrəsindəki PD 1 reseptoruna bağlandıqda həm T hüceyrəsinin çoxalmasını, həm də sitokin adlı xərçənglə mübarizə molekullarının istehsalını əngəlləyir. Beləliklə xərçəng hüceyrəsi uzun müddət sayını artırır və xəstəlik irəliləyə bilir. Nivolumab da PD L1 molekuluna yapışaraq T hüceyrəsindəki reseptora bağlanmasının qarşısını alır. Bununla müdafiə sistemi daha aktiv işləyib xərçəng hüceyrələrini məhv edə bilir. Ən çox görülən əlavə təsirləri gücsüzlük, öskürək, ürəkbulanma, səpki, tənəffüs çətinliyi, ishal və qəbizlikdir.
Lenvatinib
13 may 2016-cı ildə FDA təsdiqi alan Lenvatinib (Lenvima®) əvvəllər damar yaranmasını əngəlləyən dərman müalicəsi almış böyrək xərçəngli xəstələrdə Everolimus ilə birlikdə istifadə edilməyə başlanmışdır. Lenvatinib hüceyrə qişasındakı RTK (tirozin kinaza reseptoru) adlı reseptorların fəaliyyətini əngəlləyir. RTK-lar ümumilikdə xərçəngli hüceyrənin böyüməsində, çoxalmasında, yeni damar yaratmasında və uzaq toxumalara yayılmasında rol oynayır. Bu strukturlar işləmədikdə xərçəng hüceyrələri təsirsizləşir və yeni yaranmaların da qarşısı alınır. Ən çox görülən əlavə təsirləri yüksək təzyiq, yorğunluq, ishal, oynaq və əzələ ağrısı, iştaha azalmasıdır.
Cabozantinib
25 aprel 2016-cı ildə FDA təsdiqi alan Cabozantinib (Cabometyx®) əvvəllər yeni damar yaranmasını əngəlləyən müalicə almış böyrək xərçəngli xəstələrdə istifadə edilir. Cabozantinib kinaza adlı strukturlar vasitəsilə təsir edir. MET, VEGFR 1-2, RET, ROS 1, KIT kimi kinazaların fəaliyyətini əngəlləyərək uzaq toxumalara yayılmanın (metastazın), yeni damar yaranmasının və dərmana müqavimətin qarşısını alır. Ən çox görülən əlavə təsirləri ishal, yorğunluq, ürəkbulanma, iştaha azalması, yüksək təzyiq və qusmadır.
Venetoclax
11 aprel 2016-cı ildə FDA təsdiqi alan Venetoclax (Venclexta®) əvvəllər müalicə almış xroniki limfositik leykozlu bəzi xəstələrdə (17p delesiyalı – 17-ci xromosomda qüsurlu) istifadə olunur. Xroniki limfositik leykoz (KLL) müdafiə hüceyrələrimiz ağ qan hüceyrələrinin alt növü olan limfositlərdən qaynaqlanan qan və sümük iliyi xərçəngidir. Ən çox görülən xroniki leykoz tipidir. Venetoclax Bcl-2 adlı zülalla təsir edir. Bcl-2 hüceyrə ölümünün (apoptozun) tənzimlənməsində mühüm zülaldır. Venetoclax Bcl-2 fəaliyyətini əngəlləyərək xərçəng hüceyrələrinin ölməsini və məhvini təmin edir. Ən çox görülən əlavə təsirləri ağ qan hüceyrələrinin azlığı (neytropeniya), ishal, ürəkbulanma, anemiya, yuxarı tənəffüs yolu infeksiyası və yorğunluqdur.
