Hamiləlikdən qorunma həbləri – oral kontraseptivlər və XƏRÇƏNG RİSKİ

Bu məqalədə
Tibbi dildə oral kontraseptiv adlandırdığımız hamiləlikdən qorunma həbləri son 50 ildə milyonlarla qadının istifadə etdiyi mühüm dərmanlar arasındadır. Bu həblər hamiləliyin qarşısını almaqla yanaşı, aybaşı pozuntusu, həddindən artıq qanamanın qarşısının alınması, aybaşıönü şikayətlərin azaldılması və yumurtalıq kistalarının müalicəsi üçün də istifadə edilir. Lakin estrogen və progesteron hormonlarını ehtiva etdiyi üçün oral kontraseptiv (OKS) dərmanların uzunmüddətli istifadəsinin faydaları qədər xərçənglə əlaqəsi də hər dövrdə müzakirə edilməkdə davam etmişdir.
Hamiləlikdən qorunma həbi istifadə edən qadınları düşündürən Oral kontraseptivlər xərçəng yaradırmı? Keçmişdə uzun müddət istifadə etmişəm, xərçəng riskim artıbmı? kimi suallara cavab verən çox vacib tədqiqat nəticəsi bu yaxınlarda açıqlandı. 1968-69-cu ildə İngiltərədə başlanmış, 44 il ərzində təxminən 46 min qadın üzərində aparılmış tədqiqatda hamiləlikdən qorunma həblərinin uzunmüddətli istifadəsinin faydaları və ya xərçəng riski ilə əlaqəsi, ümumi ömür müddətinə təsiri araşdırılmışdır.
Buna əsasən, hamiləlikdən qorunma həbləri istifadə edən qadınlarda:
- Ümumi xərçəng yaranma riskinin bu həblərdən istifadə etməyənlərlə eyni olduğu (hətta bir qədər aşağı),
- Yumurtalıq xərçəngi riskinin %33 daha aşağı,
- Uşaqlıq xərçəngi riskinin %34 daha aşağı,
- Yoğun bağırsaq xərçəngi riskinin %19 daha aşağı,
- Qan və sümük iliyi mənşəli hematoloji xərçənglər riskinin %26 daha aşağı olduğu müşahidə edilmişdir.
- Süd vəzi xərçəngi və uşaqlıq boynu (serviks) xərçəngi riskinin hamiləlikdən qorunma həbi istifadəsi ilə artdığı, bu riskin həbi dayandırdıqdan sonra daha 5 il davam etdiyi və 5 ildən sonra riskin istifadə etməyənlərlə bərabərləşdiyi və
- Ağciyər xərçəngi riskinin istifadə etməyənlərlə oxşar olduğu müəyyən edilmişdir (ehtimalən yaş artımı və siqaret çəkməyə bağlı olaraq hər iki qrupda da artdığı güman edilir).
Hamiləlikdən qorunma həbi istifadə edən qadınlarda həyatın sonrakı dövrlərində yeni xərçəng risklərinin yarana biləcəyinə dair sübut aşkarlanmamışdır. Həmçinin həbləri dayandırdıqdan sonra da yoğun bağırsaq, uşaqlıq və yumurtalıq xərçəngindən illərlə qoruya biləcəyi, hətta bağırsaq və yumurtalıq xərçəngi üçün bu müddətin 35 ildən uzun ola biləcəyi ifadə edilir.
Təxminən 1.3 milyon qadının qeydiyyata alındığı bu geniş iştiraklı və uzunmüddətli tədqiqatın siqaret istifadəsinin izlənməsindən başqa bəzi çatışmazlıqlarının olduğunu qeyd etmək lazımdır. Bunlara 50 il əvvəl istifadə edilən OKS-lərin tərkibinin bu günədək zamanla dəyişməsi, pəhriz, fiziki məşq, çəki və alkoqol istifadəsi kimi amillərin nəzərə alınmaması nümunə göstərilə bilər. Lakin yenə də tərkibi zamanla dəyişsə də, uzun müddət istifadə edilən hamiləlikdən qorunma həblərinin ümumi xərçəng riskini artırmadığı, əksinə, uzunmüddətli dövrdə və yaşlılıqda bəzi xərçənglərdən qoruya bildiyinə dair məlumatların olması ümidvericidir.
Mənbələr
Lifetime Cancer Risk and Combined Contraceptives: The Royal College of General Practitioners' Oral Contraception Study.
Am J Obstet Gynecol. Şubat 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.