Zaman çarxı adlanan art-terapiya üsulu “Mandala”nı xərçəng xəstələrinə və ailələrinə tövsiyə edirik

Bu məqalədə
Mövzu əsaslı art-terapiya mütəxəssislərin üzərində işləyərək müəyyən etdiyi bir sıra mövzulardan çıxış edən tətbiqlərdir. Bu başlıq altında xərçəng xəstələrinin fərdi və ya ailələri ilə edə biləcəkləri məşğələ olan Mandalanın tarixini və olduqca zəngin faydalarını sizinlə paylaşmağı məqsəd qoyduq.
Nöqtədəki sonsuzluq...
Mandalanın nöqtə ilə başlayan, sonu olmayan, həndəsi və ya üzvi formalardan ibarət, sonsuzadək gedə bilən dairələr bütünü olduğunu demək olar. Şərq və Qərb mədəniyyətini müxtəlif mənalar ehtiva edən simvollarla birlikdə əks etdirir. Art-terapiyada müalicəedici və şüuru inkişaf etdirən xüsusiyyətinə görə mühüm yeri var. Mərkəzdə bir nöqtə ilə başlayan və çiçəyin açılmasına bənzədilə bilən bu formanın rənglərlə inkişafı və böyüməsi xərçəng xəstələrini və ailələrini
- rahatladır,
- meditasiya təsiri göstərir,
- bədən və ruh tarazlığını qurur,
- zehni dincəldir,
- yaradıcılığı artırır,
- şəxsi fərqindəliyi artırır,
- yeni ifadə sahəsi açır,
- keyfiyyətli vaxt keçirməyi təmin edir,
- əyləncəlidir,
- fərdi və ya qrup məşğələlərinə uyğundur.

Psixoanalitik Gustav Jung mandalanı belə tərif edir: "Şüuraltının əksidir". Özü də illərlə mandala üzərində işləyən və psixiatriya xəstələrinə tövsiyə edən Jung "Bizim kim olduğumuzu göstərir" deyir. Mandalanı şəxsiyyətlərin vizual ifadə forması kimi görən Jungun Şərq mədəniyyətinə aid bu mühüm müalicəedici üsulun Qərb ölkələrinə tanıdılmasında və daha çox insanın mandala etməsində böyük töhfəsi var.
Həyatının çox hissəsini mandalanın müdrikliyini anlamağa həsr edən mühüm art-terapevtlərdən Joan Kellog isə mandalanı "Mükəmməl dairə" kimi tərif edir.
Mandala həyatın özünə də bənzədilə bilər
Bir hüceyrə və ya atomu başlanğıc nöqtəsi düşünsək, ətrafında fırlanaraq inkişaf edib böyüyən mandala olduğunu təsəvvür edə bilərik. Qərb mədəniyyətinə çatmazdan əvvəl Buddizm dinində yaranıb, yüz illərdir xüsusilə Şərqdə meditasiya üsulu kimi istifadə edilib. Mandala Tibet buddistləri tərəfindən "Zaman çarxı" da adlandırılır. Mərkəz nöqtəsi və ətrafında döndükcə zamanın axışını da simvollaşdırır.
Xərçəng diaqnozundan sonra və tibbi müalicələr zamanı vaxt xəstələr üçün çox çətin keçir. Müntəzəm mandala çəkib rəngləyən xəstələr daha sakit, dinclik və rahatlıq içində proses keçirə bilərlər.