Crizotinib
11 mart 2016-cı ildə FDA təsdiqi alan Crizotinib (Xalkori®) uzaq toxumalara yayılmış (metastatik) ROS-1 mutasiyalı kiçik hüceyrəli olmayan ağciyər xərçəngli xəstələrdə istifadə olunur. 2011-ci ildə ALK müsbət ağciyər xərçəngli xəstələrdə istifadə üçün də təsdiq almışdır. Hüceyrə çoxalmasına və şiş hüceyrəsinin yaranmasına təsir edən ALK molekulu vasitəsilə təsir göstərir. ALK fəaliyyətini əngəlləyərək şiş hüceyrəsinin yaranmasının və böyüməsinin qarşısı alınır. Crizotinibin ən çox görülən əlavə təsirləri ürəkbulanma, yorğunluq, qusma, bulanıq görmə və işığa həssaslıqdır.
Everolimus
26 fevral 2016-cı ildə FDA təsdiqi alan Everolimus (Afinitor®);
- Ağciyər mənşəli, cərrahi çıxarıla bilməyən, ətraf və ya uzaq toxumalara yayılmış (metastatik) xərçənglərdə
- Yaxşı diferensiasiyalı (mənşə toxumasının xüsusiyyətlərini göstərən), funksiya göstərməyən mədə-bağırsaq sisteminin neyroendokrin şişləri üçün istifadə olunur.
Xüsusilə menopauzadan sonra hormon reseptoru müsbət, HER2 (epidermal böyümə geni) mənfi süd vəzi xərçəngli xəstələrdə istifadə olunan Everolimus xərçəng hüceyrəsinin böyüməsini və nəzarətsiz çoxalmasını təmin edən mTOR molekulyar yolunu fəaliyyətsiz edərək təsir göstərir. Ən çox əlavə təsirləri selikli qişa iltihabı, infeksiya, qızartı, səpki, ishal, şişkinlik və qarın ağrısıdır.
Eribulin
28 yanvar 2016-cı ildə FDA təsdiqi alan Eribulin (Halaven®) əvvəllər antrasiklinli müalicə almış, cərrahi çıxarıla bilməyən liposarkomalı xəstələrdə istifadə olunur. Liposarkoma bədxassəli yağ toxuması şişidir. İlk təsdiqini 2010-cu ildə alan Eribulin hüceyrə skeletini yaradan mikrotubulların fəaliyyətini əngəlləyir. Çoxsaylı xüsusiyyətli mikrotubulların mühüm funksiyaları hüceyrə bölünməsində iştirakı və reseptorların hüceyrə səthində daşınmasıdır. Yetərincə işləmədikdə xərçəng hüceyrəsi daha çox çoxala bilmir və ölümə gedir. Ən çox görülən əlavə təsirləri ağ qan hüceyrələrinin azalması (neytropeniya), anemiya, yorğunluq, keçəllik və ürəkbulanmadır.
Obinutuzumab
26 fevral 2016-cı ildə FDA təsdiqi alan Obinutuzumab (Gazyva®) rituksimabdan sonra təkrarlanmış və ya davamlı follikulyar limfomalı xəstələrdə sonradan tək müalicə kimi obinutuzumab istifadəsinə əlavə olaraq ardınca bendamustinlə birlikdə istifadə edilməyə başlanmışdır. Müalicə olunmamış xroniki limfositik leykozda klorambusillə birlikdə də təsdiq almışdır. Xərçəng hüceyrəsinə immun sistemi elementi B hüceyrələri vasitəsilə təsir edir. Qoruyucu hüceyrələrimizdəki CD 20 strukturlarına bağlanaraq həm birbaşa öldürücü maddələr buraxmaqla, həm də komplement adlı öldürücü mexanizmi aktivləşdirməklə xərçəngli hüceyrələri məhv edir. Ən çox bildirilən əlavə təsirləri inyeksiya reaksiyaları, ağ qan hüceyrələrinin azalması (neytropeniya), qan lövhəciklərinin azalması (trombositopeniya), anemiya və yüksək qızdırmadır.
