Xərçənglə iki dəfə üzləşmək

“Helen, sizdə 4-cü mərhələ yumurtalıq xərçəngi olduğunu söylədiyim üçün təəssüflənirəm.” Bu sözləri heç vaxt unutmayacağam...
Heç nə sizi xərçəng olduğunuzun deyildiyi günə hazırlaya bilməz
Həyatım sözün əsl mənasında gözlərimin önündən keçdi, inana bilmirdim. Necə ikinci dəfə xərçəng ola bilərdim?
İkinci dəfə xərçəng diaqnozu qoyulanda cəmi 48 yaşım vardı, qızım Julianne dünyaya gəldikdən yalnız iki il sonra... 32 yaşımda döş xərçəngi səbəbindən aparılan radikal mastektomiyadan sonra həyatıma davam etmişdim. Döş xərçəngi diaqnozunu 1972-ci ildə almışdım və o vaxt müalicə imkanları məhdud idi. Cərrah sağ döşə radikal mastektomiyanın mənə ən yaxşı nəticəni verəcəyinə inanırdı. Həkimim haqlı idi, lakin mən pərişan vəziyyətdəydim. Üç uşaq anası idim və uşaqlarıma baxmaq əvəzinə sağlamlığıma diqqət yönəltməliydim.
İkinci xərçəng diaqnozu
İkinci hissə təxminən iyirmi il sonra özümü şişkin və yorğun hiss etdiyim dövrə təsadüf edəcəkdi. Əvvəlcə çox əhəmiyyət verməmiş, sabah keçəcəyini düşünmüşdüm. Lakin şişkinlik, xüsusilə yeməkdən sonra davam etmişdi və qarnımın aşağı hissəsində təzyiq hiss etməyə başlamışdım. Ailə həkiminə müraciət etməli olduğumu o an anlamışdım.
Həkimə gedəndə müxtəlif testlər aparıldı, amma ultrasəs və ya MRT kimi daha ətraflı müayinələr edilmədi. Həkimim bunun qastrit olduğunu, dincəlib rahatlanmalı olduğumu düşündü. Bundan 2 il sonra qarnımda dəhşətli təzyiq hiss etdim, qarnım sanki partlayacaqdı. Yenidən həkimimə müraciət edib başqa müayinə aparmalarını xahiş etdim. Bu dəfə kompüter tomoqrafiyası (KT) etməyi uyğun gördülər.
KT nəticəm nəyinsə qaydasında olmadığını göstərirdi. Ağrının mənbəyini tapmaq üçün diaqnostik əməliyyata ehtiyacım olacaqdı. Yumurtalıq xərçəngini aşağı anatomik bölgədə qarışıq şəkildə tapdılar.
Əməliyyat saatlarla davam etdi və cərrahım xərçəngin % 90-ını aradan qaldırdığına inanırdı. Onun fikrincə əlavə olaraq kimyaterapiya almağım da lazım idi.
1980-ci illərdə xərçəng müalicəsi çox yorucu idi və nəticələr indikindən daha ümidsiz görünürdü. Xərçəngə bir dəfə qalib gəlmişdim, amma ikinci dəfə sağ qalmaq şansım çox parlaq görünmürdü.
Ən yaxşı müalicə kimi sisplatin, antramisin və sitoksan kombinasiyası tövsiyə olunmuşdu. Kimyaterapiya gündə 7 saat çəkirdi, lakin yan təsirlərim daha uzun davam edirdi.
Ağ qan hüceyrələrimin sayı çox azaldığı üçün son kimyaterapiyamı tamamlaya bilmədim. Onkoloqum son kimyaterapiyanın faydadan çox zərər verə biləcəyini düşündü. Cərrahım əlbəttə mənə sağqalma müddətini demədi. Amma 6 ayım qaldığını deməsinə onsuz da ehtiyac yox idi.
Deyəsən, Tanrının başqa planı vardı...
Sağalma dövrü
Yemək masasında oturmuşdum, iştaham yox idi, zəif və halsız idim. Həm əllərimdə, həm ayaqlarımda keyimə hiss edirdim. O qədər yorulmuşdum ki, davam edə bilməyəcəyimi düşünürdüm.
Məni özümə gətirən qızımın ucadan dediyi bu sözlər oldu: “Vaz keçə bilməzsən, həkimin dediyindən daha uzun yaşadın.”
Sarsılmışdım, əvvəllər dünyadan köçüb getməyi düşünmüşdüm, amma indi bunu etiraf etmək çox çətin idi. Döyüşün sonundakı boksçu kimi bütün enerjimi toplayacaqdım; tək bir qarşılaşmanı deyil, müharibəni qazanacaqdım, özümə söz verdim. Bir dəfə bacarmışdım və yenidən bacara bilərdim.
Sağalma prosesimdə ən çətin dövr ilk il idi. Özümə baxmağı öyrənmişdim, qidalanmama və sevdiklərimə diqqət yönəltməyə başladım. Çox yatdım, çox dincəldim.
Geriyə baxanda sağaldığım dövrün “xərçəng olduğuma inanmağı dayandırdığım vaxt” başladığını fərq etdim. Günlər belə keçdi, aylar illəri gətirdi. Xərçənglə mübarizəmdən tam 31 il keçib...
Səmimiyyətlə deyə bilərəm ki, onkoloqum bunun qeyri-mümkün deyil, lakin istisna bir hal, %1 ehtimalla görülən vəziyyət olduğunu söyləyəndə içimdə sevgi dolu hiss yarandı. Əlaqə saxlaya bildiyim hər kəsə, oxşar hekayəni yaşamış və ya yaşayan hər kəsə bacara biləcəklərini demək istəyirəm. Bilirəm, sonu yox kimi görünə bilər, amma təslim olmasanız ehtimal az olsa da qalib gələ bilərsiniz...
Helenə yumurtalıq xərçəngi üçün verilən kombinə kimyaterapiya rejimi, ehtimal ki, immun sisteminin də aktivləşməsi ilə 4-cü mərhələ solid, yəni orqan xərçənglərində nadir görülən tam cavabı tətikləmişdi.
Əlaqəli mövzu:
Mənbələr
medicalnewstoday.com - Written by Helen Ziatyk on January 3, 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.