Xərçəng riski və emosional sağlamlıq – Depressiya və təşvişin roluna yeni baxış

Bu məqalədə
Depressiya və təşvişin (həddindən artıq narahatlıq) insanın sağlamlıqla bağlı davranışlarına təsir etməklə və ya xərçəngin inkişafını dəstəkləyən bioloji təsirlər yaratmaqla rol oynaya biləcəyindən şübhələnilir. Lakin yeni meta-analiz depressiya və təşvişin əksər xərçəng növləri üçün daha yüksək risklə əlaqəli olmadığını göstərdi. Bu nəticələr 7 avqust 2023-cü ildə Cancer jurnalında dərc edildi.
Meta-analiz, müəyyən mövzuda aparılmış bir-birindən müstəqil bir neçə tədqiqatın nəticələrini birləşdirən və əldə edilən nəticələrin statistik təhlilini aparan geniş araşdırmadır. Meta-analiz nəticələri elmi baxımdan ən güclü dəlillərdir.
Depressiya və təşvişlə xərçəng riski arasındakı əlaqə
Araşdırmanın baş müəllifi Lonneke A. van Tuijl və komandası Niderland, Birləşmiş Krallıq, Norveç və Kanadadan 300 mindən çox yetkinin məlumatlarını əhatə edən beynəlxalq Psixososial Faktorlar və Xərçəng İnsidansı konsorsiumunun məlumatlarını araşdırdı. Bu genişmiqyaslı tədqiqat 26 ilə qədər izləmə müddəti ərzində depressiya və ya təşvişlə ümumi xərçəng, süd vəzi, prostat, kolorektal və alkoqolla əlaqəli xərçənglərin insidansı arasında əlaqə aşkar etmədi.
İnsidans, müəyyən vaxt ərzində müəyyən qrupda yeni yaranan xəstəlik hallarının sayını ifadə edir. Başqa sözlə, insidans göstəricisi müəyyən müddət ərzində xəstəliyin yeni hallarının sayını müəyyənləşdirir və adətən hər 100000 nəfərə düşən hal sayı ilə ifadə olunur.
Depressiya və ya təşvişin olması ağciyər xərçəngi və siqaretlə əlaqəli xərçənglərin inkişaf riskini 6% artırdı. Lakin siqaret və alkoqol istifadəsi, bədən kütlə indeksi də daxil olmaqla xərçənglə əlaqəli digər risk amilləri nəzərə alındıqda bu risk əhəmiyyətli dərəcədə azaldı. Bu, depressiya və təşvişin xərçəng riskinə təsirinin qeyri-sağlam həyat tərzi seçimlərindən qaynaqlana biləcəyini göstərir.
Əlaqəli mövzu: Xərçəng stress yaratsa da, stress xərçəng yaratmır!
Təşviş və depressiyanın xərçənglə əlaqəsinə yeni baxış
Bu təhlil tütün istifadəsi və təşviş, yaxud depressiya nəticəsində yarana bilən digər qeyri-sağlam davranışlara diqqət yetirməyin əhəmiyyətini vurğulayır. Dr. van Tuijl deyir: “Nəticələrimiz diaqnozlarının əvvəlki təşviş və ya depressiyalarına bağlı olduğuna inanan bir çox xərçəng xəstəsi üçün rahatlıq gətirə bilər” və əlavə edir: “Lakin depressiya, təşviş, sağlamlıq davranışları və ağciyər xərçəngi arasındakı əlaqəni tam anlamaq üçün əlavə araşdırmalara ehtiyac var.”
Bu təhlil depressiya və təşvişin xərçəng riskini artırdığı nəzəriyyəsini sorğulayan mühüm tədqiqatdır. Bu həm səhiyyə mütəxəssisləri, həm də ictimaiyyət üçün əhəmiyyətli məlumat ola bilər, çünki bu hallarla yaşayan bir çox insan onların xərçəng riskini artırıb-artırmadığından narahatdır. Bu araşdırma həmin narahatlıqları azalda və eyni zamanda sağlam həyat tərzi seçimlərinin əhəmiyyətini vurğulaya bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.