Palbociclib
19 fevral 2016-cı ildə FDA təsdiqi alan Palbociclib (Ibrance®) əvvəllər hormon müalicəsi almış HR müsbət (hormon reseptoru), HER 2 mənfi (epidermal böyümə faktoru reseptoru), uzaq toxumalara yayılmış süd vəzi xərçəngli xəstələrdə fulvestrantla birlikdə istifadə olunur. 2015-ci ildə HR müsbət, HER 2 mənfi irəliləmiş süd vəzi xərçəngində letrozolla birlikdə də təsdiq almışdır. Bölünən hüceyrələrə təsir edən Palbociclib bölünməyə cavabdeh CDK 4 və 6 strukturlarının fəaliyyətini əngəlləyərək hüceyrənin böyüməsinin və çoxalmasının qarşısını alır. Qan hüceyrələrinin azalması, yorğunluq, anemiya, ürəkbulanma və keçəllik əlavə təsirlərindəndir.
Ofatumumab
19 yanvar 2016-cı ildə FDA təsdiqi alan Ofatumumab (Arzerra®) irəliləmiş və ya təkrarlanmış xroniki limfositik leykozlu xəstələrin müalicəyə qismən və ya tam cavab verənlərində genişləndirilmiş müalicə kimi istifadə olunur. Obinutuzumab kimi B hüceyrələrinin CD 20 molekulları vasitəsilə təsir edir. CD 20-yə bağlanan Ofatumumab xərçəngli hüceyrəni birbaşa öldürə bildiyi kimi komplement sisteminin məhvedici gücündən də istifadə edə bilir. Ən çox əlavə təsirləri ağ qan hüceyrələrinin azalması (nöropeniya), pnevmoniya, yüksək qızdırma, öskürək, ishal və anemiyadır.
2015-ci ildə FDA təsdiqi alan xərçəng dərmanları
Alectinib
11 dekabr 2015-ci ildə FDA təsdiqi alan Alectinib (Alecensa®) Crizotinibə dözə bilməyən, irəliləmiş ALK (anaplastik limfoma kinaza) müsbət, uzaq toxumalara yayılmış (metastatik), kiçik hüceyrəli olmayan ağciyər xərçəngli xəstələrdə istifadə olunur. Alectinib xərçəngə meyillilik yaradan ALK və RET adlı zülal quruluşlu genlərin/molekulların fəaliyyətini dayandıraraq xərçəng hüceyrəsinin yaşamasına mane olur. Yorğunluq, əzələ ağrıları, qəbizlik və ödem (şişkinlik) ən çox əlavə təsirləridir.
Cobimetinib
10 noyabr 2015-ci ildə FDA təsdiqi alan Cobimetinib (Cotellic®) cərrahi çıxarıla bilməyən və ya BRAF V600E, yaxud V600K mutasiyalı (dəyişiklikli), uzaq toxumalara yayılmış (metastatik) bədxassəli melanomlu xəstələrdə vemurafeniblə birlikdə istifadə olunur. Melanomun genetik quruluşundan asılı olaraq Cobimetinib hər xəstəyə verilə bilməz. Hüceyrə çoxalmasını təmin edən MAPK (mitogen – aktivator protein kinaza)/MEK1 və MEK2 (hüceyrəxarici siqnalla əlaqəli kinaza) strukturlarının fəaliyyətini əngəlləyən dərmanın ən çox əlavə təsirləri ishal, ürəkbulanma, yüksək qızdırma, qusma və günəş şüalarına həddindən artıq həssaslıqdır.
Daratumumab
16 noyabr 2015-ci ildə FDA təsdiqi alan Daratumumab (Darzalex®) əvvəllər proteazom (zülal parçalayan molekul) inhibitoru (əngəlləyici) və immunomodulyator (immun sistemini tənzimləyən) dərmanlar almış çoxsaylı mielomlu xəstələrdə istifadə olunur. Daratumumab çoxsaylı mielom üçün təsdiqlənmiş ilk monoklonal dərmandır. Qan hüceyrələrindəki CD38 molekulunun siqnal yaratmaq və toxumaya yapışmaq kimi çox funksiyası vardır. Daratumumab CD38-ə bağlanıb fəaliyyətini əngəlləyir və şiş hüceyrəsinin parçalanaraq məhvini təmin edir. Ən çox əlavə təsirləri inyeksiya zamanı bədən reaksiyaları, yorğunluq, ürəkbulanma, kürək ağrısı, yüksək qızdırma və öskürəkdir.
