Aralıq dənizi həyat tərzi – Ölüm riskini azaldan yalnız qidalanma biçimi deyil!

Bu məqalədə
Yalnız Aralıq dənizi pəhrizinə riayət etməyin deyil, Aralıq dənizi həyat tərzinə bağlılığın da bütün səbəblərə və xərçəngə bağlı ölüm riskini azaltdığı aşkar edilib.
Aralıq dənizi həyat tərzi bütün dünyada sağlam həyatın əsaslarından biri sayılır. Lakin indiyədək bu həyat tərzinin xərçəng və ürək-damar xəstəlikləri kimi ciddi xəstəliklərə təsiri kifayət qədər araşdırılmayıb, daha çox Aralıq dənizi pəhrizinə diqqət yetirilib. Yeni tədqiqat Aralıq dənizi həyat tərzinə uyğunluğun bütün səbəblərə və xərçəngə bağlı ölüm riskini azalda biləcəyini göstərir. Bu, həm səhiyyə mütəxəssisləri, həm də cəmiyyət üçün mühüm tapıntıdır.
Hazırkı tədqiqat 16 avqust 2023-cü ildə Mayo Clinic Proceedings jurnalında Maroto-Rodriguez və komandası tərəfindən dərc olunub.
Tədqiqatın arxa planı
Aralıq dənizi həyat tərzi,
- meyvə, tərəvəz və tam taxıllarla zəngin pəhrizi;
- duz və şəkərin az istehlakını;
- kifayət qədər fiziki aktivliyi,
- istirahəti və
- sosiallaşmanı əhatə edir.
Əvvəlki tədqiqatlar Aralıq dənizi pəhrizi və həyat tərzinin sağlamlıq faydalarını ortaya qoyub, lakin bu pəhrizin yarandığı regiondan kənarda çox az araşdırma aparılıb.
Tədqiqatın metodu və tapıntılar
Tədqiqatçılar Aralıq Dənizi Həyat Tərzi (MEDLIFE) indeksindən istifadə edərək 40-75 yaş arasındakı 110799 nəfərin vərdişlərini və sağlamlıq nəticələrini təhlil etdilər. Tədqiqat Birləşmiş Krallıqda UK Biobank məlumatları ilə aparılıb.
MEDLIFE indeksi şəxslərin
- Aralıq dənizinə uyğun qida istehlakı;
- Aralıq dənizi pəhriz vərdişləri; və
- fiziki aktivliyi, istirahəti, sosial vərdişləri və şənlik vəziyyəti (conviviality) barədə məlumat verir.
Daha yüksək ümumi ballar Aralıq dənizi həyat tərzinə daha yüksək uyğunluğu göstərir.
- 9 illik izləmə müddətində ümumilikdə 4247 xəstə bütün səbəblərdən, 2401 xəstə xərçəngdən, 731 xəstə isə ürək-damar xəstəliklərindən həyatını itirdi.
- Daha yüksək MEDLIFE balı olan xəstələrdə daha aşağı MEDLIFE balı olanlarla müqayisədə bütün səbəblərə bağlı ölüm riskinin 29%, xərçəngə bağlı ölüm riskinin isə 28% daha aşağı olduğu aşkar edildi.
Nəticə
Bu tədqiqat Aralıq dənizi həyat tərzinin yalnız Aralıq dənizi regionuna məxsus olmadığını, müxtəlif mədəni şəraitlərdə də tətbiq oluna biləcəyini göstərir. Yəni Aralıq dənizi pəhrizi və həyat tərzi universal sağlamlıq modeli sayıla bilər. Tədqiqat yerli məhsul və resurslardan istifadə edərək Aralıq dənizi pəhrizinə və həyat tərzinə uyğunlaşmağın bütün səbəblərə və xərçəngə bağlı ölüm riskini azalda biləcəyini ortaya qoyur.
Bu nəticə Aralıq dənizi həyat tərzinin yalnız pəhriz olmadığını, həm də fiziki aktivlik, istirahət və sosial qarşılıqlı əlaqə kimi həyatın digər tərəflərini əhatə etdiyini vurğulayır. Buna görə bu həyat tərzi universal sağlamlıq bələdçisi sayıla və müxtəlif mədəni şəraitlərdə də tətbiq oluna bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.