4. mərhələ EGFR və HER2 genetik mutasiyalı ağciyər xərçənginin müalicəsində Poziotinib

Ağciyər Xərçəngi 19. Dünya Konfransında təqdim edilən tədqiqata görə, poziotinib adlı yeni hədəfə yönəlmiş ağıllı dərman, müalicəyə cavab verməyən, EGFR və HER2 ekzon 20 mutasiyası olan 4. mərhələ kiçik hüceyrəli olmayan ağciyər xərçəngli (KHDAK) xəstələrdə təsirlidir.
Qeyd: Bir ekzon, genetik kod DNA spiralının qablaşdırılmış halı olan xromosomun gen kodlayan bölgəsi-dir. Gen kodlamayan DNA bölgələrinə intron (junk, tullantı DNA) deyilir. Bütün ekzonların birləşməsinə ekzom deyilir ki, bu DNA-mızın %2-lik hissəsinə uyğundur, yəni DNA-mızın yalnız %2-lik hissəsi məhsul - məsələn böyümə faktoru və ya reseptor - istehsalı ilə nəticələnəcək genləri kodlayır. Ekzonlarda mutasiyalar məhsulun da səhv olmasına və ya artıq istehsalına səbəb ola bilər; məsələn davamlı işləyən və ya artıq istehsal olunan böyümə reseptoru kimi. EGFR və HER2 də hüceyrələrin səthindəki böyümə reseptorlarıdır.

Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzindəki tədqiqatçılar faza-2 klinik tədqiqat-dan erkən nəticələr bildirdilər və epidermal böyümə faktoru reseptorunda (EGFR) ekzon 20 mutasiyası olan 44 xəstənin 24-ünün (% 55) və HER2-də ekzon 20 mutasiyası olan 12 xəstənin 6-sının (% 50) poziotiniblə müalicədən 8 həftə sonra əhəmiyyətli cavab verdiyini bildirdilər.
Tədqiqatçılar ekzon 20 nöqtə mutasiyalı xəstələrin EGFR və HER2-ni hədəfləyən digər müalicələrə cavab nisbətlərinin % 12 və ya daha az olduğunu bildirdi. EGFR 19 və 21 və bəzi HER2 geni mutasiyalı xəstələr üçün təsdiqlənmiş təsirli ağıllı dərmanlar olsa da, bu genlərin ekzon 20 mutasiyası üçün təsdiqlənmiş müalicə yoxdur.
EGFR ekzon 20 mutasiyaları ağciyər adenokarsinomalı xəstələrin % 1 ilə % 2-sində və HER2 ekzon 20 variantları təxminən % 3-ündə yaranır.
Bu nəticələr yaxın vaxtadək əhəmiyyəti bilinməyən bu mutasiyalara qarşı poziotinibin son dərəcə aktiv olduğuna dair əvvəlki müşahidələri təsdiqləyir və bəzi xəstələrdə bir ildən artıq davam edən müalicə cavabları ilə diqqət çəkir. Həmçinin əvvəl poziotinibin EGFR mutasiyalı xəstələrdə təsirli olması haqqında tədqiqatlar olsa da, HER2 mutasiyalı xəstələrdə də təsirli ola biləcəyi ilk dəfə bu tədqiqatla göstərildi.
Tədqiqatın təfərrüatları
- Tədqiqatda bildirilən 19 xəstə bir ildən artıqdır müalicəyə cavab verməyə davam edir.
- İndiyədək bütün cavablar qismən cavablardır.
- EGFR ekzon 20 mutasiyası pozitiv xəstələrdə median (ortanca) proqressiyasız sağqalım (müalicə ilə xəstəliyi nəzarətdə saxlama müddəti) 5.5 ay idi; HER2 qolunda isə əksəriyyət hələ cavab verdiyi üçün bu müddətə çatılmadı.
- EGFR qolunda xəstələrin % 56-sında ciddi (3. dərəcə və ya yüksək) yan təsir görüldü. Ən çox dəri səpgisi (% 34.9), ishal (% 17.5) və paronixiya-dolama (% 9,5) idi. 1 xəstə 3. dərəcə dəri səpgisinə görə müalicəni dayandırdı. Xəstələrin % 60 doza azalmaları var idi. HER2 qolunda yan təsirlər oxşar idi. HER2 qrupunda pnevmoniyadan (sətəlcəm) bir həyat itkisi oldu və bu, ehtimalən dərmanla bağlı sayıldı.
Poziotinibin təsir mexanizmi necədir?
Heymach-ın komandası MD Anderson-un Moon Shots Proqramı üçün layihələr seçərkən ekzon 20 mutasiyalı xəstələrə yönəlməyə qərar verdi. Çünki xəstə məlumat bazası nəzərdən keçirilərkən ekzon 20 mutasiyalı xəstələrin yalnız 2 aylıq median proqressiyasız sağqalım ilə olduqca qısa ömrü olduğu tapıldı.
Hazırlanmış poziotin adlı dərmanın xərçəng hüceyrə xətti və siçan modeli təcrübəsi ilə ekzon 20 mutasiyalarını yaxşı hədəfləyə bildiyi və digər mutasiyalara təsirli olmadığı tapılmışdı. Heymach və həmkarları araşdırmalarının ilkin nəticələrini Aprel 2018-də Nature Medicine-də yayımladılar.
MD Anderson komandası artıq poziotinibə qarşı davamlılıq mexanizmlərini və digər xərçəng növlərində ekzon 20 dəyişikliklərini araşdırır. Ekzon 20 EGFR və ya HER2 mutasiyaları olan digər 20 xərçəng növü də müəyyənləşdirildi və başqa xərçənglərdə səbət tipli klinik tədqiqat ilə poziotinibin effektivliyi araşdırılır.
Mənbələr
Mechanisms and clinical activity of an EGFR and HER2 exon 20–selective kinase inhibitor in non–small cell lung cancer.
Nature Medicine, 23 April 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.