Elotuzumab
30 noyabr 2015-ci ildə FDA təsdiqi alan Elotuzumab (Empliciti®) əvvəllər müalicə almış çoxsaylı mielomlu xəstələrdə Lenalidomid və Dexametazonla birlikdə istifadə olunur. Daratumumab kimi immunoterapevtik (immun sistemini tənzimləyən) dərmandır və həm çoxsaylı mielom hüceyrələrində, həm də təbii öldürücü hüceyrələrdə olan SLAMF7 zülalını hədəfləyir. Beləliklə müdafiə sisteminin Təbii Öldürücü hüceyrələrinin xərçəngli hüceyrələrə hücum edib məhv etməsini təmin edir. Yorğunluq, ishal, yüksək qızdırma, qəbizlik və öskürək ən çox əlavə təsirləridir.
Panobinostat
23 fevral 2015-ci ildə FDA təsdiqi alan Panobinostat (Farydak®) əvvəllər Bortezomib və immunomodulyator (immun sistemini tənzimləyən) dərman istifadə etmiş çoxsaylı mielomlu xəstələrdə Bortezomib və Deksametazonla birlikdə istifadə olunur. Bütün həyati məlumatlarımız xromosom adlı DNA spiralında yerləşir və istifadə üçün xromosomlar açılmalıdır. Açılıb-bağlanmaya cavabdeh strukturlar histonlardır. Histonlardakı amin turşularına asetil molekulları əlavə ediləndə xromosom açılır və həyati elementlər istehsal olunur. Əksinə, HDAC (histon deasetilaza) kimi elementlər asetil strukturlarını histonlardan geri alır, xromosomlar bağlanır və istehsal dayanır. Panobinostat bu geri alma işini görən HDAC fəaliyyətini əngəlləyir; xromosomlar açıq qalır və xərçəngli hüceyrələrin məhvi üçün lazım olan yollar açılır. Ən çox bildirilən əlavə təsirləri ishal, yorğunluq, ürəkbulanma, ödem və iştaha artımıdır.
Palbociclib
3 fevral 2015-ci ildə FDA təsdiqi alan Palbociclib (Ibrance®) menopauzadan sonra hormon reseptoru müsbət (ER) və HER2 müsbət irəliləmiş süd vəzi xərçəngli xəstələrdə istifadə olunur. Xərçəngli hüceyrələrin bölünməsi/çoxalması üçün lazım olan CDK (siklindən asılı kinaza) kimi elementlərin fəaliyyətini əngəlləyərək şiş böyüməsini və çoxalmasını önləyən palbociclibin immun sistemi elementi neytrofilləri azaltmaq, yorğunluq, anemiya və ürəkbulanma kimi əlavə təsirləri vardır.
Talimogene Laherparepvec
27 oktyabr 2015-ci ildə FDA təsdiqi alan Talimogene Laherparepvec (Lmlygic®) cərrahi çıxarıla bilməyən melanomlu xəstələrdə melanom nahiyəsinə birbaşa inyeksiya ilə təsir göstərən ilk xərçəng vaksini müalicəsidir. Talimogene laherparepvec genetik dəyişdirilmiş viruslardan istifadə olunan müalicədir. Beləliklə xərçəng hüceyrələrinin bölünməsini və çoxalmasını tənzimləyib immun sisteminin daha effektiv işləməsini təmin edir. Ən tanınmış əlavə təsirləri yorğunluq, titrəmə, yüksək qızdırma və ürəkbulanmadır.
