Süd vəzi xərçəngi haqqında 10 şəhər əfsanəsi

Süd vəzi xərçəngi riski barədə ağızdan-ağıza yayılan yanlış məlumatları düzəltmək istəyirik.
Dezodorantlar süd vəzi xərçəngi yaradır
Antiperspirant, yəni tərləmənin qarşısını alan dezodorantların xərçəng yaratdığını sübut edən tədqiqat hələ yoxdur! Tərləmə əleyhinə məhsullarla süd vəzi xərçəngi riski arasında hələ dəqiq əlaqə yoxdur.
Ailədə süd vəzi xərçəngi yoxdursa, sizdə də görülməz
Kişi və ya qadın fərq etməz, süd vəzi toxuması olan hər kəs süd vəzi xərçəngi riski daşıyır. Lakin qan qohumlarınızda süd vəzi xərçəngi görülübsə, sizin riskiniz artır. Ailənizdəki xərçəng tarixçəsi və riskiniz barədə həkiminizlə məsləhətləşə bilərsiniz.
Süd vəzi xərçəngi ölümcüldür
20-25 il əvvəllə müqayisədə artıq süd vəzi xərçəngi daha erkən aşkarlanır və daha uğurla müalicə oluna bilir. Bu gün bizim də daxil olduğumuz səhiyyəsi inkişaf etmiş ölkələrdə süd vəzi xərçəngi diaqnozu %90 nisbətində 1. – 3. mərhələdə qoyulur; 4. mərhələdə süd vəzi xərçəngi diaqnozunun qoyulma nisbəti %10-dan aşağıdır. Böyük ölçüdə bununla və müalicədəki irəliləyişlərlə əlaqədar olaraq, bütün süd vəzi xərçənglərində xəstəlikdən tam qurtulmanı ifadə edən 5 illik sağqalma göstəriciləri də təxminən %90-dır. Metastatik süd vəzi xərçəngi olsa belə, artıq yeni terapiya və müalicə üsulları ilə sağqalma göstəriciləri və həyat keyfiyyəti yaxşılaşmışdır.

Süd vəzi xərçəngi yalnız yaşlı qadınlarda görülür
Süd vəzi xərçəngi riski yaşlandıqca artır, lakin 30 yaşlarında olan qadında da süd vəzi xərçəngi görülə bilər. 40-59 yaşları arasında risk %4, 60-79 yaş aralığında %7 artır. Sağlam həyat tərzi ilə bu riski azalda bilərsiniz.
Əlaqəli yazı:
Hamiləlikdən qorunma həbləri xərçəng yaradır
Hamiləlikdən qorunma həbləri bu gün estrogen və progesteron hormonlarını aşağı dozada ehtiva edir və bu dozadakı hormonlar süd vəzi xərçəngi riski ilə əlaqələndirilmir. Hamiləlikdən qorunma həblərindən istifadə etməzdən əvvəl mütəxəssis həkiminizlə məsləhətləşin.
Şəkər süd vəzi xərçəngi yaradır
Şəkər istehlakı yanlış anlaşılmaların ən çox olduğu mövzuların başında gəlir! Şəkər istehlakının özü süd vəzi və ya başqa xərçəngə səbəb olmur. Hətta şəkər asılılığı yoxdur, dad / yemək asılılığı vardır və şəkərin özündən çox həm şəkərli, həm yağlı qidalar daha güclü dad stimulu yaradır (paxlavaya ləzzət verənin həm şəkər, həm də yağ olduğunu xatırlayın). Çox şəkər qəbul etmək çox kalori (enerji) qəbul etmək deməkdir və sərf ediləndən artıq kalori qəbul olunursa, bu da yağ kimi yığılacaq və piylənməyə səbəb olacaq. Yağ toxuması estrogen mənbələrindən biridir və bədəndə artıq yığılan yağ piylənmənin digər mənfi təsirlərindən asılı olmayaraq həddindən artıq estrogen istehsalına səbəb ola bilər. Bu artıq estrogen hormonu da bəzi süd vəzi şişlərini qidalandıra bilər. Ürək və süd vəzi sağlamlığınız üçün həm yüksək kalorili, həm də yağlı qidaları mümkün qədər az istehlak edin.
Marağınızı çəkə bilər:
Ailəmdə süd vəzi xərçəngi var, məndə yaranmasının qarşısını ala bilmərəm
Əlbəttə, ata-anamızdan aldığımız genlər bizi formalaşdırır, lakin hər fərd fərqli və təkdir. Həmçinin genetika ilə yanaşı epigenetik amillər də təsirlidir; irsi meyliniz olsa belə, sağlam pəhriz, siqaret və alkoqoldan uzaq, müntəzəm fiziki məşqli həyat tərzi ilə bu riski daha çox azalda bilərsiniz.

Övlad sahibi olmaq və əmizdirmək süd vəzi xərçəngindən qəti qoruyur
30 yaşından əvvəl övlad sahibi olmağın və əmizdirməyin süd vəzi xərçəngi riskini azaltdığı doğrudur. Lakin süd vəzi xərçəngindən qoruma zəmanəti yoxdur. Övlad sahibi olub əmizdirən ana olmusunuzsa, yenə sağlam həyat tərzi ilə xərçəng riskini minimuma endirə bilərsiniz.
Büstqalter süd vəzi xərçəngi yaradır
Büstqalter də daxil olmaqla hər hansı geyimin süd vəzi xərçənginə səbəb olduğunu göstərən etibarlı elmi tədqiqat yoxdur. Bunun əksi də doğru deyil; süd vəzi xərçəngindən qoruyan büstqalter və ya başqa geyim yoxdur.
Əməliyyat (bıçaq dəyməsi) süd vəzi xərçəngini yayır
Əvvəllər radioloji görüntüləmə üsulları indiki qədər inkişaf etməmişdi və əməliyyatdan əvvəl xərçəngin nə qədər yayıldığını müəyyən etmək üçün görüntüləmə üsullarından da kifayət qədər istifadə olunmurdu. Buna görə metastaz düzgün aşkarlanmırdı və metastaz olmasına baxmayaraq xəstələr əməliyyat oluna bilirdi. Əməliyyatla xərçəngli nahiyə çıxarılarkən yayıldığı yerlər əvvəlcədən aşkarlanmadığı üçün əməliyyatın xərçəngi bədənə yaydığı düşünülürdü. Lakin bu gün müasir tibbi cihazlar və elmi inkişaflarla daha uğurlu nəticələr əldə olunur. Cərrahi müdaxilə xərçəngi bədənin digər nahiyələrinə yaymır. Amma bəzi xüsusi hallarda 4. mərhələ süd vəzi xərçəngi olan xəstələr də əməliyyat oluna bilər; bu barədə yazımıza buradan baxa bilərsiniz.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.