4-cü mərhələli hormona davamlı prostat xərçənginin müalicəsində Radium-223 digər müalicələrlə birləşdirildikdə daha uğurludur

Bu məqalədə
Ölkəmizdə kişilərdə ağciyər xərçəngindən sonra ən çox görülən xərçəng növü olan prostat xərçəngi adətən yaşlı insanlarda yaranır və testosteron hormonuna həssasdır. Uzunmüddətli testosteron basqılayıcı müalicə ilə nəzarətə alına bilən prostat xərçəngi bu müalicəyə cavab verməyi dayandırdıqda hormona davamlı prostat xərçəngi adlandırılır. Yeni dərman təsdiqində dünyanın öncül qurumlarından Amerika Qida və Dərman İdarəsi (FDA) sümüyə yayılmış (metastaz vermiş, 4-cü mərhələ) prostat xərçəngində Xofigo (Radium-223) adlı dərmana 2013-cü ildə təsdiq vermişdi. Nüfuzlu tibb jurnalı The Lancet Oncology-də 26 iyulda yayımlanan yeni tədqiqat Radium-223 digər yeni nəsil prostat xərçəngi dərmanları abiraterone (Zytiga) və ya enzalutamide (Xtandi) ilə birləşdirildikdə müalicə uğurunun və ömrün daha da artdığını göstərmişdir.
Radium-223 dixlorid hormona davamlı, sümük metastazları olan və heç bir daxili orqana yayılması olmayan prostat xərçəngi xəstələrində istifadə edilən mühüm dərmandır (radiofarmasevtik agent). Radium-223 maddəsinin əsas hədəfi sümük metastazlarıdır. Venadaxili tətbiqdən sonra prostat xərçənginin sümüyə metastaz verdiyi nahiyələrə yapışır və sümük mineralları ilə birləşir. Şiş mikromühitinə (şişə yaxın toxumaya) radioaktiv alfa hissəcikləri yayaraq sümükdəki xərçəng hüceyrələrinin DNA-sını ölümcül zədələyir. Beləliklə, sümük nahiyəsindəki xərçəng hüceyrələrinin məhvini təmin edir.
Tədqiqatın təfərrüatlarına baxsaq, 696 xəstə venadaxili ən azı 1 dəfə Radium 223 inyeksiyası alacaq şəkildə( 50 kBq/kg) müşahidə edilmişdir. İnyeksiyaların sayı hər 4 həftədə 6 ədəd olacaq şəkildə planlaşdırılmışdır. 403 xəstə 6 inyeksiyanın hamısını almışdır.
Tədqiqatın nəticəsi
Analizlər nəticəsində median sağqalım müddətinin 16 ay olduğu müəyyən edilmişdir. Standart müalicələrlə birlikdə Radium 223 alan xəstələrdə ömrün uzandığı aşkarlanmışdır.
Əlavə təsirlərin qiymətləndirilməsində 281 xəstədə müxtəlif siniflərdə müalicəyə bağlı əlavə təsirlər görüldü. Ən geniş yayılmış əlavə təsirlər trombositopeniya, neytropeniya və leykopeniya idi. Ciddi əlavə təsirlər olan xəstələrin payı isə yüzdə 35-dir.
Bu tədqiqat nəticə olaraq Radium-223 adlı dərmanın artıq standart 4-cü mərhələ prostat xərçəngi müalicələrinə çevrilmiş abiraterone və ya enzalutamide müalicələri ilə təhlükəsiz və effektiv istifadə oluna biləcəyini göstərir. Son tədqiqatlar Radium-223-ün hormona davamlı prostat xərçəngli xəstələrdə ağrı idarəetməsində də effektiv olduğunu göstərir.
Mənbələr
Radium-223 and concomitant therapies in patients with metastatic castration-resistant prostate cancer: an international, early access, open-label, single-arm phase 3b trial.
The Lancet Oncology, 26 July 2016, DOI: https://dx.doi.org/10.1016/S1470-2045(16)30173-5
2. Shore ND
Radium-223 dichloride for metastatic castration-resistant prostate cancer: the urologist's perspective
Urology. 2015 Apr;85(4):717-24.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.