Pembrolizumab
2 oktyabr 2015-ci ildə FDA təsdiqi alan Pembrolizumab (Keytruda®) əvvəllər platinli kimyaterapiya almış, səthində PD-L1 (Programmed Death Ligand 1 = proqramlaşdırılmış ölüm liqandı) molekulu olan, uzaq toxumalara yayılmış (metastatik), kiçik hüceyrəli olmayan ağciyər xərçəngli xəstələrdə istifadə edilir. Xərçəng hüceyrələri müdafiə sistemindən yayınmaq üçün üzərindəki PD L1 molekulunu istifadə edir. Bu molekul immun sistemi elementi T hüceyrəsinə üzərindəki PD 1 reseptoru ilə bağlanır və beləliklə müdafiə sistemindən yayınır. Pembrolizumab bu bağlanmanı əngəlləyərək immun sisteminin xərçəngli hüceyrələri daha asan tanımasını və məhvini təmin edir. Ən çox əlavə təsirləri yorğunluq, iştaha azalması, tənəffüs çətinliyi və öskürəkdir.
Lenvatinib
13 fevral 2015-ci ildə FDA təsdiqi alan Lenvatinib (Lenvima®) xüsusilə təkrarlanan, uzaq toxumalara yayılmış (metastatik), radioaktiv yod (atom) müalicəsinə cavab verməyən qalxanabənzər vəzi xərçəngli xəstələrdə istifadə edilir. Lenvatinib hüceyrə səthindəki RTK-nın (tirozin kinaza reseptoru) fəaliyyətini əngəlləyərək xərçəngin böyüməsinin və uzaq toxumalara yayılmaq üçün lazım olan yeni damar yaranmasının qarşısını alır. Ən çox əlavə təsirləri yüksək təzyiq, yorğunluq, ishal, oynaq və əzələ ağrısı, iştaha azalmasıdır.
Trifluridine / tipiracil
22 sentyabr 2015-ci ildə FDA təsdiqi alan Trifluridin/Tipiracil (Lonsurf®) əvvəllər fluropirimidin, oksaliplatin, irinotekan əsaslı kimyaterapiya və yeni damar yaranmasını əngəlləyən dərmanlar istifadə etmiş, uzaq toxumalara yayılmış (metastatik) kolorektal xərçəngli (yoğun bağırsaq xərçəngi) xəstələrə tətbiq olunur. Lonsurf iki fərqli molekulu birlikdə saxlayaraq daha effektiv ola bilir. Xərçəngli hüceyrənin daha çox qidalanması və uzaq toxumalara yayılması üçün yeni damarlar yaranmalıdır. Tipiracil yeni damar yaranmasına təsir edən timidin fosforilazanı əngəlləyir, Trifluridin isə birbaşa xərçəng hüceyrəsinin DNA-sına bağlanıb bölünmənin qarşısını alır. Anemiya, yorğunluq, ürəkbulanma, iştahasızlıq və qan hüceyrələrinin azalması ən çox əlavə təsirləridir.
Ixazomib
20 noyabr 2015-ci ildə FDA təsdiqi alan Ixazomib (Ninlaro®) əvvəllər müalicə almış çoxsaylı mielomlu xəstələrdə Lenalidomid və Deksametazonla kombinə istifadə olunur. Ixazomib öz kateqoriyasında ağızdan/udularaq qəbulu təsdiqlənən ilk dərmandır. Çoxsaylı mielom hüceyrələri çox zülal istehsal edir və bunlar proteazomlarla parçalanır. Parçalanmayıb hüceyrədə yığılarsa toksik/zərərli təsir edirlər. Ixazomib zülal parçalamağa cavabdeh proteazomlara bağlanıb fəaliyyətini əngəlləyərək xərçəng hüceyrəsinə təsir edir. Beləliklə hüceyrə ölümünə səbəb olur. Lenalidomidlə birlikdə təsiri daha çoxdur. Ən çox əlavə təsirləri ishal, qəbizlik, trombosit (qan lövhəciyi) sayının azalması, sinir zədəsi və ürəkbulanmadır.
