Adrenalinin kəşfi 1893 – Bədən funksiyalarında əhəmiyyəti

Adrenalinin kəşfi bir vəzidən ifraz olunan hormonun ilk dəfə laboratoriya şəraitində istehsal edilməsi səbəbindən diqqətəlayiqdir.
Hormonlar bədənin bir nahiyəsində hüceyrə tərəfindən ifraz edilən və başqa hüceyrələrə təsir edən “kimyəvi xəbərçilər"dir.
İngilis həkim George Oliver və ingilis fizioloq Edward Sharpey-Schafer adrenalinin təsirləri üzrə ilk sistemli araşdırmalarına 1893-cü ildə başladılar. Həkim Oliver böyrəküstü vəzilərin (böyrəklərin üzərində yerləşən) ekstraktlarını oğluna verərək təcrübələr aparırdı. Təcrübələrin sonunda oğlunun qan damarlarının diametrində dəyişiklik müşahidə edən Oliver Sharpey-Schaferə ekstraktı itə yeritməyi təklif etdi. Təəccüblü şəkildə civəli təzyiqölçən itin qan təzyiqində çox kəskin dəyişiklik göstərdi. Onlar günümüzdə adrenalin və ya epinefrin kimi tanınan böyrəküstü vəzilərin fəal maddəsinin arteriolların (kiçikdiametrli qan damarlarının) daralmasına təsir etdiyini və bunun nəticəsində qan təzyiqinin yüksəldiyini göstərdilər.
Anatom Stephen Carmichael bu inkişaflar barədə bunları söyləmişdir:
"1894-cü ildə müşahidələrini paylaşdıqları nəşrlər hormonal təsirin ilk nümayişidir. Bir çox tarixçi böyrəküstü vəzinin medullası (vəzin mərkəzi) haqqında bu araşdırmanın endokrinologiyada dönüş nöqtəsi olduğuna inanır.”
Yapon kimyaçı və samuray Jokichi Takamine adrenalini təcrid edən və böyük ölçüdə təmizləyən ilk şəxs hesab edilir. Əslində ilk kristal məhsulu köməkçisi əldə etmiş olsa da, Takamine qan təzyiqini artırma prinsipini ehtiva edən patenti ilə varlanmışdır. Adrenalin qanaxmaya nəzarət, kardiologiya, mamalıq və allergiyanın müalicəsində istifadə olunmağa başlandı.
Adrenalin normal bədən funksiyaları üçün həyati əhəmiyyət daşıyır.
- Stressli vaxtlarda daha çox miqdarda ifraz olunur və ürək döyüntüsünün sürətini artıraraq hər döyüntüdə ürək boşluqlarından pompalanan qanın həcmini artırır.
- Beləliklə əzələlərə qan axını artır.
- Adrenalin həmçinin tənəffüs yollarındakı hamar əzələləri boşaldır, periferik arteriyaları və ürəkdən uzaqda olan damarları daraldır.
- Adrenalinlə əlaqəli olaraq əzələlərdə, qaraciyərdə və ürəkdə damar genişlənməsinə (vazodilatasiyaya) diqqət yetirilməsi tövsiyə olunur.
Məqalədəki şəklin izahı: Adrenalin böyrəküstü vəzilər (böyrəklərin üzərində göstərilən solğun narıncı orqanlar) tərəfindən istehsal edilən fenilalanin və tirozin amin turşularından istehsal olunur. Şəklin solunda George Oliver, sağında Edward Albert Sharpey-Schafer görünür. Şəklin ortasında adrenalin molekulu yerləşir.
Məqalədə adı çəkilən tarixi şəxslər: George Oliver (1841–1915), Edward Albert Sharpey-Schafer (doğum soyadı Schäfer; 1850–1935), Jokichi Takamine (1854–1922)
- Əvvəlki mövzu: Osteopatik tibb 1892 – Manipulyativ müalicə
- Növbəti mövzu: Taun 1894 – Tanrının qəzəbi Qara ölüm
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.