3-cü mərhələ melanomada ikili immunoterapiya əməliyyatdan sonrakı müalicəyə ehtiyacı 60% aradan qaldırır

Bu məqalədə
NADINA tədqiqatı irəliləmiş mərhələli (III mərhələ) və əməliyyat oluna bilən dəri xərçəngi (melanoma) xəstələrində neoadyuvant (əməliyyatdan əvvəl) ipilimumab və nivolumab adlı iki immunoterapiya dərmanının birlikdə istifadəsinin adyuvant (əməliyyatdan sonra) tək nivolumab müalicəsindən daha effektiv olduğunu göstərib.
Əsas məqamlar:
- Əməliyyatdan əvvəl ikili immunoterapiya (ipilimumab və nivolumab) kombinasiyası və sonra cavab olmadıqda adyuvant müalicə III mərhələ melanomalı xəstələrdə yalnız adyuvant nivolumab müalicəsi ilə müqayisədə daha yaxşı "xəstəliksiz sağqalım" təmin edib.
- Tədqiqatın eksperimental qolundakı xəstələrin təxminən 60%-ı yalnız 2 sikl neoadyuvant ipilimumab və nivolumab müalicəsi alıb və əlavə adyuvant müalicəyə ehtiyac duymayıb.
- Sistemik müalicə ilə əlaqəli 3-cü dərəcəli və ya daha ağır əlavə təsirlər neoadyuvant qrupda 29,7%, adyuvant qrupda isə 14,7% olmaqla daha yüksək olub.
ASCO 2024-ün ən diqqətçəkən tədqiqatlarından biri olan NADINA konqreslə eyni vaxtda, 2 iyunda NEJM jurnalında dərc olunub.
Bu tədqiqata qədər
Bu tədqiqata qədər rezeksiya oluna bilən (əməliyyat edilə bilən) III mərhələ melanomanın tipik müalicəsi əvvəlcə terapevtik limfa düyünü disseksiyasından (təsirlənmiş limfa düyünlərinin çıxarılması), sonra BRAF geni mutasiyası olmayan xəstələrdə adyuvant nivolumab və ya pembrolizumabdan, BRAF geni mutasiyası olanlarda isə dabrafenib/trametinib müalicəsindən ibarət idi.
Melanoma diaqnozu qoyularkən xəstələrin təxminən 15-20%-si III mərhələ-dədir. Bu göstərici melanomanın erkən diaqnostikasının əhəmiyyətini vurğulayır.
NADINA tədqiqatı III mərhələ melanomada mövcud standart müalicədən daha effektiv və xəstənin daha asan dözə biləcəyi müalicə seçimini tapmağı hədəfləyib.
NADINA-nın əhəmiyyəti – Melanomada yeni dövr
NADINA tədqiqatı 3 mühüm məqamda yenilik yaradır:
- III mərhələ melanomada neoadyuvant immunoterapiyanı mövcud standart olan adyuvant müalicə ilə müqayisə edən ilk 3-cü faza tədqiqatıdır.
- Melanomada adyuvant müalicənin hamıya verilməsi əvəzinə cavaba uyğunlaşdırılmasını qiymətləndirən ilk tədqiqatdır.
- Onkologiyada yalnız immunoterapiyadan ibarət, kimyaterapiya daxil olmayan neoadyuvant rejimi qiymətləndirən ilk 3-cü faza tədqiqatıdır.
NADINA tədqiqatının təfərrüatları
Tədqiqatın dizaynı:
- İştirakçılar: Əməliyyat oluna bilən, irəliləmiş mərhələli (III mərhələ) melanoma diaqnozu olan 423 xəstə tədqiqata daxil edilib.
- Qruplar: Xəstələr təsadüfi qaydada iki qrupa bölünüb. Birinci qrupdakı xəstələr əməliyyatdan əvvəl iki kurs ipilimumab və nivolumab (neoadyuvant qrup), ikinci qrupdakılar isə əməliyyatdan sonra 12 kurs nivolumab alıb (adyuvant qrup).
- Neoadyuvant qrupda əlavə müalicə: Neoadyuvant qrupda şişlərində qismən və ya tam cavab olmayan xəstələr əməliyyatdan sonra əlavə müalicə (adyuvant müalicə) alıb.
- Əsas nəticə: Tədqiqatın əsas məqsədi xəstəliksiz sağqalım müddətini qiymətləndirmək olub.
Nəticələr:
- Xəstəliksiz sağqalım: Median 9,9 aylıq izləmənin sonunda neoadyuvant qrupdakı xəstələrin 12 aylıq xəstəliksiz sağqalım göstəricisi 83,7% olub, adyuvant qrupda isə bu göstərici 57,2% olub (fərq 26,5%). Bu, neoadyuvant müalicənin xəstəliyin təkrarlanması, irəliləməsi və ya ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını göstərir.
- Patoloji cavab: Neoadyuvant qrupdakı xəstələrin 59%-unda əməliyyatdan sonra şişdə böyük geriləmə (böyük patoloji cavab), 8%-ində qismən cavab, 26,4%-ündə isə cavabsızlıq müşahidə edilib.
- Residivsiz sağqalım: Neoadyuvant qrupda şişi böyük dərəcədə geriləyən xəstələrin 12 aylıq residivsiz sağqalım göstəricisi 95,1%, qismən cavab verənlərdə 76,1%, cavab verməyənlərdə isə 57% olub.
- Əlavə təsirlər: 3-cü dərəcəli və ya daha ağır əlavə təsirlər neoadyuvant qrupda (29,7%) adyuvant qrupdan (14,7%) daha tez-tez müşahidə edilib. Lakin bu əlavə təsirlər əməliyyat ağırlaşmalarına səbəb olmayıb.
Aşağıda NADINA tədqiqatının əsas sonlanım nöqtəsi olan xəstəliksiz sağqalım məlumatlarını görmək olar:

Şərh
Neoadyuvant müalicədən sonra cavaba əsaslanan adyuvant müalicənin III mərhələ melanomada adyuvant müalicəni əvəz edəcəyi görünür.
NADINA digər neoadyuvant immunoterapiya sınaqları üçün nümunə olmalı və bütün xəstələrdə neoadyuvant və adyuvant müalicənin birlikdə tətbiqi əvəzinə cavaba əsaslanan adyuvant müalicəyə keçməyin lazım olduğunu göstərib.
Gələcək tədqiqatlar
Gələcəkdə perioperativ (əməliyyatdan əvvəl və sonra) sistemik müalicə almayan və əməliyyatdan əvvəl tək immunoterapiya alan xəstə qruplarını əhatə edən tədqiqatlar planlaşdırılır. Bunlar müxtəlif müalicə yanaşmalarının uzunmüddətli sağqalımı necə təsirləndirdiyini müəyyənləşdirməyə və yeni müalicələri qiymətləndirmək üçün müqayisə nöqtələri yaratmağa kömək edəcək.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.