Sonidegib
24 iyul 2015-ci ildə FDA təsdiqi alan Sondegib (Odomzo®) əməliyyat və ya radioterapiyadan sonra təkrarlanmış, yaxud onlara namizəd olmayan, yaxın toxumalara yayılmış (lokal) irəliləmiş dəri bazal hüceyrəli karsinomalı xəstələrdə istifadə edilir. Xərçəng müxtəlif yollarla yarana bilər. Bunlardan biri Hedgehog siqnal yoludur. Sonidegib bu yolun fəaliyyəti üçün lazım olan hüceyrədaxili elementlərə təsir edərək xərçəng yaranmasının qarşısını ala bilir. Mövcud xərçəng hüceyrələrinin yeni damar yaratmasını da əngəlləyə bilər. Ən çox əlavə təsirləri əzələ yığılması, keçəllik, yorğunluq, ürəkbulanma, əzələ-skelet ağrıları, ishal, çəki itkisi və iştahasızlıqdır.
Irinotecan liposome inyeksiyası
22 oktyabr 2015-ci ildə FDA təsdiqi alan İrinotekan lipozom (Onivyde®) gemsitabin əsaslı müalicə almış, uzaq orqanlara yayılmış (metastatik) mədəaltı vəzi xərçəngli xəstələrdə flurourasil (5FU) və lökovorinlə istifadə olunur. Uzaq orqanlara yayılmış mədəaltı vəzi xərçəngində tək istifadəsi təsdiqlənməmişdir. İrinotekan səthi yağla örtülmüş dərmandır. Hər hüceyrəmizdə DNA strukturları vardır və onlar sayəsində canlılıq xüsusiyyətləri göstəririk. Xərçəng hüceyrələrinin də çoxalması üçün DNA topoizomeraza molekulları ilə işlənməlidir. İrinoktekan topoizomerazaya təsir edib DNA işlənməsini önləyir, beləcə xərçəng hüceyrəsi çoxalmadan ölməli olur. Ən çox əlavə təsirləri ishal, yorğunluq, qusma, ürəkbulanma, iştaha azalması və ağız selikli qişasının iltihabıdır.
Nivolumab
Bir immunoterapiya dərmanı olan Nivolumab;
- 4 mart 2015-ci ildə uzaq toxumalara yayılmış yastı hüceyrəli kiçik hüceyrəli olmayan ağciyər xərçəngli xəstələrdə və ya platin əsaslı kimyaterapiya alanlarda;
- 30 sentyabr 2015-ci ildə cərrahi çıxarıla bilməyən və ya uzaq toxumalara yayılmış melanomlu xəstələrdə iplimumabla birlikdə,
- 9 oktyabr 2015-ci ildə uzaq toxumalara yayılmış kiçik hüceyrəli olmayan ağciyər xərçəngli xəstələrdə və ya platin əsaslı kimyaterapiya alanlarda,
- 23 noyabr 2015-ci ildə əvvəllər yeni damar yaranmasını əngəlləyən müalicə almış renal (böyrək) hüceyrəli xərçəngli xəstələrdə
istifadə üçün FDA təsdiqi almışdır.
Xərçəng hüceyrəsi üzərindəki PD L1 molekulu ilə immun sistemi elementi T hüceyrəsinin PD 1 reseptoruna bağlanır və sanki sağlam bədən hüceyrəsi kimi davranaraq müdafiə sistemindən yayınır. Pembrolizumab kimi Nivolumab da bu bağlanmanı əngəlləyir və immun sisteminin xərçəngli hüceyrələri daha asan tanımasını və məhvini təmin edir. Ən çox əlavə təsirləri gücsüzlük, öskürək, ürəkbulanma, səpki, tənəffüs çətinliyi, ishal və qəbizlikdir.
