Sulfonamidlər 1935 – Antibakterial dərmanlar

Ekkehard Grundmann:
“Gerhard Domagk ilə infeksion xəstəliklərə qarşı möhtəşəm qələbələrlə dolu dövr başladı. Sulfonamidlərdən əvvəl meningit xəstələrinin 30%-u ölürdü; eyni statistika pnevmoniya və tonzillit (badamcıqlardan birinin və ya hər ikisinin birlikdə iltihablanması) üçün də keçərli idi. Bundan əlavə, hər yeddi qadından biri doğuşdan sonrakı sepsis (ağır infeksiya) səbəbindən ölürdü. Bu vəziyyət 1935-ci ildən etibarən dəyişdi."
Sulfonamidlər – bəzən sulfa dərmanları da adlandırılır – bəziləri antibakterial xüsusiyyətlərə malik olan kimyəvi birləşmələr sinfini təşkil edir. 1932-ci ildə alman bakterioloq Domagk, Streptococcus bakteriyalarının törətdiyi infeksiyalar da daxil olmaqla, insanlarda bir sıra bakterial infeksiyaları sistemli şəkildə müalicə etmək üçün istifadə edilə biləcək ilk dərmanı prontosil adlı boya əsaslı sulfa dərmanını sınaqdan keçirərkən kəşf etdi. Domagk qolundakı infeksiyaya görə qolu amputasiya ediləcək qızını əməliyyatdan xilas etmək üçün tələsik təcrübələrə başlayanda dərman demək olar ki, heç sınaqdan keçirilməmişdi.
1935-ci ildə qızının qolunun tam sağaldığı uğurlu klinik təcrübəsinin nəticələrini dərc etdi. Maraqlıdır ki, Prontosil sınaq şüşələrində antibakterial xüsusiyyətlər göstərmədi.
1936-cı ildə isveçrəli farmakoloq Daniel Bovet orqanizmdəki kimyəvi reaksiyaların sulfonamidi təsirsiz boya hissəsinə və rəngsiz aktiv birləşmə olan sulfanilamidə ayırdığını kəşf etdi.
1940-cı illərin əvvəlində tədqiqatçılar sulfanilamidin bakteriyalarda fol turşusu sintezini ləngidərək bakteriyaların çoxalmasının qarşısını aldığını və orqanizmin immun sisteminin infeksiya ilə mübarizə şansını artırdığını aşkar etdilər.
Penisilin müalicəsindən əvvəl mövcud olan yeganə təsirli antibiotiklər olan sulfa dərmanları II Dünya müharibəsi zamanı və sonrasında saysız-hesabsız həyat xilas etdi.
Bu gün adətən digər antibiotiklərə üstünlük verilsə də, bakteriyalar antibiotiklərə davamlılıq qazandıqda sulfa dərmanlarından yenə istifadə oluna bilər.
1939-cu ildə Domagk prontosil sulfonamidini kəşf etdiyinə görə tibb üzrə Nobel mükafatına layiq görüldü. Lakin nasist hakimiyyət nümayəndələri nasist rejiminə dair tənqidlərinə görə Domagkın mükafatı qəbul etməsinə icazə vermədilər.
Yazıdakı şəklin izahı: Sulfonamidlərin istifadəsindən əvvəl meningit xəstələrinin 30%-u həyatını itirirdi. Rəngləndirilmiş şəkildə göstərilən meningit törədicisi meningococcus bakteriyaları mərkəzi sinir sistemi qişalarını yoluxdura bilər.
Yazıda adı çəkilən tarixi şəxslər: Gerhard Johannes Paul Domagk ( 1895 – 1964), Daniel Bovet ( 1907 – 1992)
- Əvvəlki mövzu: Stanleynin kristal işğalçıları 1935 – Virusların kəşfi
- Sonrakı mövzu: Antihistaminlər 1937 – Dərmanların inkişafında dönüş nöqtəsi
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.