Mövzu əsaslı fəaliyyətlərin faydasını görmək üçün üzərində 30 dəqiqə və ya daha çox işləmək lazımdır. Yalnız onda məqsədə uyğun nəticə əldə edilə bilər. Məsələn, ağrını yüngülləşdirmək və ya stressi azaltmaq kimi. Bu cür art-terapiya məşğələləri etdikcə hər seans daha faydalı olur. Həmçinin müntəzəm edildikdə müsbət nəticə almaq daha ehtimal olunur.
Bu üsullarla fəaliyyətə başlamazdan əvvəl rahatlama məşqləri tövsiyə edilir. Zehni qısa meditasiya seansı ilə dincəltmək, sakit musiqi dinləmək, qısa gəzintiyə çıxmaq da işə yaraya bilər. Rahatlaşıb sakitləşdikdən sonra incəsənət fəaliyyətlərinə başlamaq daha qayğısız və sakit proses gətirəcək. Fəaliyyət zamanı sakit instrumental musiqinin müşayiəti də xoş vaxt keçirməyə kömək edə bilər.
Gözəl düşüncə və fikirlər hər köklü mədəniyyətdə bir şəkildə özünə yer tapır. Düşünürük ki, mandalanın bizim mədəniyyətimizdə qarşılığı da krujeva, toxuma və çini sənətidir. Ortadan başlayıb ətrafına dolanaraq davam etdikdə rəngli toxuma ipləri və ya krujevalar da qədim mədəniyyətlərimizdən ilhamlanan bir növ mandala ola bilər. Bu, eyni zamanda əl və qolların qan dövranını sürətləndirərək hərəkətsizlikdən yaranan keyimə və ağrılara yaxşı təsir edir.
Mövzu əsaslı fəaliyyət nümunəsi kimi Mandala (Theme-based Activities)
Gündüz və gecə mandalası (Qrup məşğələsidir, 5 yaş +)
Materiallar:
- 50x70cm ölçüdə 2 ağ kağız (Orta qalınlıqda, mümkünsə teksturasız rəsm kağızı),
- Rəngli karandaşlar, akvarel və ya pastel boya,
- Kollaj üçün jurnallardan seçilmiş şəkillər,
- Yapışqan çubuğu (pritt kimi).
Ən azı 40 cm diametrli 2 böyük dairə şəklində kəsilmiş kağız. Sonra tort dilimi kimi qrupdakı insan sayı qədər üçbucaq hissələr kəsilir. Hər kəs gündüz və ya gecə seçiminə görə ən azı bir üçbucaq dilimi alır. Hər hissə tamamlandıqda istər gündüz və gecə ayrı, istər qarışıq şəkildə tam dairə yaratmaq üçün bütöv tamamlanaraq yapışdırılır. Gündüz üçün sarı və narıncı üstünlüklü isti rəngləri, gecə üçün isə mavi və bənövşəyi kimi daha soyuq rəngləri seçə bilərsiniz. İstəsəniz bitirdikdən sonra divarınıza asa bilərsiniz.
Mandala üzərində xəstə fərdi şəkildə də istədiyi ölçüdə, istədiyi rəng kağızda, istənilən materialla işləyə bilər. Bir sıra qaydalardan çıxış edən, lakin olduqca sərbəst məşğələdir. Dairələrin daha düzgün görünməsini istəsəniz pərgar, stəkan, fincan və ya kiçik boşqab istifadə edərək hazır şablonlardan dəstək ala bilərsiniz. Mandalalarınız simmetrik, mükəmməl ölçülü olmaq məcburiyyətində deyil və başqa mandalanın surəti olmamalıdır. Gözəl görünmək narahatlığından uzaq və içinizdən gəldiyi kimi olmalıdır. Müntəzəm etdikdə şəxsiyyətin, duyğuların və zehnin dincəlib dəyişdiyini təcrübə edə bilərsiniz. Xərçəng xəstələrinə xüsusi düzgün üsul kimi art-terapevtin müşayiətində sual-cavab, rəng seçimi, tətbiq üsulları kimi çoxsaylı fərqli təfərrüatları var. Lakin əvvəl də dediyimiz kimi evinizdə və ya xəstəxanada bu fəaliyyətləri etmək ailə və dostlarınızla xoş vaxt keçirməyə, rahatlayıb stressinizi atmağa kömək edir.
Mənbələr
2. Foreword By Jakusho K.Roshi, Mindfulness and the Arts Therapies, theory and practice, Edited by Laury Rappaport, PH.D., Jessica Kingsley Publishers London and Philedelphia, (2014)
3. Healing With Mandala Art Therapy – A Multi-Cultural Idea Worth Exploring
arttherapyblog.com
4. Susanne F. Fincher, Creating Mandalas: For Insight, Healing, and Self Expression (2010).
5. Cathy Malchiodi, Cool Art Therapy Intervention #6: Mandala Drawing.
Psychologytoday.com (2010).
6. About mandala coloring healing. Your Introduction to the Healing Powers of Mandala Coloring Pages. mandalacoloringmeditation.com
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.