Necitumumab
24 noyabr 2015-ci ildə FDA təsdiqi alan Necitumumab (Portrazza®) uzaq toxumalara yayılmış yastı (skuamoz) hüceyrəli kiçik hüceyrəli olmayan ağciyər xərçəngli xəstələrdə gemsitabin və sisplatinlə ilk xətt müalicə kimi istifadə olunur. Yastı hüceyrəli olmayan kiçik hüceyrəli olmayan ağciyər xərçəngli xəstələrdə Necitumumabın faydası göstərilməmişdir. Dərmanımız xərçəng hüceyrəsinə EGFR (epidermal growth factor receptor) vasitəsilə təsir edir. EGFR reseptorunun fəaliyyətini əngəlləyərək xərçəng hüceyrəsinin böyüməsinin və yeni damar yaratmasının qarşısını alır. Birbaşa xərçəng hüceyrələrini öldürmə xüsusiyyəti də vardır. Səpki və maqnezium azalması ən çox bildirilən əlavə təsirləridir.
Osimertinib
13 noyabr 2015-ci ildə FDA təsdiqi alan Osimertinib (Tagrisso®) uzaq toxumalara yayılmış EGFR (epidermal growth factor receptor) T790M dəyişiklikli (mutasiyalı) kiçik hüceyrəli olmayan ağciyər xərçəngli xəstələrdə istifadə edilir. Ağızdan qəbul olunan Osimertinib Necitumumab kimi EGFR vasitəsilə təsir edir. EGFR reseptorunun fəaliyyətini əngəlləyərək xərçəng hüceyrəsinin böyüməsinin və yeni damar yaratmasının qarşısını alır. İshal, səpki, quru dəri və dırnaqlara əlavə təsirlər ən çox bildirilənlərdir.
Dinutuximab
10 mart 2015-ci ildə FDA təsdiqi alan Dinutuximab (Unituxin®) əvvəllər çoxdərmanlı müalicə almış və qismən də olsa faydalanmış yüksək riskli neyroblastomalı uşaq xəstələrdə GM-CSF, IL-2 və 13-RA kimi stimullaşdırıcı amillərlə istifadə olunur. Neyroblastoma beyindən bütün bədənə mesaj daşıyan sinir sistemi mənşəli xərçəngdir. Dinutuksimab xərçəng hüceyrəsindəki GD2 adlı qlikolipid molekuluna bağlanaraq hüceyrənin məhvini təmin edir. Ağrı, yüksək qızdırma, aşağı təzyiq, natrium azalması, anemiya, qusma, ishal, kalium azalması və övrə kimi bir çox əlavə təsiri vardır.
Uridine Triacetate
11 dekabr 2015-ci ildə FDA tərəfindən
- Florourasil və kapesitabinin yüksək dozada istifadəsi nəticəsində hər hansı mənfi əlamət yaranan anda,
- Florourasil və kapesitabin qəbulundan 96 saat ərzində erkən, həyatı təhdid edən ürəklə bağlı (kardial) və ya sinir sisteminə aid əlavə təsir görüldükdə
istifadəsi təsdiqlənən Uridin Asetat (Vistogard®) təcili hal dərmanıdır. Bir növ antidotdur. Ağızdan qəbuldan sonra hüceyrələrin zədələnməsinin və məhvinin qarşısını alır. Beləliklə kimyaterapiya dərmanı florourasilin fəaliyyətini əngəlləyir. Qeyd edilən hallar xaricində istifadə edilməməlidir, əks halda florourasil və kapesitabinin müalicə effektivliyi azalır. Ən çox əlavə təsirləri qusma, ürəkbulanma və ishaldır.
Trabectedin
23 oktyabr 2015-ci ildə FDA təsdiqi alan Trabectedin (Yondelis®) əvvəllər antrasiklinli dərman müalicəsi almış, cərrahi çıxarıla bilməyən və ya uzaq toxumalara yayılmış, yağ hüceyrələrindən qaynaqlanan liposarkomalı və hamar əzələ hüceyrələrindən qaynaqlanan leyomiosarkomalı xəstələrdə istifadə edilir. Birbaşa DNA və elementlərinə təsir edən Trabektedin hüceyrənin həyat dövrünə təsir edir və xərçəngli hüceyrənin məhvini təmin edir. Ürəkbulanma, yorğunluq, qusma, qəbizlik, iştahasızlıq, ishal, şişkinlik, tənəffüs çətinliyi və başağrısı ən çox əlavə təsirləridir.
Ramucirumab
24 aprel 2015-ci ildə FDA təsdiqi alan Ramucirumab (Cyramza®) ilk müalicə kimi bevacizumab, oksaliplatin və floroprimidin almış, uzaq toxumalara yayılmış kolorektal xərçəngli (yoğun bağırsaq xərçəngləri) xəstələrdə Folfiri ilə istifadə olunur. Xərçəngli hüceyrədə yeni damar yaranmasına cavabdeh VEGFR2 vasitəsilə təsir edir. VEGFR2 fəaliyyətini əngəlləyərək xərçəngli hüceyrələrin daha çox çoxalmasını və uzaq toxumalara getməsini önləyir. Yüksək qan təzyiqi (hipertoniya), ishal və başağrısı ən çox əlavə təsirləri olsa da, xəstələr xüsusilə qanaxma baxımından yaxşı izlənməlidir.
Gefitinib
13 iyul 2015-ci ildə FDA təsdiqi alan Gefitinib (Iressa®) VEGFR mutasiyalı, uzaq toxumalara yayılmış kiçik hüceyrəli olmayan ağciyər xərçəngli xəstələrdə istifadə olunur. Xərçəngli hüceyrədə yeni damar yaranmasına cavabdeh VEGFR2 vasitəsilə təsir edir. VEGFR2 fəaliyyətini əngəlləyərək xərçəngli hüceyrələrin daha çox çoxalmasını və uzaq toxumalara getməsini önləyir. Qarın ağrısı, tünd sidik, iştahasızlıq, ishal, yüksək qızdırma və başağrısı ən çox əlavə təsirləridir.
Carfilzomib
24 iyul 2015-ci ildə FDA təsdiqi alan Carfizomib (Kyprolis®) əvvəllər müalicə almış və təkrarlanmış çoxsaylı mielomlu xəstələrdə lanalidomid və deksametazonla birlikdə istifadə edilir. Carfilzomib ağızdan qəbul olunan immunomodulyator (immun sistemini tənzimləyən) dərmandır. Çoxsaylı mielom qan xərçəngi növüdür; xərçəngli hüceyrələr çox zülal istehsal edir və zülallar proteazomlar tərəfindən daha kiçik strukturlara parçalanır. Bununla artıq zülalların zərərli təsiri aradan qalxır. Carfilzomib proteazomların fəaliyyətini əngəlləyir, zülallar parçalanmır və artan zülallar xərçəngli hüceyrəyə toksik (zəhərli) təsir edib öldürür. Yorğunluq, tənəffüs çətinliyi, yüksək qızdırma, qan hüceyrələrinin azalması, anemiya və yüksək qan təzyiqi (hipertoniya) ən çox əlavə təsirləridir.
Ibrutinib
29 yanvar 2015-ci ildə FDA təsdiqi alan Ibrutinib (Imbruvica®) bir limfoma növü olan waldenström makroqlobulinemiyalı xəstələrdə istifadə edilir. 2013-cü ildə mantiya hüceyrəli limfomada istifadə üçün də təsdiq almışdır. Xərçəng hüceyrəsinə tirozin kinaza reseptorları səviyyəsində təsir edir. Beləliklə xərçəngli hüceyrələr daha çox böyüyə, çoxala və uzaq toxumalara gedə bilmir. Ən çox əlavə təsirləri qan lövhəciklərinin (qanaxmanı dayandıran hüceyrələrin) azalması, ishal, anemiya, yorğunluq, ağrı və şişkinlikdir.
Mənbələr
https://www.fda.gov/
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.